- Siyasi müzakirə
- 17 Oktyabr 20:11
- 2 099
Şəhla Cəlilzadə: “Qərb Gürcüstandakı təsir imkanlarını itirmək istəmir”

“ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri bu həftə Cənubi Qafqaz ölkələrinə səfər edərək Bakı, İrəvan və Tiflisdə olub. O, Azərbaycan və Ermənistanda ali siyasi rəhbərliklə görüşlər keçirsə də, Gürcüstan hökumətinin rəhbərliyi onu qəbul etməkdən imtina edib. Bu qərar, xüsusilə Tiflisdəki siyasi gərgin fon nəzərə alınarsa, diqqətçəkəndir. 4 oktyabrda Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər keçirilib və nəticələr etiraz aksiyalarına səbəb olub. Ümumilikdə, ötən ilin oktyabrından etibarən ölkədə siyasi aksiyalar səngimir. 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyasının qalib gəlməsi Qərb-Gürcüstan münasibətlərində yeni gərginlik mərhələsinin başlanmasına səbəb olub. Qərb dairələrinin təzyiqləri artmaqda davam edir. Bu gərginliyin kökündə Qərbin 2003-cü ildə “Qızılgül inqilabı” ilə Gürcüstanda formalaşdırdığı siyasi sistemin və təsir imkanlarının itirilməsi qorxusu dayanır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Tbilisidə etiraz aksiyasında iştirakı və Gürcüstan hökumətinin onunla görüşdən imtina etməsi regionda rezonans doğurub. Bu addım təkcə diplomatik etikaya dair deyil, həm də Gürcüstan–Avropa İttifaqı münasibətlərindəki gərginliyi dərinləşdirən siyasi mesaj kimi qiymətləndirilir.
Siyasi şərhçi qeyd edib ki, Qərb son 20 ildə bölgədə formalaşdırdığı siyasi və iqtisadi təsir imkanlarını itirmək istəmir və bu səbəbdən daha balanslı, qismən Rusiyayönümlü siyasət yürütməyə çalışan qüvvələrin hakim mövqeyə gəlməsini qəbul etmir.
“Bu səbəbdən Gürcüstandakı istənilən etiraz aksiyasında Qərb dövlətlərinin və beynəlxalq təşkilatların nümayəndələrini görmək mümkündür. Xatırladaq ki, 2022-ci ilin martında Gürcüstan Moldova və Ukrayna ilə birlikdə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etmişdi. Lakin Aİ bir neçə ay sonra Moldova və Ukraynaya namizəd statusu verdiyi halda, Gürcüstana bu statusu tanımadı. Bu qərar ölkə daxilində siyasi oriyentasiya ilə bağlı debatları gücləndirdi, hakimiyyət daxilində Rusiyayönümlü qüvvələrin mövqelərini gücləndirdi və nəticədə 2024-cü ilin mayında Aİ tərəfindən kəskin tənqid olunan “xarici agentlər haqqında” qanun, eləcə də LGBT hüquqları ilə bağlı məhdudiyyətlər qəbul edildi. Seçkilərdə “Gürcü Arzusu”nun qələbəsi göstərdi ki, Gürcüstan bundan sonra balanslı siyasət kursunu davam etdirmək, Qərbin Rusiya əleyhinə “platsdarm”ına çevrilməmək niyyətindədir. Gürcüstan rəhbərliyi hesab edir ki, Qərbin 2008-ci ildəki siyasətinin nəticələrini gürcü xalqı ağır şəkildə yaşayıb və bu səhvi təkrarlamaq istəmir. Hakim elita ölkənin suverenliyini “Aİ arzusuna” qurban verməkdən imtina etdi. Qərb dairələrinin bu prosesə təsir cəhdləri də diqqətdən qaçmır. Ötən ilin dekabrında Aİ-nin 8 ölkəsinin (Almaniya, Fransa, Polşa, Litva, Latviya, Estoniya, İsveç və Finlandiya) parlament nümayəndələri Tiflisə gələrək sabiq prezident Zurabişvili ilə birgə ictimaiyyəti “inqilaba” səsləyiblər. Həmçinin 13 xarici işlər naziri Gürcüstan xalqına birgə müraciət ünvanlayaraq ölkədə ikinci “Maydan” yaratmaq cəhdində bulunublar. Bu addımlar Gürcüstanı yeni böhrana və regional qarşıdurmalara sürükləyə bilərdi”.
Siyasi şərhçi əlavə edib ki, gürcü xalqı Avropaya inteqrasiyanı vətəndaş qarşıdurması, xarici müdaxilə və zorakılıqla deyil, sivil dəyərlərə və milli maraqlara əsaslanan bir proses kimi görmək istəyir:
“Bu baxımdan, Avropa İttifaqı yalnız o halda öz ideallarını qoruya bilər ki, üzv və üzv olmaq istəyən dövlətlərin suveren qərarlarına və milli maraqlarına hörmətlə yanaşsın. Nəticə etibarilə, Gürcüstanın mövcud siyasi xətti regional sabitliyin qorunması baxımından müsbət qiymətləndirilsə də, bu, ölkənin Aİ-yə inteqrasiya prosesində müəyyən durğunluğa səbəb olacaq. Onsuz da danışıqların 2028-ci ilə qədər təxirə salınması bu istiqamətdə irəliləyişin yaxın perspektivdə gözlənilmədiyini göstərir. Prosesin gələcək istiqamətini isə gürcü xalqının iradəsi, hökumətlə cəmiyyət arasında “sivil sazişin” möhkəmliyi və Aİ-nin Gürcüstanın legitim seçimlərinə göstərəcəyi hörmət müəyyən edəcək”.
Rəfiqə Namazəliyeva,
AzNews.az