“Lüks həyata alışmış generallar bu ordunu necə qələbəyə apara bilər ki?” “Lüks həyata alışmış generallar bu ordunu necə qələbəyə apara bilər ki?”

Fəhmin Hacıyev: “Mütləq qayıdacağam” – Müsahibə

“Lüks həyata alışmış generallar bu ordunu necə qələbəyə apara bilər ki?”


"Ankaradan olan bir dostumla ortaq biznesimiz var"

AzNews.az-ın suallarını 1992-ci ildə Daxili Qoşunların baş komandanı olmuş və hazırda Türkiyədə yaşayan Fəhmin Hacıyev cavablandırıb:

- Fəhmin bəy, hazırda nə işlə məşgulsunuz?

-Vətəndən kənarda yaşayıram. Ankaradan olan bir dostumla ortaq biznesimiz var. Mərkəzi ofisimiz Ankarada yerləşir. Mən isə əsasən Ukraynadakı işləri idarə edirəm. Demək olar ki, ayın yarısını Ukraynada keçirirəm.

- Şirkətinizin fəaliyyəti barədə məlumat versəydiniz yaxşı olardı...

- Şirkət rəsmi dövlət qeydiyyatından keçmiş və işləmək üçün lazımi lisenziyalara malik qurumdur. Əsas işimiz dünyada olan nadir tibbi daşların idxalı, topdan və pərakəndə satışı, mənzil və evlərin interyerində onların tətbiqidir. Bunun üçün lazım olan texniki bazamız, mal ehtiyatımız və işçi qüvvəmiz vardır.

- Qardaş ölkə olsa da Türkiyədə yaşamaq çətin deyil ki?

- Türkiyə mənim üçün ikinci vətən oldu. Türkiyədə yaşamaqdan ailəliklə məmnunuq. Türk və islam əxlaqından doğan xeyirxahlıq və xoşniyyətlilik insanı gözəl işlərə sövq edir. Burada Azərbaycandan fərqli olaraq dövlət və bələdiyyə orqanları insanlara xidmət edir. Bütün bunlara baxmayaraq vətən üçün, dostlar və doğmalar üçün darıxmamaq da olmur. Bəzən Azərbaycandakı vəziyyəti düşündükdə gözləri yaşarır.

- Azərbaycana qayıtmağı planlaşdırırsınızmı?

- Azərbaycan davamız davam edir və mütləq qayıdacağam.

- "Mühacir hərəkatı" yaratmışdınız. Hazırda hərəkatın fəaliyyətində işlər nə yerdədir, bunu zəruri edən nə idi?

- Milli Azadlıq Hərəkatına qoşulanda ilk olaraq "Əsgər hərakatı" yaratmışdım və uğurlu olmuşdu. "Mühacir hərəkatı"nın isə elan edilməsinə baxmayaraq fəaliyyəti olmadı.

- Azərbaycandakı prosesləri izləyirsinizmi, fikirləriniz bilmək maraqlı olardı...

- Hər sabah ilk işim Azərbaycan mətbuatını oxumaqdır. Hərdən Türkiyə mətbuatında Azərbaycanla bağlı analitik yazılarla da çıxış edirəm. Etiraf etməliyik ki, 1998-ci ildən etibarən Azərbaycan xalqı dəyişiklik istədiyini açıq ortaya qoyub. Təəssüf ki, keçən müddət ərzində heç bir siyasi lider xalqımızı qələbəyə apara bilməyib. Çünki xalqın iradəsinin bütün xarici və daxili güclərdən daha önəmli olduğunu cəmiyyətə inandıra bilməyiblər. Bu il isə fərqli mənzərə müşahidə olunmaqdadır. İnanıram ki, bu il Azərbaycanda ciddi və demokratik dəyişikliklərin başlanğıc ili olacaq. Və nəhayət xalq olaraq biz də xaricdə qürurla danışa biləcəyik.

- Əraziləri işğalda olan ölkə kimi ordumuzun durumunu necə xarakterizə edərdiniz?

- Normal dövlətdə cinayət törətmiş adam cəzaya məhkum edilir. Azərbaycanda isə idarəetmə sistemi elə qurulub ki, insanlar cinayət törətməyə məhkum edilirlər. Ordumuzda da vəziyyət eynidir. Müasir silahlarımız var, bu çox gözəl. Amma milyonlarla dəyərində villaları olan və lüks həyata alışmış generallar bu ordunu necə qələbəyə apara bilər ki?

- Əsgər ölümləri və bir sıra narazılıq doğuran hallar hərbi hissələrdə həmişə baş versə də son dövrlər etirazlar kütləviləşib. Sizin buna münasibətiniz necədir?

- Arxa cəbhədə əsgərlərin müəmmalı ölümü yolverilməz haldır və münasibətim çox pisdir. O ki, qaldı etirazlara, bu, ümumi xalq etirazıdır və bunun qarşısını heç kimi ala bilməyəcək.

- Bəziləri güman edirlər ki, bu etirazlar süni olaraq şişirdilir, sifarişli etiraz aksiyaları təşkil olunur. Sizin qənaətiniz necədir?

- Nəzərdə tutduğunuz bəzilərinin fikirlərinin heç əhəmiyyəti yoxdur. Bu xalq artıq on illər bundan öncəki xalq deyil və nə etdiyini yaxşı bilir. Mən haqsızlığa etiraz edənlərin yanındayam.
Mənim fikirimcə, bu il və sonrakı bir neçə ilin gərgin olacağı gözləniləndir. Seçki ilinin daxili gərginliyindən başqa seçki ilə əlaqəli olan xarici güclərin də gərginlikdə maraqlı olacaqları gözlənilir. Bütün hallarda seçkinin nəticələri xalqın iradəsinə tabe edilməlidir.
Bundan başqa dünyada və regionda gedən geopolitik proseslər də müəyyən gərginliklər yaradacaq. Türkiyədə İslam fəlsəfəsinə dayanan demokratiyanın qələbə çalması, ardınca ərəb inqilabları və Avropa demokratiyasının tənəzzülə uğramağa başlaması dünyada yeni siyasi eranın başladığına işarədir. Bu proses davam etdikcə də gərginliklər müşahidə olunacaq.

- Gözlənilməz arzuolunmayan situasiya ortaya çıxa bilərmi?

- Buna cəhdlərin olunacağı istisna deyil, uğur qazanacağı isə mümküsüzdür.

- Sizcə, Gürcüstan prezidentinin xəbərdarlığı nə dərəcədə əsaslıdır?

- Gürcüstan prezidentini çıxışını dövlət adamının çıxışı hesab etmirəm. Eyni zamanda düşünürəm ki, bu, cənab İlham Əliyevlə razılaşdırılıb. Burada ən önəmli olan odur ki, M. Saakaşvili də hakimiyyət dəyişikliyinin olacağını dedi.

- Belə bir məlumat vardı ki, siz AXCP-nin adından Moskvada "Milyarderlər İttifaqı", konkret olaraq Söyün Sadıqovla görüşmüsünüz... Bu ittifaqla əlaqə qurmaq zəruridirmi?

- Bizim məqsədimiz xüsusi olaraq Söyün Sadıqovla görüşmək deyildi. Proqramın məqsədi Rusiya ilə Türkiyədə olan kiçik və orta bizneslər arasında əlaqələrin qurulması idi. Mən də orada yaşayan azərbaycanlıların rifahı naminə Rusiyada yaşayan azərbaycanlılarla təmasların qurulmasına çalışdım. Görüşdüyümüz adamların çoxunun nə AzerRossla, nə S.Sadıqovla heç bir əlaqəsi yoxdur. Bu görüşün də AXCP-yə heç bir aidiyyəti və əlaqəsi yoxdur. AXCP siyasi təşkilatdır. Mənim Moskvaya səfərim isə işgüzar xarakterli və Azərbaycana heç bir aidiyyəti olmayan səfərdir.
Mənim şəxsi fikrimə görə harada yaşamasından və mövqeyindən asılı olmayaraq xaricdə yaşayan hər bir azərbaycanlı ilə görüş zəruridir. Bu, millətimizin güclü olmasına xidmət edərdi.

-Bəs AXCP-nin görüş barədə mövqeyi necədir? Belə bir fikir gəzirdi ki, Əli Kərimliyə avtomobili də həmin ittifaqdakılar verib...

- AXCP siyasi təşkilat olaraq AzərrRoss-la əməkdaşlıq barədə qərarı olmadığından mən də AzerRossla AXCP adından görüşməmişəm və əvvəlcədən AXCP rəhbərliyinə məlumat verməmişəm.
Əvvəla, hörmətli Ə. Kərimlinin maşını deyildiyi və hallandırıldığı kimi 55 minlik yox, 25 minlik maşındır və Azərbaycanda bu qiymətə hər bir orta imkanı olan vətəndaş maşın ala bilir. İkincisi, Əli bəyin maşın almasında nə qəbahət var ki, bunu bu qədər şişirdirlər? Maşının Əli bəyə Moskvadan hədiyyə edilməsi barədə fikirlərin əsası yoxdur.


Gültəkin Qəhrəmanlı
AzNews.az