Qarabağ məsələsində Azərbaycanın güzəşt limiti bitib. Qarabağ məsələsində Azərbaycanın güzəşt limiti bitib.

Lavrovun açıqlamasına - Bakıdan və İrəvandan cavab

Qarabağ məsələsində Azərbaycanın güzəşt limiti bitib.


AzNews.az xəbər verir ki, bu barədə ans press-ə müsahibəsində Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun münaqişənin həlli ilə bağlı anlaşmanın tam hazır olması barədə söylədiyi fikiriləri şərh edən politoloq deyib: "Cəbhədə Azərbaycan ordusunun son günlərdə qazandığı qələbə, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 5 qətnaməsi artıq Azərbaycanın diplomatik diqtə dilində danışmasına imkan verir".

Sergey Lavrovun haqqında danışdığı anlaşmanı şərh edən erməni tərəfi Kazan prinsipləri kimi təqdim etməyə çalışıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin başçısı Tiqran Balayan 2011-ci il iyunun 24-də Kazanda tərəflərə təqdim edilmiş sənədin Azərbaycan tərəfindən rədd edildiyini iddia edib. Tiqran Balayan iddia edib ki, Lavrov bu barədə 2015-ci ilin yekunları ilə bağlı etdiyi çıxışında bildirib. Amma Lavrovun Rusiya XİN-in saytında yerləşdirilmiş çıxışında belə bior ifadə yoxdur. Yəni sayt Ermənistan XİN-in rəsmisinin yalan danışdığını ortaya çıxarır.



Diqqətlə araşdırdıqda Tiqran Balayanın ümumiyyətlə Lavrovun təqdim etdiyi variant kimi Kazan sənədini qələmə verməsinin də yalan olduğunu anlamaq mümkündür. Qabil Hüseynli Kazanda təqdim edilən prinsiplərin indiki şərait üçün gündəmdə olmadığını bildirir: "Aradan 5 ilə yaxın müddət keçib. Azərbaycan ordusu real üstünlük nümayiş etdirib. Artıq vəziyyət dəyişib. Əgər Azərbaycan 5 il qabaq bu sənəddən imtina edibsə, bu gün hansı məntiqlə həmin sənədə qol çəkməyə razılıq verəcək?".

Rusiyanın o vaxtkı təklifinə görə, Madrid prinsiplərindəki mərhələli həll variantı Kazan sənədinin əsasında həyata keçirilməli imiş. Amma Qabil Hüseynli artıq mərhələli həllin həmin variantının Azərbaycan üçün əlverişsiz olmasını bildirir: "Mərhələli həllin həmin variantına görə, Ermənistan ordusu əvvəl Azərbaycanın 5, daha sonra isə 2 işğal edilmiş rayonunu tərk etməli idi. Amma biz indi tələb etməliyik ki, Ermənistan ordusu birbaşa 7 rayonu tərk etsin. Biz artıq bu məsələdə beynəlxalq dəstək qazanmağa başlamışıq. Qərbin aparıcı gücləri ABŞ və Almaniya münaqişənin Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu bildirir".



Əslində, münaqişənin həlli üzrə 2007-ci ildə İspaniyanın Madrid şəhərində irəli sürülmüş prinsipləri Ermənistanın indiki rəhbərliyinin qəbul edəcəyi inandırıcı görünmür. Prinsiplərə görə,

Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. Madrid variantını irəli sürən ATƏT ölkələri həll zamanı Helsinki xartiyasının əsas prinsiplərindən biri olan ərazi bütövlüyü prinsipinə riayət ediləcəyini bildirirlər. Yəni Dağlıq Qarabağın statusu Azərbaycan sərhədləri daxilində müəyyən olunacaq.

Bu isə, təbii ki, işğal edilmiş Azərbaycan rayonlarını "azad edilmiş ərazilər" kimi təqdim edən Ermənistan siyasi elitasının ritorik vəsvəsə yaradıcılığına uyğun gəlmir. Azərbaycanlıları, ümumiyyətlə bütün türkləri az qala yadplanetli elan edən paranoik erməni siyasətçiləri iddia edir ki, onlar Yer planetində türklərin yaşadığı bütün əraziləri ələ keçirə bilərlər və dünya bürliyi onların bu siyasi paranoyasını qəhrəmanlıq kimi qəbul edərək alqışlamalıdır. Bu cür yanaşma Serc Sarkisyanın dünən Berlində etdiyi çıxışda da özünü göstərmişdi. Erməni lider Şərqi Prussiya kimi tarixi ərazisini Polşa və Rusiyadan geri almağı ağlına belə gətirməyən, beynəlxalq hüquqa həmişə hörmət edən alman mediası qarşısında "Qarabağ xalqının" müstəmləkə istismarına qarşı apardığı "mübarizə"dən danışıb. Təbii ki, alman jurnalistlər onun bu neo-marksist təfəkkürünün primitiv səviyyəsinə enə bilməyiblər və heç nə anlamayıblar.



Yəni Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarması üçün müharibədən başqa yolu olmadığı açıqca görünür. İstənilən halda, indiki erməni rəhbərliyi işğal edilmiş heç bir rayonu sülh müqaviləsi ilə Azərbaycana qaytarmaq barədə düşünmür, ən yaxşı halda, bunu gələcək nəsillərin etməsini istəyir. Belə olan halda, Azərbaycan öz hərbi qüdrətini artırmalı və ordusunu Qarabağı ildırım sürətli müharibə ilə azad edəcək qabiliyyətə gətirməlidir. Bizim başqa yolumuz yoxdur.