Elxan Şahinoğlu Elxan Şahinoğlu

Qarabağsız 2012, 2013...

Elxan Şahinoğlu

Bu il ATƏT-in Minsk Qrupunun yaranmasından 20 il ötdü. Əvvəlcə Minsk Qrupunun bir sədri var idi, bu vəzifəyə gah isveçli, gah da italyan diplomat təyin olunardı. 1990-cı illərin ortalarından formatı dəyişdirməyə qərar verdilər. Bu dəfə bir sədrin əvəzinə üç həmsədr gəldi.

ABŞ və Rusiya ilk iki həmsədr oldu, Avropadan da hansısa dövlət təyin olunmalıydı. Azərbaycan Almaniyanı istəyirdi. Ancaq bizimlə hesablaşan kimdir? ATƏT-in o zamankı sədri Bakı ilə məsləhətləşmədən Fransanı üçüncü həmsədr təyin etdi. Odur, budur, bu 3 həmsədr nə qədər çalışsalar da, münaqişənin həllində irəliləyiş əldə edə bilmirlər. Bu müddətdə həmsədr vəzifəsində 3 ölkədən onlarla diplomat dəyişib, dəyişməyən bircə nəticədir.

Həmsədlər bu illərdə bütün mümkün olan planları ortaya qoyublar və sonda gəlib çıxıblar mərhələli həll planına. Söhbət "Madrid prinsiplərindən" gedir. Başqa cür ola da bilməz. Münaqişənin həlli addım-addım həyata keçirilməlidir. Birinci addım - işğal altındakı torpaqlar boşaldılmalıdır, ikinci addım – qaçqınlar geri qayıtmalıdırlar, üçüncü addım – Azərbaycanı Ermənistan və Dağlıq Qarabağla birləşdirən nəqliyyat xətləri açılmalıdır və s.

Bu plan hələ ki, havada qalıb. Çünki, Ermənistan birinci və ikinci addımı atmadan bölgənin statusunu müəyyənləşdirəcək referendum tarixinin bəri başdan müəyyənləşdirilməsini istəyir ki, bu da mümkün deyil.
Buna baxmayaraq, ATƏT-in Minsk Qrupunun hazırki həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Robert Bradtkenin (ABŞ) bölgəyə noyabrın sonlarındakı son səfərləri zamanı onlar həll prosesinə yenilik gətirməyə çalışdılar.
Həmsədrlərin Azərbaycan və Ermənistana səfərlərinin yekunlarıyla bağlı ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatında bir məqam diqqəti cəlb edirdi. Bəyanatda həmsədrlərin bölgədə keçirdikləri görüşlərlə yanaşı, vasitəçilərin xüsusi olaraq işğal altındakı Zəniglan və Cəbrayıl rayonlarını ziyarət etdikləri göstərilirdi. Bu təsadüfi deyildi. Həmsədrlər adətən səfələrində Bakı, İrəvan və Xankəndi ilə kifayətlənirlər, onların işğal altındakı torpaqlara səfərləri nadir hallarda olur. Həmsədrlərin səfər proqramına bu dəfə Zəngilan və Cəbrayılın salınmasının arxasında görünür, onların bölgəyə gəlmədən öncə "bizim yeni ideyamız var" ifadəsi dayanırdı.

Həmsədrlər 3-4 il öncə ilkin olaraq Azərbaycanın işğal altındakı iki rayonunun azad olunması təklifini gündəmə gətirmişdilər. O zaman söhbət Ağdam və Füzulidən gedirdi. Vasitəçilər işğal altındakı rayonların boşaldılmasıyla bağlı qrafik tərtib etmişdilər. Bu qrafikə uyğun olaraq ermənilər birinci mərhələdə qeyd-şərtsiz iki rayonu azad etməliydilər. Bundan sonra isə Azərbaycan və Türkiyə Ermənistan ətrafında mühasirənin götürülməsi istiqamətində qarşılıqlı addımlar atmalıydılar. Ermənilər Ağdam və Füzulini qeyd-şərtsiz azad etsəydilər, Türkiyə İsveçrədə imzalanan protokolları da ratifikasiya etməyə hazır idi.

Ancaq ermənilər son anda Ağdam və Füzulini azad etməkdən çəkindilər. Çünki hər ikisi Dağlıq Qarabağa bitişik strateji rayonlardır və separatçılar bunu özləri üçün təhlükəli hesab etdilər. Zəngilan və Cəbrayıl isə Xankəndidən bir qədər uzaq məsafədədir, aralarında da başqa işğal olunmuş rayonlar – Qubadlı və Xocavənd yerləşir. Bu isə ermənilər üçün Ağdam və Füzuli qədər təhlükəli sayılmamalıdır. Buna görə də böyük ehtimalla həmsədrlər bu dəfə Ağdam və Füzulini Zəngilan və Cəbrayılla əvəz etməyi lazım bildilər. Ancaq bu iki rayon boşaldılsa belə, bizim Zəngilan və Cəbrayıla birbaşa çıxışımız olmayacaq. Bunun üçün Füzuli də işğaldan azad olunmalıdır ki, zolaq yaransın və qaçqınlar rahat Zəngilan və Cəbrayıla geri dönə bilsinlər. Demək, planda Zəngilan və Cəbrayılın ardından Füzulinin də azad edilməsi tarixi göstərilməliydi.

Həmsədlərin budəfəki səfərlərinin də nəticəsiz qalması ondan xəbər verir ki, ermənilər hər hansı iki rayonun boşaldılması qarşılığında nəsə güzəşt qoparmağa, təhlükəsizlik və ya referendum tarixi kimi təminatlar almağa çalışırlar. Belə bir tələbə isə Azərbaycan razılaşa bilməz. Təhlükəsizlik və ya tarixi bəlli olmayan referendum üçün Dağlıq Qarabağ ətrafındakı iki deyil, bütün rayonların boşaldılması vacibdir. Sadəcə erməni separatçıları iki rayonu qeyd-şərtsiz boşaltsalar, bu sülhün bərqərarı və bölgədə sağlam atmosferin yaranması üçün ilk addım olardı.
Göründüyü kimi, İrəvan qeyd-şərtsiz iki rayonu boşaltmağa hazır deyil. Birincisi, bunun üçün Moskvanın xeyir-duası alınmalıdır ki, Kreml əzəldən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə maraq göstəmir. İkincisi, İrəvan azğın erməni lobbisindən qorxur. Üşüncüsü isə, hazırki dövlət başçısı Serj Sərkisyan bir neçə aydan sonra prezident seçkisi kampaniyasına qoşulacaq. Sərkisyanın seçkiqabağı yarış zamanı Qarabağla bağlı ciddi addım atacağını isə zənn etmirəm. Ümumiyyətlə, 2013-cü ildə həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkisi keçiriləcəyindən gələn ili də Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından artıq indidən itirilmiş il hesab etmək olar.