"Türkiyənin Avropa İttifaqına ehtiyacı yoxdur" - Mübariz Göyüşlü

“Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara BRİCS təşkilatına qoşulmaq istəyir. O, BRİCS-in Türkiyəyə Avropa İttifaqını əvəz etmək üçün “yaxşı alternativ” təklif edə biləcəyini vurğulayıb”.

“Türkiyə müstəqil və böyük dövlətdir. 50 ildən çoxdur ki, Türkiyə Avropa İttifaqının qapısında gözləyir. Nəyi gözləyir, niyə gözləməlidir? Hələ bundan sonra nə qədər gözləyəcək? Belə hansısa tələblər irəli sürülür və biz görürük. Türkiyə bunların hamısını yerinə yetirir. Sonra yeni tələblər çıxır ortaya və hesab edirəm ki, bütün bunlar rəsmi Ankaraya qarşı ədalətsiz davranışın göstəricisidir. Ümumiyyətlə Avropa İttifaqı bu cür davranışları ilə özünün xristian klubu imicini daha da gücləndirmiş olur”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O qeyd edib ki, Türkiyədən qat-qat zəif dövlətlər var ki, onlar Avropa İttifaqın sıralarına qəbul edilirlər.

“Lakin Türkiyə hələ də qapıda gözlədilir. Yəni yeri gələndə heç Türkiyənin Avropa İttifaqına ehtiyacı yoxdur. Avropa İttifaqının Türkiyəyə ehtiyacı var. Belə situasiyada Türkiyə BRİCS-lə maraqlana bilər. Həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı ilə və başqa beynəlxalq qurumlarla da maraqlana bilər. Beynəlxalq təşkilatların yeni olmasına baxmayaraq, indi bu mərhələdə Avropa İttifaqını əvəz edə bilər demək bir az çətindir. Amma perspektiv üçün güclənərsə, onun gücü və imkanları artarsa, Avropa İttifaqını əvəz edilə bilər. Yeri gəlsə, Avropa İttifaqının da güclü ola da bilər. Çünki BRİCS-in sıralarına baxdıqda burada aparıcı dövlətlər təmsil olunurlar. O ki qaldı Azərbaycanın BRİCS-ə üzv olmaq istədiyi fikirlərin səsləndirilməsi ilə Azərbaycanda müstəqil dövlətdir, öz qərarlarını özü verir, istədiyi, istənilən təşkilata üzv ola bilər. Əgər Azərbaycanın maraqlarına uyğundursa və maraqları orada qorunacaqsa niyə də olmasın? Avropa İttifaqının, Avropa Parlamentinin bizə qarşı da ədalətsiz davranışları və yanaşmalarını biz müşahidə edirik. Bu baxımdan, bizim maraqlarımıza kim cavab verəcəksə, üzvlük məsələsi mümkün ola bilər. Təbii ki, bunu dövlət rəhbərliyi həll edir. Lakin ümumilikdə götürəndə düşünürəm ki, mümkün ola bilər”.

Rəfiqə NAMAZƏLİYEVA