Bakı bu ölkələrdə fəaliyyətini gücləndirməlidir - sabiq nazirdən açıqlama Bakı bu ölkələrdə fəaliyyətini gücləndirməlidir - sabiq nazirdən açıqlama

“Hansısa mərhələdə kimsə dost ola bilər, digər mərhələdə isə...”

Bakı bu ölkələrdə fəaliyyətini gücləndirməlidir - sabiq nazirdən açıqlama

İkinci Qarabağ savaşı zamanı və ondan sonrakı dövrdə Azərbaycanın dostları ilə yanaşı, bəzi bədxahları da üzə çıxdı. Xüsusən bəzi Avropa dövlətləri və Avropa qurumları sınaqdan üzüqara çıxdılar, beynəlxalq qanunların, ədalətin tərəfində deyil, haqsız tərəfin, qanunları heçə sayan Ermənistanın tərəfində dayandılar. Ona görə də bəzi siyasətçilər hesab edir ki, Azərbaycan bundan sonrakı xarici siyasətində bu məqama xüsusi diqqət etməli, bizə münasibəti mənfi olanlarla əlaqələrə yenidən baxmalıdır. Eyni zamanda bldirilir ki, Azərbaycan bir sıra dost ölkələrlə əlaqələrini daha da gücləndirməlidir.

Bəs Azərbaycan xaricdəki hansı ölkələrdə fəaliyyətini gücləndirməlidir? Hansı istiqamətlərə-MDB məkanında, Avropada, yoxsa Asiyada fəaliyyətimizi gücləndirməyə ehtiyac var?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, biz öz qarşısımızda bu cür konkret seçim qoymamalıyıq. Bizə pis, mənfi və ya soyuq münasibətdə olan hansısa ölkələrdə, bölgələrdə və ya beynəlxalq qurumlarda iş daha güclü aparılmalıdır. Yəni hansısa dövlətlər və ya beynəlxalq təşkilatlar tutaq ki, Qarabağ savaşı zamanı Azərbaycanın əleyhinə davranış ortaya qoydularsa biz onlardan üz döndərməli deyilik. Əksinə, Azərbaycan dövləti, diplomatiyası həmin dövlətlərdə, beynəlxalq təşkilatlarda fəaliyyətini gücləndirməlidir, onlarla əlaqələri sıxlaşdırmalıdır: “Biz bu yolla onların mövqelərində dəyişiklik edə bilərik.

Beynəlxalq birliklə münasibətlərdə emosional yanaşma ilə hərəkət edib dost-düşmən bölgüsü aparmaq heç də yaxşı deyil, yaxşı nəticələrə gətirmir. Siyasətdə dost-düşmən bölgüsü çox nadir hallarda tətbiq oluna bilər. Hər bir ölkə öz maraqlarını təmin eləmək istiqamətində siyasət qurur. Hansısa mərhələdə kimsə dost ola bilər, digər mərhələdə isə dostluq münasibətlərini soyuq münasibətlər əvəzləyə bilər. Yəni bu baxımdan yanaşma çox rasional və praqmatik olmalıdır. Buna uyğun olaraq da xarici ölkələrdə iş qurulmalıdır. Qurulan iş hansısa ölkənin bizə münasibətinin necə olması ilə deyil, həmin ölkənin bizim üçün nə dərəcədə əhəmiyyətli olması əsas götürülərək qurulmalıdır. Yəni ölkə əlaqələrimizin yüksək səviyyədə olması üçün bizə vacib ölkədirsə, onunla iş ciddi aparılmalıdır, həmin ölkədə bizə olan münasibətin müsbətə dəyişməsinə nail olmağa çalışmaq lazımdır. Azərbaycanın səfirliklərinin, beynəlxalq təşkilatlardakı nümayəndələrinin əsas işi bu olmalıdır. Eyni zamanda diasporanın da üzərinə bu məsələdə iş düşür".

Sabiq nazir hesab edir ki, idealist olmaq lazım deyil. Belə fikir gərək yaranmasın ki, diaspora harada aksiya keçirirsə, bu hadisə həmin ölkənin mövqeyini tam dəyişə bilər: “Şübhəsiz ki, aksiyalar da müəyyən mərhələdə lazımdır. Amma iş təkcə aksiyalar keçirməkdən ibarət olmamalıdır. Aksiyaların təsiri nisbidir. Təbii ki, ictimaiyyətin bu və ya digər ölkədə fəallığı bəzi məqamlarda təsir göstərə bilər. Amma bu daimi münasibətin dəyişməsinə gətirib çıxarmır.

Məsələn, Nikol Paşinyan hökuməti əsasən qərbyönlü siyasət həyata keçirirdi və keçirir. Erməni diasporası Rusiyanın Ermənistana münasibətinə təsir göstərə bilərmi? Nisbi təsir göstərir. Amma ümumi xətti təbii ki, dəyişə bilməzlər: “Qərb görür ki, Paşinyan hökuməti qərbyönlü siyasət həyata keçirəcək. Deməli, biz görəcəyik ki, Qərb mediasında Ermənistana dəstək xarakterli yazılar çoxalır. Bunu müharibə zamanı biz hiss elədik. Gördük ki, bəzən Ermənistanı dəstəkləyən Qərb mediası çox oldu. Təkcə ona görə yox ki, onlar erməniləri sevir. Onlar, sadəcə, Paşinyana dəstək verməklə Ermənistanı Rusiyadan qoparmağa çalışdılar. Həmin ölkələrin bu xətti yürütməsi o demək deyil ki, Ermənistanı öz tərəflərinə çəkmək istəyirlərsə, deməli, Azərbaycana düşməndirlər. Onlar Azərbaycanı da öz tərəflərində görmək istəyərlər.

İstənilən halda, bu dövr üçün xeyirli olan ən aktual istiqamətləri seçib o istiqamətlərdə işi fəallaşdırmalıyıq. Lakin bu, o biri istiqamətlərin tamamilə kənara qoyulması hesabına olmamalıdır".

“Yeni Müsavat”