“Məlahət xanım, sizin Türkiyədə nə işiniz var?” - Qalmaqal məhkəməyə çıxır

"Əgər bunu bilirdinizsə, niyə bizə o vaxt demədiniz?"

Neçə müddətdir ki, "Sinemanın kral və kraliçası” yarışması ilə bağlı qalmaqal mətbuatın gündəminə çevrilib. Yarışmada dələduzluğa yol verildiyi barədə söz-söhbət dolaşır.

Müsabiqənin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid Əyyubqızı və “Üçbucaq” media şirkətinin rəhbəri Ceyhun Qəşəm ünvanlarına deyilən ittihamlara AzNews.az vasitəsilə cavab veriblər.

- “Sinemanin kral və kraliçası” layihəsinin keçirilməsində məqsəd nədir?


Vüsalə Səid:

- Yarışma, qardaş ölkə Türkiyədə həyata keçirilən layihədir. Məqsəd, istedadlı gənclərin müsabiqə yolu ilə seçilməsi, film sənayesinə cəlb edilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır. Münsiflər heyətində ötən il 13 nəfər təmsil olunurdu. Onların arasında Türkiyənin məşhur sənətçilərindən Tamer Karadağlı, Ceren Kaplakarslan, Vilma Elles, Salih Güney və digərləri, Azərbaycan tərəfdən isə aktrisa Məlahət Abbasova, modelyer Gülnarə Xəlilova təmsil olunurdu. 2017-ci ildə mən bu layihənin rəhbəri tərəfindən qala gecəsinə dəvət olunmuşdum. Orada Atilla bəy mənə Azərbaycanın da bu layihəyə qoşulmasını təklif etdi. Təklifi Azərbaycan tərəfi ilə razılaşdırandan sonra onlara razılıq verdik. Və 2017-ci ilin sonunda layihənin Azərbaycanda ilk tanıtım mətbuat konfransını keçirdik. 2018-ci ilin əvvəlində isə seçim mərhələsi baş tutdu. Münsiflər 5 nəfəri seçdi. 2 nəfər əsas qalib, 2 nəfər qaliblərə əvəz, 1 nəfər isə “miss fashion” yarışı üçün müəyyən olundu. Birinci seçilən xanım, qalaya az vaxt qalmış, ailə məsələlərini əsas gətirərək layihədən uzaqlaşdı. Hətta bileti belə, alınmışdı... Belə olan halda, əvəz seçilən xanıma müraciət olundu. O da biletin alındıgını bildiyi halda, ölkəni istirahət üçün tərk etmişdi. Nəticə etibari ilə şərtlərə görə, 3-cü seçilən xanım birinci olan bəylə birlikdə ölkəmizi layiqincə təmsil etdilər.

Layihənin 3 ortağı olub. Rəhbəri Atillla Kaplakarslanın sozlərinə gorə, ortaqlardan biri, Bonne Vie jurnalının rəhbəri layihədən uzaqlaşdırılır.

Biz bu il olkəmizdə artıq 2-ci dəfədir ki, "Sinemanin kral və kraliçası” yarışmasını təşkil edirik. Qeydiyyat üçün son tarix fevral ayının 10-a nəzərdə tutulub. Fevralın 23-ü isə seçim günüdür. Burada qalib gələn 1 nəfər bəy və 1 nəfər xanım Türkiyədə təşkil olunan qala gecəyə vəsiqə qazanacaq. Mart ayının 31-dən etibarən kamp muddəti başlayır. Orada gənclər qala gününə qədər dərs alacaqlar. Aprel ayının 9-u isə qala gecəsi təşkil olunacaq.

- "Sinemanın kral və kraliçası” rüşvətxorluqda hallanır, bununla bağlı nə deyə bilərsiniz?


Ceyhun Qəşəm:

- Hazırda layihə parçalanıb. “Sinemanın kral və kraliçası” ortaqlardan birinin adına, “Sinema gözəli” isə digər ortağın adına sənədləşdirilib. Aysel Nazim adlı xanım bizi oğurluqda və rüşvətxorluqda ittiham etdi. Deyir ki, guya biz müsabiqəyə qatılan iştirakçılardan pul alırıq. Bundan əlavə, Aysel xanım deyir ki, guya biz onun layihəsini oğurlamışıq və adlarından istifadə edirik. Biz nə qarşı tərəfdən çəkinirik, nə də onların yanında bir əyri işimiz var. Sadəcə, bu kimi layihələrin böyük reklam büdcəsinə ehtiyacı var. Layihəyə qoşulmaq üçün insanlarda maraq oyatmaq lazımdır. Onların da böyük büdcəsi olmadığından, rahat yol seçdilər, qara piardan yapışdılar. Başladılar bizi ittiham eləməyə, şəxsiyyətimizi alçaltmağa və getdiyimiz yola xələl gətirməyə.

Vüsalə Səid:

- Bu ildən etibarən bizim layihənin təkrarını etməyə çalışan qarşı tərəf, onların hələ reallaşdırmağa cəhd etdikləri layihələrini oğurladığımızı söyləyir. Və ya “onlar pul alır, biz almırıq” mesajını verirlər. Bizimlə nə işiniz var, gedin öz işinizi görün. Sizdən bizə nə?! Siz pulsuz layihə həyata keçirirsinizsə, niyə məni aşağılamalısınız, dələduzluqda ittiham etməlisiniz? Sənin öz layihən, bizimsə öz layihəmiz var. Niyə hər yerdə deyirsiniz “onlar seçim turunu pullu edir, biz pulsuz”, “onların layihəsinə getməyin, bizə gəlin” və s. Biz müsabiqəni pulla həyata keçirdiyimizi heç vaxt gizlətməmişik. Nə vaxtdan fiziki məhdudiyyəti olanlara kömək etmək günah olub? Ötən il keçirdiyimiz müsabiqədə Azərbaycanda yaşayan və fiziki məhdudiyyəti olanlara yardım ayıra bilmədik. Çünki qısa zaman kəsiyində bunu reallaşdıra bilmədik. Amma bu il toplanan məbləğin 50%-i Türkiyə, 50%-i isə Azərbaycan tərəfinə keçiriləcək. Həmin məbləğ ehtiyacı olan şəxslərə ödəniləcək. Siz bizim ünvanımıza belə məsələləri hallandırmaqla nə əldə edəcəksiniz?

- Qalmaqalda əməkdar artist Məlahət Abbasovanın da adı keçir. Hətta açıqlamalardan görünür ki, aktrisa qarşı tərəfi dəstəkləyir…

Vüsalə Səid:

- Mən ötən il aktrisa Məlahət Abbasovanı münsiflər heyətinə dəvət etdim. O da razılaşdı. Həmin vaxt Məlahət xanım məndən xahiş etdi ki, Saleh Güney Azərbaycana gəlmişkən, onu verilişinə qonaq etsin. Mən dedim ki, bizim çəkilişlə sizin çəkiliş eyni günə düşür. Bu şərtlə icazə verirəm ki, siz çəkilişinizi tez bitirəsiniz. Məlahət xanım da söz verdi. Amma deyilən vaxtda qonağı buraxmadı. Çox geçikdilər. Bununla bağlı mənə irad tutulanda, götürdüm Məlahət xanıma zəng edtim və bir az onunla əsəbi tonla danışdım. Sən demə, Məlahət xanım o səs tonunu unutmayıb. Qalmaqal başlayanda o, ikinci layihənin münsif heyətində olan Anar Heybətlinin paylaşımının altından rəy yazıb: “Anar, bu tip layihələrə qoşulma. Mən qoşulduğuma görə peşman olmuşam. Deyirlər ki, iştirakçılardan 300-400 manat pul alırlar. Mən utanıram”. Məlahət xanımın bu paylaşımını saytlar xəbərə çevirib, bizi dələduzluqda ittiham etdilər. Bundan əlavə qarşı tərəfin rəhbəri sosial şəbəkədə sənədlər paylaşıb ki, “bu layihə bizimdir, qarşı tərəfə inanmayın”. Onu əsas gətirərək, bizim layihəmizi gözdən salmaq istədilər.

Ceyhun Qəşəm:

- Yazdığından başa düşülür ki, Məlahət xanım heç kimi dəstəkləmir, sadəcə, paylaşım edib. Məlahət xanım qeyd edib ki, Türkiyədə azərbaycanlı gənclərə ehtiyac yoxdur. Mən ona sual verirəm, Məlahət xanım, siz ötən il layihədə iştirak etmisiniz. Neçə ildir orada yaşayan aktrisa olaraq, əgər bunu bilirdinizsə, niyə bizə o vaxt demədiniz? Niyə münsiflər heyətində təmsil olundunuz? Daha əvvəlcədən deyərdiniz. Əgər yoxdursa, niyə Türkiyə tərəfi bizim gəncləri filmlərinə dəvət edir? Var axı… bəlkə də bu fikrim qalmaqala səbəb olacaq, amma deməliyəm. Məlahət xanım, Türkiyədə sizə ehtiyac varsa, deməli, sizdən sonrakı nəsilə də ehtiyac var. Ehtiyac yoxdursa, sizin nə işiniz var orada? Deyir ki, iştirakçılardan birindən 300-400 manat alınıb. Bu biri dediyiniz şəxsi üzə çıxarın, biz də bilək ki, o kimdir.

- Bütün bunlardan sonra məhkəməyə müraciət etmək istəyirsiniz?

Vüsalə Səid:

- Mən bunu mütləq hüquqi qaydada həll edəcəyəm. Artıq bununla bağlı göstərişlər vermişəm. Sənədlər toplanılır. Bütün sənədlər hazır olandan sonra məhkəməyə müraciət edəcəyəm. Kim mənim ünvanıma dələduz, rüşvətxor deyibsə, məhkəmə qarşısında cavab verəcək. Sübut olmayan yerdə kimsə mənə dələduz deyə bilməz.

Ceyhun Qəşəm:

- Söz azadlığı o demək deyil ki, kimsə mənim şərəfimi alçatsın. Hər kəsin öz hüquqları var. Belə insanlar özlərinə güvənə bilmirlər. Amma hansısa yolla gündəmdə qalmalıdır. Biz də öz gedişimizi oynadıq, qarşılıq vermədik. Biz onlara dəstək verməyə hazır idik, amma gərək onlar bizi aşağılamayaydılar. Bununla bağlı mətbuat konfransı da keçirdik. Həmin konfransda bir diqqətsizlik olub. Layihə ilə bağlı bütün deyilənlər, ilin hesabatı orada iştirak edən jurnalistləri maraqlandırmadı. Onların birindən bir kəlmə yazılmadı. Amma yazdılar ki, adı qalmaqalda hallanan yarışmanın qala gecəsi martın 31-də Soyqırım günü keçiriləcək. Elə bir şey yoxdur, yalandır. Biz Atilla bəylə canlı bağlantı yaratdıq. O, söhbət əsnasında dedi ki, martıq 15-i seçim turu başa çatır. Ayın 31-dən isə kamp başlayır. Qala gecəsi aprelin 9-da olacaq. Butun bu məlumatlar saytda da öz əksini tapıb və tarixlər hələ ötən ildən etibarən razılaşdırılıb. Jurnalistlər isə qala çecəsi kimi martın 31-ni işıqlandırıblar. Bu, jurnalistlərin səhvidir, bizim günahımız deyil. Konfransdan videonu isə sosial şəbəkədə paylaşmışıq.

- Sizə qarşı olan “qara piar”ın arxasında kim dayanır?

Vüsalə Səid:

- Onun kimliyi bizə də maraqlıdır. Bu, ucuz reklamdan başqa bir şey deyil.

Bahar RÜSTƏMLİ
AzNews.az