Umudun Vətənini anlatmaqdan, göstərməkdən, təbliğ etməkdən usanmamasının da şahidiyəm Umudun Vətənini anlatmaqdan, göstərməkdən, təbliğ etməkdən usanmamasının da şahidiyəm
  • Tribuna
  • 1 Fevral 2021 21:55
  •  19 941

Umud Rəhimoğlu 60 yaşında - MŞ sədrinin yazısı

Umudun Vətənini anlatmaqdan, göstərməkdən, təbliğ etməkdən usanmamasının da şahidiyəm

Onun haqqında çox xoş sözlər demək mümkündür. İşgüzardır, dostcanlıdır, qayğıkeşdir və s. Bütün bunları bildirməkdən, diqqətə çatdırmaqdan uzağam. Yalnız bir məsələ üzərində dayanacam - vətənpərvərlik. O, vətənpərvərliyi uca məqama, duyğuya çevirməyi bacaran adamdır.
Gördüyü işlərdən, reallaşdırdığı layihələrdən hər kəs, o cümlədən bu yazdığımı oxuyanların əksəriyyəti xəbərdardır. Tam mümkündür ki, kimlərsə də həyata keçirdiyi tədbirlərə vətənpərvərlik kimi yanaşsın. Ancaq qəti əminəm ki, onun belə demək mümkünsə, səssiz, pafossuz vətənpərvərliyi barədə çoxu məlumatsızdır. O vətənpərvərlik ki, onu konkret detallarda, konkret vəziyyətlərdə görmək mümkündür. Mən görmüşəm.
Ona da tam əminəm ki, ömrünün ötən 60 ilinin böyük hissəsi səssizlikdə, düşüncədə, öz daxili aləmi ilə söhbətdə keçib bu adamın – Umud Rəhimoğlunun.
Umud Rəhimoğlu obrazı mənim nəzərimdə özünə xas işgüzarlıq keyfiyyətlərini Vətən sevgisi ilə uzlaşdırmaq məharətidir. Bu məharət hər adamda ola bilməz. Bu məharəti şərtləndirən cəhətləri hər kəsin daşıması mümkünsüzdür. Axı məharətli olmaq insandan fövqəladə nələrisə tələb edir. Umud Rəhimoğlu dünyaya fövqəladə missiya ilə gəlmiş biridir. Müxtəlif toplantılarda, xarici qonaqlarla görüşlərdə bu missiyanı necə icra etdiyinin şahidiyəm.
Umudun Vətənini anlatmaqdan, göstərməkdən, təbliğ etməkdən usanmamasının da şahidiyəm. Azərbaycan, Qarabağ həqiqətlərini diqqətə çatdırmaq üçün iynə ucu qədər yer varsa, o yeri dişi və dırnağı ilə genişləndirib bacaya, pəncərəyə, qapıya çevirəndir Umud. Umud Azərbaycana qarşı əks niyyətləri dəyişdirəndir. Bu amal naminə kimlərəsə nələrisə izah etməkdən yorulamayandır Umud Mirzəyev. O, Azərbaycan cəmiyyəti üçün əsl tapıntıdır. Güman edirəm, xidmətlərinə tarix özü nə zamansa layiqli qiymətini verəcəkdir.
Umud dostları, yoldaşları, həmkarları üçün də müstəsna tapıntıdır. Nə xoş ki, bu gün bu tapıntı insan 60 yaşına yetişib. Nə xoş ki, çalışmaq, mübarizə aparmaq əzmi yerindədir. Uca Tanrı bu əzmini ömrü boyu möhkəm eləsin. Və nə xoş ki, bu vətənpərvər insan 60 yaşını Vətən, doğma yurd, el-oba niskilinə son qoyaraq qarşılayır.
60 illik yubileyin mübarək olsun, səssiz Vətənpərvər. Səni səmimi qəlbdən təbrik edir, uğurlar və cansağlığı arzulayıram.

Əflatun Amaşov,

Mətbuat Şurasının sədri