• Tribuna
  • 31 Yanvar 2021 18:53
  •  6 801

Şuşa kimi Şuşa

Dövlət başçısı haqlı olaraq Şuşaya xüsusi dəyər verir

Azərbaycan Prezidenti Şuşa ilə bağlı daha bir Sərəncam imzalayıb, döyünən ürəyimiz olan şəhərə xüsusi yanaşmasını bir daha nümayiş etdirərək, ora Xüsusi nümayəndə təyin edib. Prezident Şuşaya Xüsusi nümayəndə təyin etdiyi Aydın Kərimovu videoformatda qəbul edərkən Qafqazın təkrarolunmaz inci şəhəri haqqında bir daha ürək sözlərini, fikir və təkliflərini bölüşüb, göstərişlər verib. Bu, cənab Prezidentin “Şuşasız bizim işimiz yarımçıq qalar” vədindən bu yana Şuşa ilə bağlı ard-arda, inkişaf edən xətlə və artıq neçənci dəfə səsləndirdiyi mükəmməl fikirlərdi, təsbit və təsdiqdi.

Dövlət başçısı haqlı olaraq Şuşaya xüsusi dəyər verir. Bütün Azərbaycanlıların Prezidenti Şuşanı bir simvol şəhər olaraq qiymətləndirərkən, bütün şəhərlərimiz qarışıq Azərbaycan sevgisini, xalqa dərin məhəbbətini, alovlu vətənpərvərliyini təcalla etdirmiş olur. Şuşa Azərbaycan şəhərlərinin azadlığını simvolizə edir, Şuşa demək, həm də Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Kəlbəcər, Laçın, Zəngilan… Qarabağ deməkdi. Şuşanın starteji önəmindəndi ki ipə-sapa yatmayan Ermənistan siyasi-hərbi rəhbərliyi məhz Şuşa azad olunduqdan sonra ağ bayraq qaldırdı.

Dövlət başçımızın Şuşanın azad olunması ilə bağlı Xalqa Müraciətini, “Şuşanın azad olunmasına görə” medal təsis edərək, şəhərin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik, şücaət nümayiş etdirmiş hərbçilərimizi o medalla təltif etməsini, Şuşanı Mədəniyyət Paytaxtı elan edərək, orada “Xarı bülbül” festivalının, “Vaqif Poeziya Günləri”nin bərpa olunmasına göstəriş verməsini minnətdarlıqla vurğulamaq istərdim. Fikir, hərəkət, iş ardıcllığı İlham Əliyev xarakterinə, Şuşanın Azərbaycanlılar üçün daşıdığı xüsusi mənaya, Şuşa tarixinin ləyaqətinə uyğundur. Ötən günlərdə Prezident Şuşaya ailəsi ilə səfər etdi, bir gecə Şuşada qaldı, Natəvan, Üzeyir Bəy Hacıbəyli və BÜLBÜLün güllələnmiş abidələrini görk olaraq Şuşaya qaytardı, şəhərin mövcud durumu ilə ətraflı tanış oldu, müvafiq göstərişlərini verdi, Bakıya döndükdən sonra xüsusi işçi qrup yaradaraq, Şuşaya ezam etdi və s. Budur, 19 yanvarda təsis edilmiş Prezidentin Xüsusi nümayəndəsi institutunun ilk təyinatı Şuşa ilə bağlı oldu. Prezidentin Şuşaya Xüsusi nümayəndə təyin etdiyi Aydın Kərimovun məhz şəhərsalma üzrə təcrübəyə malik olması da, elə bilirəm, çox mətləblərdən xəbər verir:

“İnfrastruktur layihələrinə gəldikdə, Şuşa infrastruktur baxımından demək olar ki, tamamilə geridə qalmış bir şəhərdir. Düşmən orada bir daşı daş üstə qoymayıb, bir bina tikməyib. Özləri üçün bir neçə villa tikdirib. Villanın biri o xunta başçısına, biri isə deyilənə görə, Ermənistan rəhbərliyində təmsil olunan zəngin, rüşvətxor məmura məxsusdur. Mənfur düşmən 28 il ərzində orada ondan başqa bir dənə də bina tikməyib. Yollar bərbad, binalar dağılmış, hər tərəf xozanlıq, zir-zibil, çirkin köşklər. Olan-qalanı da dağıdıblar. Bir daşı daş üstə qoymayıblar, ancaq istismar ediblər. Bundan sonra gəlib deyirlər ki, Şuşa erməni şəhəridir, onun adını da dəyişdirməyə cəhd ediblər. Ona görə infrastruktur layihələrinin icrası, əlbəttə ki, birinci məsələdir. Bununla paralel olaraq şəhərsalma işləri düzgün aparılmalıdır. Siz bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləmisiniz, təcrübəniz var və əminəm ki, bu işlərə rəhbərlik edəcəksiniz”. – Azərbaycanın dövlət başçısının sözləridir.

Şuşanın təmir-bərpadan sonrakı halı bu şəhərin əsl sahiblərinin mədəni səviyyəsini, Şuşacanlılığını, torpağabağlılığını bir daha göstərəcək. Necə ki fövqəladə Şuşa əməliyyatını həyata keçirən qəhrəman hərbçilərimiz ötən il noyabrda bunu özlərinəxas şəkildə sübut etmişdi. Şuşanın bərpa edilmiş və yenilənmiş siması yadelli işğalçı ilə şəhərin qurucu yiyələrinin, cahillərlə çağdaş dünyagörüşlülərin təkzibolunmaz fərqini bir daha göstərəcəkdir.

Bəli, Şuşa bizimçün xüsusi şəhərdi. Torpaq bizim, şəhər bizim, mədəni irs bizim, şəhərin bugünü və gələcəyi bizimdir. Şəhərin qurucu milləti onun niyə qurulduğunu, nə vaxt qurulduğunu necə qurulduğunu, necə yaşadılacağını hamıdan yaxşı bilir, əlbəttə. Əlbəttə, cənab Prezidentin Mədəniyyət Paytaxtı elan etdiyi Şuşanın azadolunması da Azərbaycan hərb mədəniyyətini, döyüş sənətinin parlaq təcallasıydı. Şuşa uğrunda yalnız Şuşadan başqa Şuşa tanımayanlar elə vuruşa, elə döyüşə bilərdi. Tarix öz qızıl səhifəsində Şuşanın azad olunmasına yer verəcək mütləq. Mütləq Şuşanın təmir-bərpadan sonrakı halı dünyanı heyran qoyacaq. Mədəniyyət Paytaxtımız turizmin də paytaxtı olacaq, əfsanələrimizin də, iradə, zəfər, ümid və inamımızın da...

Xüsusi nümayəndə Aydın Kərimova uğurlar arzulayıram!
DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri