Varlılar niyə ABŞ-ı kütləvi şəkildə tərk edir?

Qlobal qeyri-sabitliyin artması dünyanın ən varlı insanlarını yeni yaşayış yerləri axtarmağa məcbur edir. Əvvəllər varlı şəxslərin köç qərarlarında əsas amil vergi güzəştləri idisə, indi təhlükəsizlik, siyasi qeyri-müəyyənlik və “ehtiyat plan” yaratmaq istəyi ön plana çıxır.

Tədqiqat şirkəti "New World Wealth"nin məlumatına görə, 2025-ci ildə 140 mindən çox milyonçu yaşadığı ölkəni dəyişib ki, bu da tarixi rekord hesab olunur. Bu il bu rəqəmin 165 minə çatacağı proqnozlaşdırılır.

İnvestisiya miqrasiyası bazarı sürətlə böyüyür

Varlı şəxslərə başqa ölkələrdə yaşayış icazəsi və ya vətəndaşlıq almaqda kömək edən investisiya miqrasiyası sənayesinin həcmi hazırda təxminən 40 milyard dollara çatıb. Bu göstərici altı il əvvəlki səviyyədən iki dəfə çoxdur.

Dubay cazibə mərkəzi olaraq qalır

Son illərdə Dubay varlı insanlar üçün əsas istiqamətlərdən birinə çevrilib. Aşağı vergilər və sadələşdirilmiş köç prosedurları sayəsində şəhər Asiya, Afrika və Yaxın Şərqdən çoxlu investor və biznesmeni cəlb edib.

Lakin Yaxın Şərqdə gərginliyin artması bəzi potensial miqrantları alternativ ölkələr axtarmağa vadar edir.

Avropadan və ABŞ-dan köç marağı artır

Mütəxəssislər bildirirlər ki, son dövrlər Böyük Britaniya, Fransa, Almaniya və İspaniya kimi ölkələrin varlı sakinləri arasında xaricə köçmək istəyənlərin sayı artır. Bu ölkələr ilk dəfə olaraq daha çox varlı sakin itirən dövlətlər siyahısına düşüblər.

Xüsusilə ABŞ vətəndaşları arasında ikinci vətəndaşlıq almağa maraq kəskin şəkildə yüksəlib. Bir çox amerikalı siyasi vəziyyətlə bağlı narahatlıqlar səbəbindən Avropada yaşayış hüququ əldə etməyə çalışır.

Körfəz ölkələrində insan amili

Analitiklər qeyd edirlər ki, Yaxın Şərqdəki münaqişələr Körfəz ölkələrinin iqtisadi modelinə də təsir göstərir. Qətər əhalisinin təxminən 77 faizi, Birləşmiş Ərəb Əmirlikləri əhalisinin 74 faizi, Küveyt əhalisinin isə 67 faizi əcnəbilərdən ibarətdir.

Regionda təhlükəsizlik risklərinin artması bu ölkələrdə çalışan xarici mütəxəssislərin və investorların gələcək planlarını yenidən nəzərdən keçirməsinə səbəb olur.

Rusiyada xarici işçi qüvvəsinə tələbat artır

Eyni zamanda, Rusiyanda işçi qüvvəsi çatışmazlığı səbəbindən xarici əmək miqrasiyası artır. Məlumatlara görə, son beş ildə Rusiyada çalışan Hindistan vətəndaşlarının sayı 22 dəfə yüksəlib.

Bundan əlavə, Şimali Koreya da Rusiyaya yeni işçi qüvvəsi göndərən əsas ölkələrdən birinə çevrilib.

Mövsüm,

AzNews.az