"Statistikanı artırıb-azaltmaq kimin nəyinə lazımdır?" - Deputat koronavirusdan danışdı

"Necəyiksə, o cür də pandemiyadan əziyyət çəkəcəyik"

“Statistika aşağı düşdükcə insanlar sanki heç bir təhlükə yoxdur kimi rəftar edir, daha çox arxayınlaşmağa başlayır”

AzNews.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa koronavirusa yoluxma hallarının azalmasından danışarkən deyib.

Millət vəkili insanların inamsızlığının əsassız olduğunu bildirib: “Kimin marağı ola bilər ki, bu məsələdə saxtakarlıq edilsin. Hökumət əksinə, maraqlıdır ki, vətəndaş bu yumşalmadan sonra arxayınlaşmasın. İnsanlar bundan sonra qaydalara daha az əməl etməyə çalışırlar. Belə bir vəziyyətdə bunu göstərməyin bir adı yoxdur. Amma indi görünür, havanın istiləşməsi yoluxma sayına təsir edib. İkinci də, kənardan həkimlərin gətirilməsi, yeni xəstəxanaların açılması da müsbət nəticənin yaranmasına səbəb olub. Statistikanı artırıb-azaltmaq kimin nəyinə lazımdır? İnandırıcı görünmür. Hər bir məsələyə müəyyən dərəcədə şübhə ilə yanaşan insanlar həmişə olur. Amma ümumi tendensiya budur ki, həqiqətən azalma var. Elə etməliyik ki, artan miqyasda getməsin. Son iki gündə çimərliklərdə müşahidə etdiklərim heç də ürəkaçan olmadı. Çimərliyi həm də yemək yerinə çevirmək, xüsusi bir ritualları orda gerçəkləşdirmək doğru deyil. Bu gün dənizdə şüşə qırıqlarının, yemək qalıqlarının yerə atıldığını gördüm. Bu qədər təbliğatdan sonra yenə də dəyişmirik. Necəyiksə, o cür də pandemiyadan əziyyət çəkəcəyik”.

Səidə Vahid

AzNews.az