• Toplum
  • 29 İyul 13:52
  •  1 451

Əczaçılıq nəzarət altında: Apteklərdə aşkarlanan nöqsanlar və ictimai sağlamlığa təsirləri

2025-ci ilin yanvar-iyun ayları ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ölkə üzrə apteklərdə aparılan yoxlamaların nəticələri açıqlanıb. Bu dövr ərzində ümumilikdə 166 aptekdə yoxlama keçirilib və onlardan 43-də müxtəlif nöqsanlar aşkarlanıb. Aparılmış təftişlər zamanı həm Bakıda, həm də respublikanın digər şəhər və rayonlarında aptek fəaliyyətlərinin qanunvericiliyə uyğunluğu araşdırılıb. Belə ki, 76 yoxlama Bakı şəhərində, 90-ı isə digər bölgələrdə gerçəkləşdirilib. Yoxlamaların 159-u planlı, 20-si plandan kənar, 4-ü isə yoxlamadan kənar xarakter daşıyıb. Bəzi apteklər bir neçə yoxlamaya cəlb olunub. Ən çox yoxlamanın aparıldığı dövr apreldə qeydə alınıb. Həmin ay yalnız Bakı şəhərində 13, digər şəhər və rayonlarda isə 45 aptekdə yoxlamalar həyata keçirilib. Ümumilikdə 58 aptek təftiş olunub və onların 20-də nöqsanlar aşkarlanıb. Bu kimi yoxlamaların əsas məqsədi əczaçılıq müəssisələrinin müvafiq qanunvericiliyə və dərman dövriyyəsinə dair normativ sənədlərə uyğun fəaliyyət göstərməsini təmin etmək, eyni zamanda əhalinin dərman vasitələri ilə təhlükəsiz və keyfiyyətli şəkildə təmin olunmasını nəzarətdə saxlamaqdır. Aşkarlanan nöqsanlara lisenziyasız fəaliyyət, dərman vasitələrinin düzgün saxlanılmaması, satışa buraxılması qadağan olunmuş preparatların aşkar edilməsi, sənədləşmədə pozuntular və ya əczaçı heyətin ixtisassız olması kimi hallar daxil ola bilər. Qanunvericiliyə əsasən belə hallarda inzibati tədbirlər, xəbərdarlıqlar və ya cərimələr tətbiq oluna bilər. Səhiyyə Nazirliyi bildirir ki, yoxlamalar bundan sonra da davam etdiriləcək və apteklər üzərində nəzarət gücləndiriləcək. Bu isə bir tərəfdən əczaçılıq sektorunda şəffaflığın artırılmasına, digər tərəfdən vətəndaşların sağlamlığının müdafiəsinə xidmət edəcək.

Apteklərdə dərman vasitələrinin düzgün saxlanılması xüsusi əhəmiyyət daşıyır. Dərmanlar müvafiq temperatur rejimində, nəm və işıqdan qorunan şəraitdə saxlanmalıdır. Məsələn, bir çox dərmanlar 15-25°C arasında otaq temperaturunda saxlanılmalı, soyuducu şərait tələb edən preparatlar üçün ayrıca temperatur nəzarəti olan soyuducular təmin edilməlidir. Eyni zamanda dərmanların orijinal qablaşdırmada, son istifadə tarixi və qeydiyyat nömrəsi görsənəcək şəkildə yerləşdirilməsi vacibdir. Antiseptiklər, hormonlar, antibiotiklər və ya temperatur dəyişikliyinə həssas dərmanların saxlanılması zamanı xüsusi diqqət tələb olunur, çünki bu dərmanların fiziki-kimyəvi tərkibindəki dəyişiklik onların effektini azalda və ya zərərli təsirlərə səbəb ola bilər.

Vətəndaşların maarifləndirilməsi də əhəmiyyətli məsələlərdəndir. İnsanlar aldıqları dərmanların düzgün istifadə qaydası, saxlanma şəraiti və mümkün əks təsirləri barədə məlumatlandırılmalıdır. Bu məqsədlə apteklərdə sadə dillə yazılmış məlumat bülletenləri, vizual təlimat lövhələri, həmçinin əczaçılar tərəfindən şifahi izahlar təqdim olunmalıdır. Əhalinin dərmanları özbaşına almaması, yalnız həkim təyinatı əsasında istifadə etməsi barədə geniş maarifləndirmə işləri aparılmalı, xüsusilə yaşlılar və xroniki xəstəliyi olan şəxslərə xüsusi diqqət yetirilməlidir.

İxtisassız əczaçı heyətinin fəaliyyət göstərməsi ciddi risklər yarada bilər. Belə şəxslər dərmanın dozalanmasını düzgün müəyyən edə bilməz, bir-biri ilə ziddiyyət təşkil edən dərmanları birlikdə təklif edə bilər və ya əks göstərişləri nəzərə almadan preparat verə bilərlər. Bu, xəstənin vəziyyətinin ağırlaşmasına, hətta həyati təhlükəyə yol aça bilər. İxtisassız personal dərman haqqında yalnış və ya natamam məlumat verə bilər ki, bu da vətəndaşların səhv istifadə hallarına gətirib çıxara bilər. Bu səbəbdən apteklərdə yalnız ixtisaslı əczaçıların çalışması qanunla tələb olunur və bu sahədə nəzarətin gücləndirilməsi vacib sayılır.

Beləliklə, apteklərdə aparılan yoxlamalar sadəcə inzibati proses olmayıb, həm də əhalinin sağlamlığının qorunmasına yönəlmiş mühüm bir tədbirlər silsiləsidir. Apteklərin müvafiq standartlara uyğun fəaliyyəti, əczaçı heyətinin peşəkarlığı və ictimai maarifləndirmə işi birgə şəkildə dərman təhlükəsizliyinin təminatına xidmət edir.

AzNews.az