Rusiyanın Ukraynaya qarşı törətdiyi hərbi cinayətlərə görə kompensasiya mexanizmi hazırlanır və Rusiyanın vurduğu ziyanın ödənilməsi üzrə Beynəlxalq Komissiya yaradılır.
Aznews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Beynəlxalq Kompensasiya Komissiyanın yaradılması məqsədilə Haaqada keçirilən diplomatik konfransın açılışında bildirib.
Zelenski qeyd edib ki, hazırda Ukrayna və müttəfiqləri danışıqların ən intensiv mərhələsindədirlər: “Bu danışıqlar yalnız atəşkəsin əldə olunmasını deyil, gələcəkdə yeni müharibənin qarşısını alacaq real və etibarlı təhlükəsizlik zəmanətlərinin formalaşdırılmasını da əhatə edir”.
Ukrayna Prezidenti Rusiyanın enerji infrastrukturuna məqsədli şəkildə zərbələr endirdiyini, soyuq hava şəraitindən təzyiq aləti kimi istifadə etdiyini deyib. Onun sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi və enerji dayanıqlığının artırılması birbaşa insanların həyatının qorunmasına xidmət edir və bu istiqamətdə beynəlxalq dəstək həyati əhəmiyyət daşıyır.
O vurğulayıb ki, Rusiya Ukrayna ərazisini işğal edir, şəhərləri dağıdır, dinc əhalini öldürür və eyni zamanda, ərazi güzəştləri tələb edir.
Çıxışının sonunda Zelenski bildirib ki, Ukraynaya tammiqyaslı müharibənin əvvəlində olduğu kimi, güclü və davamlı siyasi dəstək lazımdır. O əlavə edib ki, beynəlxalq birlik Ukraynanın yanında dayanmaqda davam etməli, çünki məsuliyyət və ədalət olmadan davamlı və ədalətli sülh mümkün deyil.