Azərbaycan-İran münasibətləri düzəlir? - rəylər

Postmüharibə dövründə kifayət qədər gərginləşən, İranın Azərbaycana qarşı yanlış siyasəti səbəbindən korlanan münasibətlərdə yeni - pozitiv çalarlar müşahidə olunmaqdadır. Təhlilçilər bildirir ki, İran Azərbaycana qarşı siyasətinin tam səhv olduğunu, qonşuluq münasibətləri çərçivəsinə sığmadığını dərk etməklə yanaşı, ölkəmizin regionda əsas söz sahibi olduğunu, onunla əməkdaşlıqdan başqa çıxış yolu olmadığını fərq edib.

Belə rəylər var ki, nəticə olaraq İran yanlış siyasətini qismən düzəltməyə başlayıb, müxtəlif rəsmi səviyyəli görüşlər həyata keçirilir.

Dekabrın 5-də İran İslam Respublikası Ordusunun HDQ komandanı kontr-admiral Şəhram İrani Azərbaycana səfər edib. Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov Bakıda səfərdə olan iranlı həmkarı ilə görüşüb və əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşdə Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Hərbi qulluqçuların peşəkarlığının artırılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Xəzər dənizində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Moskvada isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında görüş baş tutub.

Münasibətlər bərpa olunurmu? İran yanlışlarını tam düzəldəcəkmi? Qonşuluq münasibətlərinin arzuolunan səviyyəyə çatması üçün Tehran konkret hansı addımları atmalıdır?

Əziz Əlibəyli

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, İran-Azərbaycan münasibətlərinin bütün sahələr üzrə inkişafına start verilməsi həm də daxili faktorlarla bağlıdır: “Qlobal aləmdə yaşanan yeniliklər də burada əsas səbəblərdən biridir. Region üzərində Qərbin yanlış olaraq yürütdüyü siyasət, təzyiq kampaniyası Azərbaycan üçün 3+3 formatının daha çox cəlbediciliyini şərtləndirir. Burada sərhəd də spesifik önəm kəsb edir. İran-Azərbaycan arasında son 3 il ərzində yaşanan diplomatik qarşıdurma cənub qonşumuz üçün bir sıra nəticələr çıxarmağa əsas verdi. Azərbaycanla güc və silah dili ilə danışmaq, əks mövqeni sərgiləmək nəticə verməz. Azərbaycan İranla bağlı uzunmüddətli strategiyasını müəyyən etmiş olur. İkinci sferada Zəngəzur layihəsinin İran öz ərazisindən keçməsinə nail olub. Bununla özünə müttəfiq hesab etdiyi Ermənistanı oyundan kənara saldı. Digər mərhələdə isə Rusiya-Ukrayna müharibəsində təşəbbüsün şimal qonşumuzda olduğu görünməkdədir. Məncə, Rusiyanın revanş alma gücünü Ukrayna savaşından sonra yəqin ki, görəcəyik. Həm Gürcüstanla, həm də Ermənistanla yeni münasibətlərin dizayn olunmasına çox az qalıb. Bunun bir hissəsini də ola bilsin ki, Aralıq dənizində görək. Belə bir məqamda Rusiya və İran münasibətlərinin yeni sferaya qədəm qoyması, üstəlik, bu münasibətlərin Azərbaycanla Türkiyə münasibətləri kontekstində qiymətləndirilməsinə ehtiyac yaradır. İran-Rusiya-Türkiyə aralığında əsas bufer ölkənin Azərbaycan olması faktını da unutmamalıyıq. Hər üç keçmişə malik imperial gücün ortaq maraqlarının xəritəsi Azərbaycanla bağlıdır. Vətən müharibəsindəki qələbə ölkəmizi regiondakı münasibətlərdə diktə edən tərəfə çevirib. Azərbaycansız da Rusiya-İran, İran-Türkiyə münasibətlərindəki çatışmazlığı da qeyd edə bilərik. Bu mənada təhlükəsizlik və iqtisadi spektrdə böyük proseslərin əsası qoyulmaqdadır".

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev: “Son vaxtlar İran-Azərbaycan münasibətlərində pozitiv məqamlar görünsə də, əslində iki ölkə arasında isti münasibətlərin yaranmasından danışmaq tezdir. İranın regionla bağlı siyasətində hər hansı bir dəyişiklik yoxdur və rəsmi Tehrandan indiyədək səsləndirdiyi fikirlərdən fərqlisini hələ ki eşitməmişik. Bu gün görünən reallıq ondan ibarətdir ki, İran Azərbaycan-Ermənistan arasında sülhün bağlanmasında, nəqliyyat komunikasiya xətlərinin açılmasında Qərbin bəzi dövlətləri və mərkəzləri ilə aralarında yaranmış vəziyyətdən istifadə edərək müəyyən jestlər etməyə çalışır. Ermənistan tərəfinin Qərbin diktəsi ilə Zəngəzur dəhlizinin açılmasını uzatdığı bir zamanda rəsmi Bakının artıq bu məsələnin bizim üçün ciddi olaraq gündəlikdə olmadığını və İran ərazisindən keçəcək yolla bağlı razılaşmaların olmasını deməsindən sonra Tehranın siyasi ritorikasında müəyyən dəyişikliklər yaranmışdı. Ümumiyyətlə, qonşu dövlətlərlə isti və dost münasibətlər saxlanılması iqtisadi, siyasi və ən əsası təhlükəsizlik cəhətdən vacib amillərdir. Azərbaycan hər zaman bu yolu əsas hesab edib. Təəssüf ki, İran bizim kimi düşünmədiyindən zaman-zaman gərginliklər və problemlər ortada olub. Bu gün yuxarıda dediyim səbəblərdən İranın yenidən Azərbaycanla yaxınlıq etməsi yaxşı hal olsa da, sabah Qərb və ABŞ-la konkret mövzularla bağlı müəyyən fikir ayrılıqları aradan götürülərsə, o zaman hansı münasibətin olacağı suallar doğurur”.

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı İranın ancaq normallaşan münasibətlərdən qazanclı çıxacağını qeyd etdi: “Prezident İlham Əliyevin İran prezidenti ilə son görüşündən sonra İranla pozitiv çalarlar görünməkdədir. Əhalisinin 60%-dən artığının Azərbaycan türkünün olduğu İran başa düşməlidir ki, Azərbaycanla apardığı indiki siyasət çox böyük səhvdir və bunun heç bir perspektivi yoxdur. Siyasətini kökündən dəyişməlidir. Ümid edirik ki, İran hərbiçilərinin baş tutmuş səfəri və bizim xarici işlər naziri Ceyhun Bayramovun Moskvada İranın XİN rəhbəri ilə baş tutan görüşü məhz arzuladığımız münasibətlərin əsasını qoymaq üçün atılan addımdır. Bir necə müddət İranla Azərbaycan arasında quru əlaqənin yaradılması üçün əldə olunmuş razılığı da diqqətdən qaçırmamalıyıq. Qarşılıqlı əməkdaşlıq hər bir müsəlman ölkəsi üçün çox arzu olunandır. İran səmimi şəkildə Azərbaycana olan qısqanclıq və qəbul etməmək siyasətindən birdəfəlik əl çəkməlidir. Bu baş verərsə, hər iki dövlət üçün çox böyük əlaqələrin qurulmasına gətirib çıxardar, iqtisadi əlaqələrdən tutmuş, mədəni, siyasi və digər əlaqələrə qədər. İran tək Azərbaycanla deyil, qardaş Türkiyə ilə də normal, ikitərəfli əlaqələrin qurulmasında maraqlı olmalıdır. Bunu edə bilsə, İran ancaq bütün mənalarda qazana bilər”.