- Siyasi müzakirə
- 16 Oktyabr 21:38
- 1 257
“Cənubi Qafqaz Ukraynadan sonra ikinci geosiyasi episentrə çevrilib” - Azad Məsiyev

“Cənubi Qafqazda baş verən hadisələri dünyada gedən proseslərin tərkib hissəsi kimi qiymətləndirmək və təhlil etmək məqsədəuyğundur. Dünyada nə baş verir? Dünyada superdövlətlərin savaşı gedir. Bu savaşın birinci episentri Ukrayna, ikinci episentri isə Cənubi Qafqazdır. Düzdür, Azərbaycan 44 günlük Vətən savaşından sonra Cənubi Qafqazda yeni bir situasiya və siyasi şərait yaradıb. Bu yeni siyasi situasiya ondan ibarətdir ki, Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqazda nəqliyyat infrastrukturunun açılması məsələsi gündəmə gəlib”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları bölgədə yeni imkanlar açır. Xüsusilə Zəngəzur dəhlizi və TRIPP layihəsi iqtisadi və tranzit əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir. Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, “Ermənistan ərazisində yalnız TRIPP və ya Sülh qovşağı layihəsi var”. Layihənin məzmunu üzərində iş davam edir və proses Vaşinqton sülh bəyannaməsi çərçivəsində aparılır. Ermənistanın rəsmi addımları sülhün institutsional şəkildə qurulmasına töhfə verə bilər.
Siyasi şərhçi qeyd edib ki, xüsusilə Orta Dəhlizin bir qolunu təşkil edən Zəngəzur dəhlizi məsələsi diqqət mərkəzindədir.
"Bu məsələyə gəlincə, ortada iki sənəd mövcuddur. Birincisi 10 noyabr 2020-ci il sənədidir — Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş Naziri tərəfindən imzalanmış saziş. Bu sənədin doqquzuncu bəndinə görə, Zəngəzur dəhlizinə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməlidir. Paşinyan hakimiyyətə gətirildikdən sonra ABŞ-ın təlimatı əsasında bu bəndi gündəmdən çıxarmağa çalışıb və Zəngəzur dəhlizinin Amerikanın nəzarətinə keçməsini təşviq edib. İkincisi isə 8 avqust sənədidir. Bu iki sənədin hüquqi və siyasi çəkiyə görə fərqləri var. 10 noyabr sazişi Azərbaycan və Ermənistan arasında atəşkəs təmin etdi, Azərbaycan Kəlbəcər və Ağdamı döyüşsüz qaytardı. Lakin Ermənistan heç bir vaxt bu sazişi tam icra etmədi və müxtəlif bəhanələrlə doqquzuncu bəndi yerinə yetirmədi. Zəngəzur dəhlizinin açılması üçün əsas şərt Azərbaycanın tələblərinin təmin edilməsidir. Azərbaycanın tələbi odur ki, Naxçıvana vətəndaşlarının təhlükəsiz gediş-gəlişi təmin edilsin, dəhlizin toxunulmazlığı qorunsun. Əgər bu təminatlar verilməzsə, Azərbaycan nəqliyyat və infrastruktur layihələrinin açılmasına mane olacaq və Orta Dəhliz işlək vəziyyətə gəlməyəcək. Alternativ olaraq, Azərbaycan Araz dəhlizini gündəmə gətirə bilər. Paşinyanın siyasəti bölgədə qarşıdurmanın episentrini gücləndirir. 10 noyabr sazişi Rusiya tərəfindən həmişə əsas götürülür, Kreml sənədin gündəmdə olduğunu bəyan edir. Paşinyan isə Zəngəzur dəhlizini ABŞ maraqlarına uyğun olaraq Tramp yolu kimi təqdim edir. Dəhlizin taleyi 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq. Yeni hakimiyyət Zəngəzur dəhlizinin hansı tərəfin nəzarətində olacağını müəyyən edə bilər".
Siyasi şərhçi əlavə edib ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan və Naxçıvan məsələsi ilə məhdudlaşmır:
"O, Çin, Orta Asiya və Avropa arasında yüklərin daşınmasını təmin edə, türk dünyasının iqtisadi inteqrasiyasını dəstəkləyə biləcək strateji dəhlizdir. ABŞ bu dəhlizə nəzarəti öz üstünlüyünə çevirmək və Çinlə iqtisadi rəqabətdə gücünü artırmaq istəyir. Cənubi Qafqazda gərginlik Paşinyanın avantürist siyasətindən qaynaqlanır. O, böyük güclərin maraqlarını uzlaşdırmaq əvəzinə, qarşıdurma yaratmaqla bölgəni gərginləşdirir. Azərbaycan isə həmişə balanslı siyasət apararaq qlobal güclərin maraqlarını uzlaşdırmaq və qarşılıqlı fayda prinsipi ilə hərəkət edir. Ermənistan hələ də sülh sazişini həyata keçirmir və Zəngəzur dəhlizinin açılmasına mane olur. Paşinyan Ermənistan xalqının və dövlətinin maraqlarından çıxış etməyərək, əksinə, Qərbin maraqlarını güdür. Əgər o, erməni xalqının və dövlətinin maraqlarını qorumaq istəsəydi, qonşularla, xüsusilə Azərbaycanla sülh sazişi imzalayardı. Bu, həm Ermənistanın, həm də Cənubi Qafqazın təhlükəsizliyi və iqtisadi inkişafı üçün əsas şərtdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az