“Cərimələrin artımı təkcə mitinq keçirənlər üçün deyil, aksiyanın qarşısını alanlar üçün də nəzərdə tutulub” “Cərimələrin artımı təkcə mitinq keçirənlər üçün deyil, aksiyanın qarşısını alanlar üçün də nəzərdə tutulub”

Rəfail Cəbrayılov qanun layihəsindən danışdı

“Cərimələrin artımı təkcə mitinq keçirənlər üçün deyil, aksiyanın qarşısını alanlar üçün də nəzərdə tutulub”



"Hansı ölkədə qanunsuz mitinqlərə görə 7 manatdan 13 manata qədər cərimə tətbiq olunur? Bu yalnız Azərbaycandadır". Bu sözləri AzNews.az-a "Sərbəst toplaşmaq azadlığı" haqqında qanununa dəyişikliyi təklif edən millət vəkili Rəfael Cəbrayılov deyib.

O bildirib ki, təklifində yumşaltma edib: "500 manatdan 1000 manatadək təklif etmişdim, amma parlamentin hüquq komitəsində müzakirə olunanda qərarımda bir az yumşaltma etdim. Belə ki, 300 manatdan 600 manatadək təklif etdim. Bu, bütün dünyada belədir. Mitinqlərin təşkilatçısı ilə iştirakçısı arasında fərq var. Azərbaycanda yalnız təşkilatçılar inzibati məsuliyyət daşıyır. İştirakçılara isə inzibati məsuliyyət yoxdur. Təşkilatçı ilə iştirakçı arasında fərq qoyulmalıdır. Təbii ki, 7 manat miqdarında cərimə ola bilməz".

R.Cəbrayılov qeyd edib ki, 49-cu maddəyə də dəyişiklik təklif edib: "49-cu maddə qanunla müəyyən olunmuş qaydada təşkil olunan mitinqlərin keçirilməsinə mane olmaqdan ibarətdir. Həmin maddədə fiziki şəxslər üçün 5 manatdan 30 manata qədər cərimə tətbiq olunur. Bu cərimədir? Əlbəttə, yox. Orada təklif etmişəm ki, cərimələr 1500 manatdan 3000 manata qədər, vəzifəli şəxslər üçün isə 3000 manatdan 6000 manata qədər, hüquqi şəxslər üçün isə 15000 manatdan 30 000 manata qədər cərimələnsin. Hüquqi şəxslər üçün, ümumiyyətlə, cərimə müəyyənləşdirilməmişdi. Heç kim bundan danışmır. Çünki baş verən proseslərdən siyasi şou düzəltmək istəyirlər. Mən demək istəyirəm ki, cərimələrin artımında təkcə mitinq keçirənlər deyil, aksiyanın qarşısını alanlar da nəzərdə tutulub".

Millət vəkili vurğulayıb ki, qanuna dəyişikliyə geniş şərh vermək lazımdır: "Bilmirəm təklif etdiyim qanun layihəsini nə qədər insan müdafiə edəcək. Düşünürəm ki, bunu geniş şərh etmək lazımdır. Hökumət qəzetlərində də bununla bağlı yazılar dərc edilməlidir ki, məsələnin mahiyyətinin nədən ibarət olduğunu bilsinlər. Parlament bunu qəbul etsə, geniş şərh veriləcək".

İlkin Pirəli
AzNews.az