Yanukoviç Aİ ilə saziş bağlayacaq

Ukrayna Prezidenti Viktor Yanukoviç Şərq Tərəfdaşlığı Sammitinin plenar iclasında yaxın gələcəkdə Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında saziş imzalayacağını vəd edib.

V.Yanukoviç bildirib ki, Ukrayna və Aİ assosiasiya haqqında sazişin bağlanmasının yekun mərhələsinə qədəm qoyublar:

"Əminəm ki, bu, Ukrayna dövlətinin inkişafında yeni səhifə açacaq, Aİ və təşkilatın üzv dövlətləri ilə olan münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə çıxaracaq. Mən Ukraynanın yaxın perspektivdə assosiasiya haqqında sazişi imzalamaq niyyətini təsdiq edirəm".

Prezidentin sözlərinə görə, sazişi imzalamaq üçün bəzi həlledici addımlar atmaq lazımdır: "Əminəm ki, Ukrayna və Aİ bu mərhələni layiqincə keçəcəklər. Əsas məqsəd Ukrayna iqtisadiyyatının yeni reallıqlara uyğunlaşdırılmasına yöndəldilmiş birgə tədbilər proqramının həyata keçirilməsindən ibarət olmalıdır.

Bu, Ukraynaya iqtisadi yardım prpqramı üzərində birgə işləməyi tələb edir. Birgə iş sazişin imzalanmasına hazırlığı həyata keçirməyə imkan yaradacaq".

Onun sözlərinə görə, gələcək inkişaf baxımından Ukrayna üçün strateji istiqamət Avropa olaraq qalır: "Sazişin bağlanılması prosesində məcburi fasilə Ukrayna üçün həddən artıq vacib olan avrointeqrasiya islahatlarının dayandırılması anlamına gəlmir".
Qeyd edək ki, noyabrın 29-da Vilnüsdə Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ arasında sazişlərin imzalanması mərasimi olub. Ukrayna assosiasiya haqqında sazişi imzalamayıb.(trend)