"Ya gərək qalmaqalıyla, ya “lyubovnikinin” maşını ilə, ya klipiylə, ya da başqa şeylərlə…" "Ya gərək qalmaqalıyla, ya “lyubovnikinin” maşını ilə, ya klipiylə, ya da başqa şeylərlə…"

Müğənnilərimiz niyə soyunur? – SORĞU

"Ya gərək qalmaqalıyla, ya “lyubovnikinin” maşını ilə, ya klipiylə, ya da başqa şeylərlə…"



Hər zaman müğənnilərimizin səhnə, nitq, geyim və başqa bu kimi mədəniyyət amilləri qocaman sənətçilərin qınağına çevrilib. Məsələ burasındadır ki, bəzi müğənnilər geyimlərinə nəzər yetirməyərək, tamaşaçıların zövqünə təsir edirlər. Bu da sənətçilər tərəfindən birmənalı qarşılanmır. Elə buna görə də "Açıq-saçıq geyimləriylə gündəmdə qalmağı bacaran müğənnilər musiqimizin inkişafına təsir edə bilər" sualı ilə bəzi sənətçilərimizə müraciət edib, onların fikirlərini öyrənməyə çalışdıq.

Müğənni Əli Mirəliyev:

"Müğənninin göstəricisi olmalıdır. Əgər müğənni zəif oxuyandırsa, nə ilə performans göstərməlidir və nə ilə yadda qalmalıdır? Ya gərək qalmaqalıyla, ya "lyubovnikinin" maşını ilə, ya klipiylə, ya da başqa şeylərlə… Oxumaq kənarda qalıb! Zəif oxuyanların guya, gözəl fikirləri var. Ona görə də açıq-saçıq geyinirlər və hər şeyə əl atırlar ki, varlansınlar-tullansınlar, sonda da özünə "lyubovnik" tapsınlar. Adını da sponsor qoysun. Musiqimizi də pis günə qoyublar. Musiqimiz yetim qalıb. Mahnı janrı ölüb və öldürüblər. "Ay qız keçmə, bizim məhhələdən", "Can-cana", "Amma anam bilməsin" və başqa gic-gic mahnılar populyarıydı. Yaşadılar? Yox, yaşa bilmədilər. Elə bu mahnılardır ki, xalqımız geriyə aparır. Bir xalqı məhv etmək üçün onun dilini və musiqisini əlindən almaq lazımdır. Vəssalam, qurtardı-bitdi. Həmin xalq məhv oldu".

Əməkdar artist, müğənni Baloğlan Əşrəfov:

"Açıq-saçıqlıq müvəqqəti, keçici hallardı. Əgər müğənninin sənəti varsa, bununla da yadda qalacaq. Artıq dövrümüzün öz xüsusiyyətləri dəyişib. Hiss olunur ki, təbii musiqiyə daha çox üstünlük verilir. Müəyyən meyarlar var ki, onlar aradan çıxarılır. Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova və Zeynəb Xanlarova kimi sənətçilər açıq-saçıq geyimlərdə olmayıblar ki, bu gün də onların sənəti yaşayır. Amma həmin dövrün öz ifaçıları olub ki, onların da müəyyən vaxta qədər səsi çıxırdı. Hazırda onlar unudulublar. Heç kim onları tanımır. Belə bir vəziyyətdə musiqi ikinci planda qalır. Tamaşaçı da fikrini ifaya yönəldə bilmir. Xalqımız da avam deyil ki, onlara inansın. Çılpaqlığın hesabına 4-5 il gündəmdə qalmaq olar. Elə istedadlı adamlar var ki, həm çılapqlığı ilə, həm də ifasıyla yadda qalırlar".

Əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov:

"Necə istəyirsən geyin, nə istəyirsənsə et, amma səs olmayandan sonra faydasız olacaq. Əsas odur ki, sən oxuduğun əsərin keyfiyyəti olsun. Və həmin əsərlə səhnədə nə göstərə biləcəksən? Təbii ki, Afrika ölkələrinin, Braziliyanın və başqa ölkələrin özünəməxsus paltarları var. Bizim də öz adət-ənənəmiz var. Məsələn, bu günə qədər Şövkət Ələkbərovanın sənətindən danışırlar. Çünki Şövkət xanımın sənəti, səsi, mədəniyyəti var. Qaldı ki, necə geyindinsə, nə etdinsə, bu, onların özlərinə qalan məsələdir".

Fuad Mədətov
AzNews.az