“Referendumun nəticəsi sülh müqaviləsinin taleyini müəyyən edəcək” -Pərvanə Vəliyeva

“Sülh Sazişi dünyanın bir nömrəli ofisində — ABŞ liderinin şahidliyi ilə paraflanıb. Digər razılaşmalar da onun iştirakı və imzası ilə təsdiqlənən Birgə Bəyannamədə əksini tapıb. İki lider arasında fikir ayrılığı qalmayıb, Ermənistan Azərbaycanın şərtlərini qəbul edib. Prosesin növbəti mərhələsi kimi Ermənistanda parlament seçkilərinin keçirilməsi və ardından səs çoxluğu ilə referendum qərarının qəbul edilməsi planlaşdırılır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Qeyd edək ki, Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün meydança ayırmağa hazırdır. Halbuki tərəflər arasında ciddi fikir ayrılığı qalmayıb və vasitəçiliyə ehtiyac yoxdur. Paşinyan Konstitusiya dəyişikliklərinin gələn ilin iyun seçkilərindən sonra ediləcəyini açıqlayıb. Ekspertlər hesab edir ki, sənəd Moskva deyil, Tbilisi, Ankara, Astana və ya sərhəddə imzalana bilər.

Deputat qeyd edib ki, referendumun nəticəsi tam şəkildə erməni xalqının iradəsindən asılı olacaq.

“Əgər onlar regionda sülh və sabitlik istəyirlərsə, Konstitusiya dəyişikliyinin lehinə səs verməlidirlər. Əgər nəticələr müsbət olarsa, Sülh Müqaviləsinin harada imzalanacağı artıq texniki məsələ olacaq. Rusiyanın bu prosesə qoşulacağı inandırıcı görünmür. İmzalanma mərasiminin əlamətdar olması üçün sənədin TRİPP yolunda, ABŞ prezidentinin iştirakı ilə imzalanması mümkündür. Çünki bu prosesin əsas dəstəkçisi məhz ABŞ administrasiyası olub və yekun mərhələdə də onların iştirakı məntiqli görünür”.

Rəfiqə Namazəliyeva,

AzNews.az