Dünyanın 50 sənətçisi BBC-yə səsləndi - “Eurovision” İsraildə keçirilməsin!

"Eurovision əyləncə işi ola bilər, amma bu, onu insan haqlarını düşünməkdən azad etmir".

Dünyaca məşhur 50 sənətçi BBC-ni İsraildə keçiriləcək “Eurovision” mahnı yarışmasının başqa ölkəyə köçürülməsi üçün təzyiq göstərməyə çağırıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, 50 məşhur sənətçi “The Guardian” qəzetində nəşr etdirdikləri ortaq məktubla BBC-ni bu il İsrailin Tel-Aviv şəhərində keçiriləcək “Eurovision” yarışmasından dəstəyini çəkməsi üçün çağırış edib.

BBC-ni 8 fevralda İngiltərənin “Eurovision” namizədinin müəyyənləşəcəyi “Sən Qərar Ver” yarışmasından əvvəl hərəkətə keçməyə çağıran sənətçilər məktubda bunları qeyd edib:

“BBC “Sən Qərar ver” prinsiplərinin fələstinliləri də əhatə etməli olduğunu düşünməlidir. Fələstinlilər İsrailin hərbi işğalını aradan qaldırmaq üçün qərar verə bilmir. BBC konstitusiyasına uyğun olaraq “söz azadlığını” müdafiə etməyə məcburdur. Prinsiplərinə görə hərəkət etməli və “Eurovision”un bu azadlığa qarşı cinayətlərin olmadığı bir ölkədə keçirilməsi üçün təzyiq göstərməlidir”.

Məktuba imza atan sənətçilər arasında Pink Floyd qrupunun solisti və baş gitaristi Rocer Voters, yazıçı Yann Martel və rejissor Ken Loach olub.

Pərvanə Ağazadə

AzNews.az