Müsavat Bakı merinə müraciət etdi

Müsavat Partiyası qurultay keçirilməsi üçün yerin ayrılması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib.


Məktubda deyilir ki, bu, Müsavat Partiyasının növbəti qurultayının keçirilməsi üçün müvafiq yer ayrılması xahişi ilə Sizə ünvanladığımız beşinci müraciətdir. 17.01., 28.02., 07.03. və 08.05.2012-ci il tarixli müraciətlərimizdə bildirmişik ki, Müsavat Partiyasının qurultayında 700 nəfərədək qurultay nümayəndəsinin və yüzlərlə qonağın, mətbuat nümayəndəsinin, ümumilikdə isə ən azı 800-1000 nəfərin iştirakı gözlənilir.

Ona görə də 800-1000 nəfərin iştirakı ilə 2012-ci ilin müxtəlif tarixlərində Müsavat Partiyasının VIII qurultayının keçirilməsi üçün bizə Bakı şəhərinin uyğun iclas zallarının birinin ayrılmasına yardımçı olmanızı xahiş edərək, bu məqsədlə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan müxtəlif zalların, o cümlədən Əl Oyunları İdman Sarayının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının ayrılmasının məqsədəuyğun olduğunu bildirmişik.

Qeyd etdiyimiz yerlərdən başqa münasib yerlərin müəyyənləşdirilməsi istiqamətində birgə müzakirələrin aparılmasının da məsələnin müsbət həllinə kömək edə biləcəyini nəzərə alaraq, biz müzakirələrə hazır olduğumuzu ifadə etmişik.

Bakı şəhər İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Z.Ramazanov tərəfindən imzalanan 02 mart 2012-ci il tarixli 7-935/17 saylı məktubu ilə bizə aşağıdakı yerlərin təklif olunduğu qeyd olunur: "Bildiririk ki, Bakı Şəhər İdman Kombinatında (Əl Oyunları Sarayı) bu ilin sonunadək respublikada bir sıra daxili və beynəlxalq yarışlann keçirilməsi planlaşdırılımış, eyni zamanda həmin yerin bu il Bakı şəhərində təşkil olunacaq "EUROVİSİON" Beynəlxalq Mahnı Müsabiqəsinin koordinasiya şurası tərəfindən hazırlıq işlərinin aparılması üçün ayrılması nəzərdə tutulmuşdur.

Qeyd olunanlarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti partiyanızın planlaşdırdığınız növbəti VIII qurultayının aşağıda göstərilən yerlərdən birində keçirilməsini təklif edir:

1. A.İsgəndərov adına Mədəniyyət Evi (ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 27)

2. M.Məmmədyarov adına Mədəniyyət Evi (ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 31)

3. S.Bəhlulzadə adına Mədəniyyət Evi (ünvan: Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 28)

4. "Bakı" kinoteatrı (ünvan: Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 20)

Təklif olunan yerlərdən birini seçərək, həmin yerin müdiriyyətinə müraciət etməyiniz tövsiyyə olunur".

Təklif olunan yerlərə baxış zamanı məlum oldu ki, M.Məmmədyarov adına Mədəniyyət evi (ünvan – Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 31) istisna olmaqla digər yerlərdə - A.İsgəndərov adına Mədəniyyət Evində, S.Bəhlulzadə adına Mədəniyyət Evində və "Bakı" kinoteatrında kütləvi tədbirlər keçirmək mümkündür.

Lakin yuxarıda qeyd etdiyimiz kimi, bizim qurultayda ən azı 800-1000 nəfərin iştirak edəcəyini nəzərə alsaq, yerlər az olduğu üçün bu zallarda Müsavat Partiyasının VIII qurultayının keçirilməsi mümkün deyil.

Beləliklə, 2012-ci ilin yanvar ayından başlayaraq Müsavat Partiyasının növbəti qurultayının keçirilməsi üçün 800-1000 nəfərin yerləşə biləcəyi müvafiq iclas zalının ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyətinə və Mədəniyyət və Turizm Nazirliyinə ünvanladığımız müraciətlərə müsbət cavab ala bilməmişik. Respublikanın paytaxtı olan Bakı şəhərində 800-1000 nəfərin yerləşə biləcəyi müvafiq iclas zalının olmaması və ya zalların Bakı şəhər İcra Hakimiuyyətinin balansında və tabeçiliyində olmaması haqqında yazılanlar həqiqəti əks etdirmir.

Əgər Bakı şəhər İcra Hakimiyyəti 2012-ci ilin mart ayının 30-dək Dövlət Neft Şirkətinin, hazırda isə Mədəniyyət və Turizm Nazirliyinin balansında olan S.Bəhlulzadə adına Mədəniyyət evini və özəl mülkiyyət olan "Bakı" kinoteatrını "Eurovision" yarışması ərəfəsində Müsavat Partiyasına qurultay keçirmək üçün təklif edə bilibsə, onda adıçəkilən yarışma başa çatdıqdan, ölkə başçısının Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından sonra Bakı şəhər İdman Kombinatının meydançasını, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının binasını və ya 800-1000 nəfərin yerləşə biləcəyi başqa bir iclas zalını təklif etməsi daha məntiqli olar. Bu həm də dövlətin onun qurucusu olan və yubileyinin keçirilməsi haqqında qərar verilən M.Ə.Rəsulzadəyə sayğısının nümunəsi olar.

Bu günə qədər belə təklifin olmaması Azərbaycan hakimiyyətinin 100 ildən artıq tarixə malik, Şərqdə ilk demokratik respublikanın yaradıcısı olan M.Ə.Rəsulzadənin qurduğu Müsavat Partiyasına ögey münasibətinin təzahürüdür. Hakim partiyanın rayon təşkilatına Azərbaycan Dövlət Akademik Teatrında, hakimiyyətyönlü gənclər təşkilatına ölkənin ən böyük zallarından birində yığıncaq keçirməyə imkan yaradan hakimiyyət bu haqqı bütün siyasi qüvvələrə, o cümlədən aparıcı müxalifət partiyası olan Müsavat Partiyasına da tanımalıdır.

Sizdən Azərbaycan Respublikası Konstitusiyasının və "Siyasi partiyalar haqqında" qanunun tələblərini yerinə yetirərək, 800-1000 nəfərin iştirakı ilə 24 may 2014-cü il tarixində səhər saat 1000-dan 2000-dək Müsavat Partiyasının VIII qurultayının keçirilməsi üçün bizə Bakı şəhərinin uyğun iclas zallarının birinin ayrılmasına yardımçı olmanızı xahiş edirik. Əgər bizim təklif etdiyimiz yerlərdən başqa bir yer ayırmaq fikiriniz olarsa, bu məsələni qarşılıqlı müzakirə yolu ilə həll etməyə hazır olduğumuzu bir daha bəyan edirik.

AzNews.az