- Siyasi müzakirə
- 17 Oktyabr 20:47
- 2 084
“Rusiya Suriyada məhdud hərbi iştirakla mövqelərini saxlayır” - Zaur İbrahimli

“Moskva Suriyada yaranmış yeni reallıqları qəbul etməyə məcburdur və artıq bu reallıqları faktiki olaraq qəbul edir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Suriyada Bəşər Əsədin devrilməsi prosesində Rusiya ilə müəyyən sövdələşmə əldə olunmuşdu və həmin razılaşmalar nəticəsində Rusiyanın iki hərbi bazası öz mövcudluğunu qoruyub saxladı. Yeni hakimiyyət, Əş-Şəra hökuməti, bu hərbi bazaların toxunulmazlığını təmin etdi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Moskvada Suriyanın yeni dövlət başçısı Əhməd Əş-Şəra ilə görüşüb. Görüşdə iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətləri vurğulanıb. Putin bildirib ki, Rusiya yalnız Suriya xalqının maraqlarını qoruyur. Lakin onun sözləri ziddiyyətli qarşılanıb, çünki Əş-Şəra əvvəllər “terrorçu” adlandırılmışdı. HTŞ-nin Dəməşqi ələ keçirməsi və Bəşər Əsədin Moskvaya qaçmasından sonra Rusiya Suriyada mövqeyini dəyişib. Müzakirələrdə əsas məsələlər Əsədin ekstradisiyası və Rusiyanın Tartus və Hmeymim bazalarındakı hərbi mövcudluğu olub. Analitiklər görüşü iki ölkə münasibətlərində yeni mərhələ kimi qiymətləndirirlər.
Siyasi şərhçi qeyd edib ki, hazırda Suriyada proseslər müəyyən sabitlik əldə etdikdən sonra Əş-Şəra hökumətinin Kreml ilə növbəti razılaşmalarının şahidi oluruq.
"Bu sövdələşmənin iki əsas komponenti var. Birincisi, Rusiyanın iştirakı müəyyən dərəcədə regional maraqları, xüsusilə də İsrailin ambisiyalarını tarazlaşdırmaq imkanı yaradır. Yeni Suriya hökuməti bu balansdan öz xeyrinə istifadə etməyə çalışır. İkinci komponent isə Rusiyanın hərbi iştirakını qorumaqla Əş-Şəra hökumətinin Suriya aid vəsaitlərin heç olmasa bir hissəsini geri qaytarmasına nail olmaqdır. Danışıqlardan da göründüyü kimi, bu istiqamətdə müəyyən razılaşmalar əldə olunub. Həm Moskva, həm də Əş-Şəra hökuməti mövcud reallıqlardan öz maraqları naminə yararlanmağa çalışır. Digər mühüm məqam Rusiyanın hərbi iştirakının davam etməsinin Türkiyənin Suriya siyasəti ilə əlaqəsidir. Bu proseslər çox güman ki, Ankara ilə koordinasiyalı şəkildə həyata keçirilir. Rusiya–Suriya danışıqları və mümkün sövdələşmələr əvvəlcədən Türkiyə ilə razılaşdırılır. Ankara da Rusiyanın regionda hərbi varlığını maraqlar balansını qorumaq vasitəsi kimi görür. Rusiyanın hərbi iştirakı həm Moskva, həm də Ankara üçün müəyyən manevr imkanları yaradır. Eyni zamanda məlumdur ki, Rusiya Suriyada böyük hərbi potensial saxlaya bilmir. Onun əsas resursları Rusiya–Ukrayna müharibəsinə yönəlib və yaxın-orta perspektivdə Suriyada genişmiqyaslı hərbi mövcudluğun bərpası real görünmür. Bu səbəbdən Rusiyanın məhdud hərbi iştirakı nə Suriya, nə də Türkiyə üçün xüsusi problem yaratmır, əksinə, tərəflər bu vəziyyətdən maksimum faydalanmağa çalışırlar. Rusiya üçün Suriyadakı hərbi bazalar regionda mövqelərini qorumaq və proseslərdə minimum səviyyədə iştirakını saxlamaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla belə, Moskvanın bölgədəki təsir imkanları əvvəlki illərlə müqayisədə xeyli azalıb. Artıq Rusiya yalnız keçmiş əlaqələrinə və bəzi iqtisadi-siyasi razılaşmalara söykənərək bir sıra ölkələrin xarici siyasətinə müəyyən dərəcədə təsir göstərə bilir".
Siyasi şərhçi əlavə edib ki, hazırkı şəraitdə Rusiyanı bölgədə ciddi aktor kimi qiymətləndirmək çətindir:
"Lakin məhdud hərbi iştirak həm Ankara, həm də Dəməşq üçün regionda güc balansını qorumaq baxımından faydalı vasitədir. Rusiya isə bu vəziyyəti daha çox uzaq perspektivdəki maraqları üçün saxlayır. Moskva yaxşı anlayır ki, Ukrayna müharibəsi başa çatdıqdan və resursları azad olduqdan sonra onun regional siyasətdə yenidən aktivləşməsi mümkün olacaq. O zaman Suriyadakı hərbi mövcudluq Rusiya üçün əlavə üstünlük yaradacaq. Buna görə də Moskva hazırda Suriyanın təklif etdiyi şərtlərlə razılaşaraq gələcək strateji mənfəətini qorumağa çalışır".
Rəfiqə Namazəliyeva,
AzNews.az