Yaponiyada 7,5 bal gücündəki zəlzələdən sonra “meqa zəlzələ” xəbərdarlığı ləğv edildi

Yaponiya Meteorologiya Agentliyi (JMA) və hökumət rəsmiləri 8 dekabrda baş vermiş 7,5 bal gücündəki zəlzələ ilə bağlı birgə mətbuat konfransı keçiriblər.

Rəsmilər zəlzələdən sonra ölkənin şimal-şərq sahilləri üçün verilmiş “meqa zəlzələ” xəbərdarlığının ləğv edildiyini açıqlayıblar.

Onların sözlərinə görə, bölgədə 8 və ya daha yüksək bal gücündə “meqa zəlzələ” ehtimalı azalıb. Bununla belə, bu vəziyyət riskin tamamilə aradan qalxması demək deyil və ərazi sakinləri hazırlıqlı olmağa davam etməlidirlər.

Xatırladaq ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) 8 dekabrda Yaponiyanın Aomori prefekturasına bağlı Misava bölgəsi açığında 7,5 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi.

JMA isə qarşıdakı günlərdə oxşar və ya daha güclü afterşokların ola biləcəyi barədə xəbərdarlıq etmiş, 8 və ya daha yüksək bal gücündə “meqa zəlzələ” ehtimalını istisna etməmişdi.

Rəsmilər əhalini evlərdəki əşyaları möhkəmləndirməyə, eləcə də qida, su və daşınan tualetləri əhatə edən fövqəladə vəziyyət çantaları hazırlamağa çağırmışdı.

Mövsüm,

AzNews.az