- Köhnə - Siyasət
- 4 Aprel 2018 09:53
- 6 476
Türkiyə NATO-nu tərk edərmi?
Sual diqqətli oxucuya ilk baxışda yersiz də görünə bilər. Amma bir çox detalları diqqətlə götür-qoy edəndə, Türkiyənin daxili siyasi atmosferindəki bəzi simptomları ciddi şəkildə araşdıranda, Rusiya-Ankara münasibətlərinin günbəgün intensivləşməsini nəzərə alanda, ən başlıcası da bəzi rusiyalı siyasi xadimlərin bu xüsusdakı bəyanatlarını yada salanda görürsən ki, o, heç də predmetsiz deyilidir.
Bəli, müxtəlif vaxtlarda V.Jirinovski və Kremlə xüsusi yaxınlığı bəlli olan A.Duqin Türkiyənin Şimali Atlantika blokunu tərk edəcəyi haqqında Ankaranın birinci şəxslərinə istinad edərək bəyanatlar vermiş, hətta bu hadisənin yaxın vaxtlarda baş verəcəyini bildirmişdilər. Təbii ki, bütün bunlar hələ o demək deyildir ki, Türkiyə elə sabah və yaxud da bir neçə aydan sonra özünün Brüsseldəki təmsilçisini geri çağıracaqdır...
Amma bu günlərdə, Rusiya ilə Qərb arasında əsl diplomatik savaşın getdiyi bir vaxtda və Ankaranın bu savaşa qatılmayacağı haqda bəyanat verdiyi məqamda məsələ xüsusilə aktuallıq kəsb edir. Ötən yazılarda da qeyd etmişdik ki, Kremlin nəzərləri yenidən Asiyaya tərəf yönəlibdir, ən müxtəlif geosiyasi formullar nəzərdən keçirilir və Ankara ilə Tehrana bu formullarda xüsusi önəm verilir.
Xüsusən də Türkiyə ilə bağlı çox ciddi araşdırmalar aparılır. Hətta rusiyalı geosiyasi strateqlər iki ölkə arasında daha dərin inteqrasiyanı və iş birliyini zəruri edən ciddi arqumentlər səsləndirirlər.
İlk öncə hər iki ölkənin coğrafiyası diqqətə gətirilir və ingilis coğrafiyaçısı Xelvord Makkinderin belə bir fikri əsas götürülür ki, hər bir xalqın taleyini onun yerləşdiyi coğrafiya həll edir. Bəli, Türkiyənin ərazisinin yalnız 3 faizi, Rusiyanın ərazisinin isə üçdən biri Avropada, qalan hissəsi isə Asiyada yerləşir.
İkincisi, hər iki ölkənin Qərblə münasibətləri qeyri-qənaətbəxş bir vəziyyətdədir. Rusiya ilə bağlı vəziyyət aydındır. Türkiyəyə gəldikdə isə, artıq hamı bir məsələni dəqiq bilir: çətin ki, bundan sonra Türkiyənin Avropa Birliyi ilə münasibətləri alınsın.
Üstəlik, ən yaxın müttəfiqlə - ABŞ-la da xeyli probelemlər var: Vaşinqton nəinki kürd separatçılarına, üstəlik, Gülənə də dəstək verir. Bu isə istər-istəməz Ankarada böyük narazılıq yaradır. Elə NATO ilə münasibətlərdə də bir xeyli problem var. İndi ABŞ da, digər NATO ölkələri də Türkiyəni Rusiyadan silah almaqda qınayır, di gəl, bir məsələ var: axı, Türkiyənin öz müttəfiqləri ona silah satmadılar...
Eləcə də diqqətli oxucu yəqin, bir neçə ay bundan öncə NATO təlimlərində baş vermiş bir insidenti xatırlayır: hədəflər M.K.Atatürkün və R.Ərdoğanın adı ilə işarələnmişdi! Düzdür, bununla bağlı NATO-nun baş katibi bir neçə dəfə üzr istədi. Amma bu, adi bir təsadüf idimi?
Ücüncüsü, ruslar Qərbdə getdikcə artmaqda olan islamofobiyanı da unutmur və belə faktı diqqətə gətirirlər ki, Rusiyada təkcə 20 milyondan artıq yerli müsəlman yaşayır və onların fikrincə bu amil də Türkiyə ilə Rusiya arasında anlaşmanın dərinləşməsinə yardımçı ola bilər.
Qərəz, vəziyyət də, arqumentlər də budur. Onları “əsassızdır!” deyib kənara tullamaq da olmur. Avropanın və ABŞ-ın Türkiyəyə qarşı qeyri-səmimi münasibətinin daha bir təzahürünü elə bu günlərdə gördük. Öncə kürd yaraqlılarının Mənbicdən çıxması xəbəri yayıldı. Üstəlik deyildi ki, D.Tramp kürd separatçılarına ayırlacaq 200 milyon dollarlıq yardımı dayandırmaq haqqında qərar veribdir.
Amma sonradan nə oldu? Fransada kürd separatçıları ilə görüşən E.Makron birdən-birə kürdlərlə Türkiyə arasında “vasitəçi” olmaq eşqinə düşdü! Ertəsi gün isə xəbər yayıldı ki, ABŞ və Fransa Mənbicə əlavə qüvvələr yeridib – Fransa 50 hərbçi, ABŞ isə 300 hərbçi...

Bu fonda elə dünən V.Putinin Türkiyəyə səfəri başladı. Üstəlik, Ankara ilə Moskva arasındakı əlaqələr o qədər dərinləşir ki, bu, istər-istəməz bir az fərqli istiqamətə yönəlir. Bu əlaqələrin təzaürü kimi, “Türk axını”nı, “Akkuyu” AES-lə bağlı işlərin başlanmasını, eləcə də S-400 komplekslərinin alınmasını göstərmək olar. Amma biz yenə də istəmirik ki, Türkiyə ilə ABŞ arasında, Türkiyə-NATO müstəvisində soyuqluq və anlaşılmazlıq yaransın. Bəzi rusiyalı politoloqlar da yazır ki, elə onların da maraqlarına daha çox NATO üzvü olan Türkiyə cavab verir.
Azərbaycan üçün də ABŞ-Türkiyə və ya NATO-Türkiyə münasibətləri çox önəmlidir. Çünki ABŞ da, NATO da elə amillərdir ki, onları böyük siyasətdə nəzərə almamaq mümkün deyildir. Düşünürük ki, Ankarada da bunu nəzərə alırlar.
Rusiya Avropa ilə Asiyanı özü üçün gerbində birləşdirməyə nail olmuşdu; reallıqda isə o, Qərbə buraxılmamış, Şərqdə isə öz yerini tapa bilməmişdi. Türkiyənin isə unikal şansı yaranıbdır: onun həm Qərblə çox ciddi bağları var, həm də Şərqlə.
O bağları qətiyyən qırmaq olmaz...
Hüseynbala Səlimov
AzNews.az