Pakistanın Əfqanıstana zərbəsinə görə BMT araşdırma tələb edir

Pakistanın iki ay əvvəl Kabildə yerləşən narkotik reabilitasiya mərkəzinə endirdiyi hava zərbəsi nəticəsində azı 269 nəfər həlak olub.

Bu barədə BMT-nin yeni hesabatında bildirilir.

Hadisə son illərdə Əfqanıstanda baş verən ən qanlı hücumlardan biri hesab olunur. Hücum zamanı ölənlərin bir çoxunun cəsədləri tanınmaz hala düşüb, bəziləri isə yalnız bədən hissələri şəklində tapılıb.

BMT və insan haqları təşkilatları hücumun mülki şəxsləri hədəf aldığını və mümkün “müharibə cinayəti” kimi araşdırılmalı olduğunu bildirir. Pakistan isə ittihamları rədd edərək, zərbələrin “terrorçu infrastruktura” qarşı yönəldiyini iddia edir.

BBC-yə danışan şahidlər və ölənlərin ailələri isə mərkəzdə yalnız narkotik asılılığından müalicə alan şəxslərin və işçilərin olduğunu deyirlər. Hücum nəticəsində yaranan yanğın səbəbilə xəstələrin siyahısı da məhv olub və bir çox ailə yaxınlarının taleyini günlərlə öyrənə bilməyib.

Əfqanıstan Taliban hökuməti hücumu “müharibə cinayəti” adlandıraraq beynəlxalq araşdırma tələb edib. Pakistan isə Talibanı ölkə daxilində hücumlar həyata keçirən silahlı qruplara sığınacaq verməkdə ittiham etməyə davam edir.

Mövsüm,

AzNews.az