Son iki ayda 129 nəfər edam edilib

İranda 8 nəfər edam edilib. APA-nın məlumatına görə, onlardan 6 nəfəri Yəzd, digər 2 nəfəri isə Çahar-Mahal və Bəxtiyari vilayətlərində dara çəkiliblər.

Yəzd vilayətində edam edilən məhbuslardan beşi narkotik maddələrin qaçaqmalçılığında, biri isə qətldə günahlandırılır. Onların ad və soyadları açıqlanmayıb. Ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra oktyabrın 3-də səhər saatlarında Yəzd şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Çahar-Mahal və Bəxtiyari vilayətində isə dara çəkilən məhbuslardan yalnız birinin adını və ittihamını dəqiqləşdirmək mümkün olub. Behnam Kərimian qətldə günahlandırılıb. Rəsmi qurumlar və KİV bu edam hökmünün icrası barədə heç bir məlumat dərc etməyib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra oktyabrın 2-də səhər saatlarında Şəhrikord şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Qeyd edək ki, Həsən Ruhani avqustun 4-də prezident kimi rəsmi fəaliyyətinə başlayandan indiyədək İranda 129 nəfər edam edilib. Onlardan bir nəfəri azyaşlı, yeddisi qadındır. Edamlardan 17-si ictimaiyyətin gözü qarşısında həyata keçirilib, 51 nəfər isə müxtəlif həbsxanalarda gizli şəkildə dara çəkilib. Ümumiyyətlə, Həsən Ruhaninin prezident kimi fəaliyyət göstərdiyi iki ay ərzində edamların 42%-i gizli şəkildə həyata keçirilib. Beləliklə, iki ay müddətində hər günə, demək olar, 2 nəfər dara çəkilib.

AzNews.az