- Köhnə - Siyasət
- 14 Oktyabr 2013 11:14
- 2 968
“Milli Şura fəaliyyətini dayandırmalıdır”
“O, seçkiyə hesablanmış bir qurumdur”
"Milli Şura seçki ərəfəsində vaxtdan səmərəli istifadə etmədisə, seçkidə normal qaydada iştirak etmədisə, seçkidə uğur qazanmadısa, onun fəaliyyət göstərib-göstərməməsi heç bir şeyi dəyişmir. Eyni zamanda Milli Şura seçkiyə hesablanmış bir qurum olduğu üçün, qanunauyğun olaraq, özünü buraxmalıdır".
Bunu açıqlamasında Milli Şuranın üzvü, Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva prezident seçkilərində Cəmil Həsənlinin məğlubiyyətinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hələ Cəmil Həsənli Milli Şuranın namizədi kimi irəli sürüləndə qurumun seçkilərdə uğur qazanmayacağı bəlli olub: "Cəmil Həsənli Milli Şuranın namizədi kimi irəli sürülən zaman mən də, partiyanın lideri Rəsul Quliyev də buna etiraz etdi. Çünki kifayət qədər siyasi tanıtımı olmayan bir adamın müxalifətin lideri kimi seçilməsi və onunla seçkiyə getmək kökündən yanlış idi. Bizim nə Cəmil Həsənli, nə də Milli Şura ilə hər hansı qərəzimiz yox idi. Sadəcə olaraq, siyasi proqnoz verərək bildirirdik ki, Cəmil Həsənli ilə seçkiyə getmək düzgün deyil. Sonda nə qədər bizim fikirlərimizin əleyhinə getsələr də, tənqid olunsaq da, bu fikrimizdə qaldıq və hesab edirəm ki, bizim proqnozlarımız özünü doğrultdu. Seçkidən sonra bunlar isbat olundu".
ACP funksioneri qeyd edib ki, Milli Şura elə başlanğıcdan yanlış addım atdı: "Yəni ilk növbədə vaxtdan səmərəsiz istifadə edildi, sonra irəli sürülmüş namizəd uğrunda mübarizə olmadı, ikinci namizədin də seçki kampaniyasını düzgün qurulmadı. Bunun da nəticəsi göz qabağındadır".
Z.Dünyamalıyeva hesab edir ki, Milli Şura fəaliyyətini dayandırmalıdır: "Milli Şura ömürlük yaranmış bir təşkilat deyil. O, seçkiyə hesablanmış bir qurumdur. Bunun da mənası odur ki, seçki bitdikdən sonra həmin qurumun da fəaliyyəti bitir. Bu baxımdan Milli Şura da fəaliyyətini dayandırmalıdır. Lakin Milli Şurada təmsil olunanlar bundan sonra da fəaliyyətlərini davam etdirirlər".
O, bəzi müxalifət liderlərinin hələ də vəzifələrində qalmasını qanunauyğunsuzluq və cəmiyyətdə çaşqınlıq yaratdığını qeyd edib: "Məsələn, hər dəfə hakimiyyəti günahlandıran Müsavat Partiyası özünün qurultayını belə nizamnaməsinə uyğun keçirmir. Uzun müddət keçməsinə baxmayaraq, hər dəfə İsa Qəmbər istəyir ki, yenə partiyaya başqanlıq etsin. Bu qanunauyğunsuzluq cəmiyyəti iflic vəziyyətinə salıb. Təəssüflər olsun ki, bu gün müxalifət nümayəndəsi hakimiyyəti, hakimiyyət nümayəndəsi müxalifəti təhqir edir. Mənə elə gəlir ki, hər iki tərəf bu 20 ildə qanunauyğun hərəkət etsəydi, cəmiyyətdə bu şəkildə anormallıq olmazdı". (apa)
AzNews.az