Ramiz Zeynalovun üstündə tikilən bina - Şikayətdən də qazananlar

Getdim, sakitcənə cəriməmi ödədim, texniki qeydiyyatdan keçdim. İndi ürəyimi boşalda bilərəm, əks halda deyəcəkdiniz ki, cəriməni ödəməkçün hay-küy edir

Deyəcəkdiniz də, bilirəm axı.

Cəriməni ödədim, çünki sonuncu gün idi, sabaha qalsa yeni bir cərimə məni gözləyirdi. Yeni cərimədən şikayətə də yer qalmamışdı. Həm də, düz iyirmi gün boyunca şikayət etməyin acı nəticələrini bircə- bircə görmüşdüm. Kişilər çox ciddi biznes qurublar- sən şikayət edirsən, onlar qazanırlar. Sən şikayət edirsən və daha çox xərcə düşürsən. Yox, belə olmayacaq, başdan başlayım, bir-bir izah edim.

Yanvar ayının üçü ASANPAY kabinetimə cərimə gəldi. Düz əlli manat. Sağ olsunlar, 10 gün ərzində ödəsəm endirim də təklif edirdilər, 10 faiz. Texniki qeydiyyatın vaxtını keçirmişdim. Son tarix yeni ilin ilk günü imiş, biri yanvar. Unutmuşdum, təqsirimi boynuma alıram. Amma yadıma düşdü ki, keçən illərdə cəmi bircə dəfə texniki qeydiyyatdan keçirdiyim başqa bir maşın üçün hər ilin müvafiq günündə xəbərdarlıq SMS-i gəlirdi. SMS qutumu yoxladım, heç bir xəbərdarlıq mesajı yox idi.

Yanvarın biri bayram gününə düşürdü, qeyri iş günü idi, ölkədə sərtləşdirilmiş karantin rejimi hökm sürürdü. Üstəgəl də vaxtın bitməsi haqda heç bir xəbərdarlıq gəlməyib. Bütün bunları əldə rəhbər tutaraq gələn cərimənin aşağısındakı “şikayət et” düyməsinə basdım və uyğun dildə izah etdim.

Ramiz Zeynalov

Kaş etməyəydim deməyəcəm, bütün hallarda narazılıq varsa şikayətin tərəfdarıyam. Həm də, şikayət etməsəm bunları öyrənib sizləri xəbərdar edə bilməzdim.

Şikayətə qane olmadım, ağlı kəsən adamlardan, bu sahənin bilicilərindən məsləhət aldım. Hamısı ilk kəlmədən sonra bu sahədəki pullu bir xidməti təklif elədi. Mən “ axı niyə...?” deyə-deyə durdum, dostlar dedi salamatı budur, vəssalam. Elə o anda da ağlıma gəldi ki, bəs o pullu xidmətə bizim DYP-yə aid bütün məlumatlarımız kim verir? Vermir deməyin, hər halda ulduzlar mənim nə zaman texniki baxışdan keçdiyim, harda hansı qayda pozduğum, harda sürət radarına düşdüyüm haqda heç nə demir. Verir, verir... Kim verəcək, əlbəttə ki, məlumat kimdədirsə elə o verir. Bəs hansı yol ilə? Hüquqi tərəfi varmı? Bu məlumatlar üçüncü tərəfə ötürülə bilərmi? Maraqlı suallardı, amma cavabı məndə deyil. Kim bilirsə, desin, aydınlanaq.

İlk ağıla gələn o idi ki, adamlar buradan şikayəti yaradıb, o biri tərəfdən şikayətdən pul qazanırlar. Göz görə- görə. Çox ağıllı bir üsulla. “Bərəkallah”- demişdim ki, telefonuma zəng gəldi. Danışan adam şikayətimlə bağlı zəng etdiyini bildirdi, maşınımın nömrəsini, markasını soruşub məni xeyli sevindirdi və telefonu söndürüb səsi ilə birlikdə qeybə çəkildi.

Başladım gözləməyə. Bir gün, iki gün, gördüm yox, heç bir xəbər çıxmır. Mənə yazılan cərimə iyirmi gün vaxt verirdi ki, problemi həll edim. Günlər isə sürətlə keçirdi. Nəhayət ki, DYP-nin qaynar xəttinə 902-yə zəng etmək qərarına gəldim.

Bəh-bəh... Qaynar xətt, nə qaynar xətt. Yandırırmış ki... İlk dəfə həvəsli olursan, dəqiqədə iki dəfə, biri nəzakətli, biri bir az əsəbi iki ayrı xanımın səsindən “xətlərimiz məşğuldur...” – nağılını dinləyə-dinləyə bir də görürsən 15-20 dəqiqə keçib. Söndürürsən, sonra bir də yığırsan. Bu dəfə də indicə bağlanar, dərdimi deyərəm ümidi ilə bir xeyli telefondan asılı qalırsan. Bu dəfələrin birində, gözün təsadüfən səndən çıxılan məbləğə yönəlir. Tez sonuncu zəngin zamanına baxırsan, hesab-kitab edirsən. Bu da nə? Qaynar xətdə qaldığın, musiqi dinləyib xanımların səsi ilə feyziyyab olduğun hər dəqiqə üçün səndən 8 qəpik tutulub. Dəqiqəsi səkkiz qəpiyə dinləyirmişsən o iki xanımın monoloqunu...

Zamanımızda dünyanın çox yerində ölkəiçi zənglərin az qala pulsuz olduğu, hətta rominqlə, dövlətlərarası zəngin 8 qəpikdən daha ucuz olduğu bir vaxtda sənə ölkənin içindəcə, heç bir cavab verilməyən, heç nə əldə etmədiyin bir zəngin hər bir dəqiqəsi üçün 8 qəpik pul alıblar. Özü də öncədən heç bir xəbərdarlıq etmədən, heç bir xidmət göstərmədən!

Bu yerdəcə bu sistemi düşünən ağıla bir bərəkallah göndərib, riyazi biliklərini işə salırsan. Təbii ki, orta hesabla. Hər gün 500-600 zəng edən, hərəyə 20 dəqiqə xətdə gözləsə nə az nə çox, 1000 manat pul edir. Buyurun! Dünya belə biznes görməyib! Biznes deyil e, start-up layihədi, yenilikdi! “Daha çox şikayət, daha çox qazanc” devizi ilə yaradılmış böyük bir layihədir!

Bu yerdə DYP-nin başındakı adamın illərdir niyə vazkeçilməz olduğu, heç bir qüvvənin onu oturduğu yerdən tərpədə bilmədiyinin sirri adama agah olur. Kişi işləyir də! İşləyən adamı niyə çıxartsınlar ki?

Hələ ikinci variantı da deyənlər var. Yadınıza gəlirsə, bu yaxınlarda DYP rəisinin əvvəlcə işdən çıxarılma xəbəri ildırım sürəti ilə yayıldı. Xəbər sonuncu adama çatmamış, təkzib xəbəri ondan da sürətli gəldi. Məndən eşitmiş olmayın, deyilənə görə, əslində, müəllimi çıxartmaq istəyiblər, amma sonradan aydın olub ki, hələ o vaxt DYP-nin inzibati binasının tikinti sənədlərində kişi üçün yer nəzərdə tutulubmuş. El dili ilə desək, bina tikiləndə kişi oradaymış, binanı kişinin üstünə layihələndiriblər. Belə...

Qayıdaq əsas məsələyə. Qaynar xətdə başıma gələndən sonra, yəni az qala cərimələndiyim pul qədər də orda xərclədiyimi anlayandan sonra, o işin başını buraxdım. Bir tərəfdən də gördüm vaxtım lap azalıb, nəsə etməliyəm, yenidən ASANPAY kabinetimə girib, bir daha şikayət etdim.

İki gün sonra yenidən zəng gəldi. Maşının nömrəsini, modelini soruşub aradan çıxmaq istəyəndə, dedim “ Dayan e, a kişi hara? Mənim cəmi 3 gün vaxtım qalıb”. Və başladım dərdimi sözlə də xəttin o başındakına anlatmağa. Daha doğrusu anlatmaq istədim. Nə xeyri, adam “no” düyməsini basıb sözümü ağzımda qoydu. Yenə də, bir ümid deyib sonuncü günə kimi xəbər gözlədim, gördüm nə səs var nə soraq.

Durub getdim texniki qeydiyyatdan keçməyə. Amma burasını da düzünü yazacağam, idarədə təsadüfən yaxınlaşdığım, qapısında 8 yazılan otaqdakı tanımadığım və məni tanımayan mayor rütbəli polis məni mədəni şəkildə xeyli dinlədi. Əlindən heç nə gəlmədiyini təəssüflə izah etdi. Cəriməni ödəməzsəm, sistemin texniki qeydiyyata icazə vermədiyini bildirdi və sonuncu mümkün variant kimi məsləhətini verdi. “Şikayətinizdən xəbər gələnə kimi maşını idarə etmədən gözləyə bilərsiniz bəlkə də, amma nəticədə buraya gələndə yenə də kameralar tərəfindən cərimələnəcəksiniz.” Vəssalam, daha bir hekayənin həzin sonu.

Sakitcənə gedib cəriməmi ödədim. Sonra da elə o həmin mayorun köməkliyi ilə dövlət rüsumu olan otuz manatı ödəyib, texniki qeydiyyatdan keçdim.

İndi sizə məsləhətim nədir? Deyirəm yəni gördünüz ki, cərimə gəldi gedin başınızı salın aşağı, cəriməni ödəyin. Əks halda, nə edirsiniz edin, sizi cərimələyənlərə pul qazandırmış, özünüzsə daha çox itirmiş olacaqsınız. Sistem, sadəcə müdhişdir. Kişi işləyir də!

Sonda onu da deyim ki, mənə zəng edib, şikayətimin araşdırıldığını deyən o iki nəfərdən hələ də xəbər-ətər yoxdur. Onlar üçün xeyli nigaranam!

Çingiz Özgür