Gürcüstanda seçki anşlaqı yaşanır

Məntəqələrdə izdihamdır, bülleten çatışmazlığı var



Gürcüstanda keçirilən parlament seçkiləri anşlaqla keçir. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, məntəqələrdə insan izdihamı müşahidə edilir. Eyni zamanda hər hansı xoşagəlməz hal yaşanmadığı bildirilir.
Verilən məlumata görə, Saakaşvilinin əsas rəqibi hələ ki, heç bir məntəqədə səs verməyib. Ivanişvilinin həyat yoldaşı Gürcüstan vətəndaşı olmasa da seçkiləri yaxından izləyir. Saakaşvili isə, səhər saatlarında seçki məntəqəsinə həyat yoldaşı və kiçik oğlu ilə bərabər gəlib.

O, səs verdikdən sonra jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, bu seçkilər Gürcüstanın gələcək taleyi baxımından çox önəmlidir. "Bu seçkilər bizim üçün çox vacibdir və bizə gələcəyə doğru addımlamağa, heç vaxt geriyə qayıtmamağa imkan verəcək. Bizə düzgün seçim lazımdır ki, gələcək nəsillərimiz xoşbəxt yaşaya bilsin. Mən vətəndaş aktivliyinə, seçicilərin fəallığına əminəm".

Bununla belə Rusiya mətbuatında iddia edilir ki, namizədləri Qərb seçəcək. Bu fikirdə bəzi gürcü və rus ekspertlər həmrəydirlər. Seçkilər və Siyasi Texnologiyalar mərkəzinin direktoru Kaxi Kaxişvili bildirib ki, bu seçkilər çox çətin olacaq. "Seçki kompaniyasını nəzərə alsaq, bu seçkilər Gürcüstan üçün asan olmayacaq. Seçici fikri haçalanıb. Cəmiyyətdə aktivlik var. Hər iki cəbhə aksiyalar yolu ilə öz güclərini göstərməyə çalışırlar".

Ekspert Qela Vacadze isə bildirib ki, seçkinin favoriti kimi Saakaşvilinin partiyasını görür. O, həmçinin bildirib ki, hətta Saakvilinin partiyası uduzsa belə, hakimiyyəti əldən vermək istəməyəcək. Vasadce eyni zamanda koalisiya yaranacağını da istisna etməyib və bildirib ki, koalisiyada müxtəlif partiyalar ola biləcəyindən nəticələr Qərbi də qane etməyə bilər.

Hərbi ekspertlər isə daha çox narahat görünürlər. Onlar hesab edirlər ki, indiki hakimiyyət ABŞ-a daha çox güzəştə hazırdır və hətta Gürcüstanda hərbi baza belə yerləşdirə bilər.

Sadiq Musa
AzNews.az