- Tribuna
- 3 Fevral 2021 13:22
- 22 591
Deputat: İdarəçilikdə düzgünlük olsun deyib, lətifədəki adam kimi davranırıq
Görünür ki, istəklərini dilə gətirərkən məmurlara anındaca nə lazımdır və necə lazımdır deyilib
"İki gündür ki, sosial şəbəkədə minlərlə, bəlkə də, on minlərlə adam Prezident İlham Əliyevin fevralın birində Azərbaycan Televiziyasına verdiyi intervyuda səsləndirdiyi tənqidi fikirləri paylaşır. Bununla bağlı şərhlər də az deyil və onların əksəriyyətində diqqət tənqid hədəfi olan hərəkətin özündən daha çox tənqid edilənlərin kimliklərinə yönəlib".
AzNews.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev "Facebook" hesabında yazıb.
"Əlbəttə, bu təbiidir, çünki söhbət yüksək vəzifəli məmurlardan gedir. Amma və lakin, mən belə hesab edirəm ki, cənab Prezidentin həmin məmurları tənqidi onlardan da çox bizim hamımızın nəticə çıxarmağımız üçün idi. Əks təqdirdə o fikirlər kameralar qarşısında söylənilməzdi. Məmurların özlərinə gəldikdə isə, elə sözü gedən intervyudan da görünür ki, istəklərini dilə gətirərkən onlara anındaca nə lazımdır və necə lazımdır deyilib", - deyə deputat bildirib.
S. Alıyev əlavə edib ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyası liderinin cənab Prezidentdən Şuşada azərbaycanlı balaları üçün orta məktəb tikdirməyə razılıq verməsini diləməsi fonunda bizim məmur və yaxud da imkanlı kimsə orada ilk növbədə öz maraqlarına uyğun gələn layihəni reallaşdırmaq istəyində bulunursa, onun doğurduğu reaksiyanı təsəvvür etmək elə də çətin deyil.
"Beləliklə, dövlət başçımızın fevralın birindəki intervyusunda səsləndirdiyi tənqiddən mənim çıxardığım nəticələr hansılardır? Birinci nəticə budur ki, “biz torpaqlarımızı mütləq azad edəcəyik” söyləyən və yaxşı tanıdığımız böyük güclərin təzyiq, təhdidlərinə, diş qıcamalarına, sifət turşutmalarına rəğmən onu edən İlham Əliyev şəffaf, düzgün, halal, rasional, ağıllı, vətəndaş məmunluğuna yönəlik idarəçiliklə bağlı 2018-ci ildə andiçmə törənində nə demişdisə, hamısı yerinə yetiriləcək və kimsə bunun qarşısını almaq qüdrətində deyil.
İkinci çıxardığım nəticə də əslində birincidən doğur və o da budur ki, işğaldan qurtarılan torpaqlarımızda təkcə “smart”, yəni ağıllı şəhər və kəndlərin salınması planlaşdırılımır, həm də bütün bunlar belə demək mümkünsə, “smart”casına, talançılığa, ilkin kapitalın yığılması dönəminə xas hasarlama-qamarlama hərəkətlərinə yol verilmədən reallaşdırılacaq.
Üçüncü, bəlkə, elə də fərqində deyilik, amma Ali Baş Komandanımız təkcə torpaqlarımızı işğaldan azad etmədi, cəmiyyətimizi də başqasında gördükdə bizə xoş gəlməyən, haqlı nifrət doğuran, özümüzdə və doğmalarımızda isə bunu normal qarşıladığımız, hətta alqışladığımız bəzi mənfiliklər var ki, onlardan qurtarmağa çalışır. Çalışır və mənim yeni cəmiyyət quruculuğu kimi dəyərləndirdiyim bu prosesdə cəmiyyətin özünün də obrazlı desək, daş qaldırmasına ehtiyac duyur.
Biz idarəçilikdə, düzgünlük, şəffaflıq, halallıq olsun deyirikmi? Deyirik. Məmur özbaşınalığına son qoyulmasını, hər kəsin bacardığı işin qulpundan yapışmasını, çörək bişirməyin çörəkçiyə tapşırılmasını istəyirikmi? İstəyirik. Amma eyni zamanda da bir lətifəmizdə olduğu kimi, Allahdan avtomobil udmağı arzulayan, fəqət bunun üçün lotereya almaq lazım gəldiyini unudan adam kimi davranırıqmı? Davranırıq. Məhz ona görə də cənab İlham Əliyev dəfələrlə və israrla cəmiyyəti rastlaşdığı qanunsuzluqlara göz yummamağa, onun qarşısının alınması üçün hərkətə keçməyə səsləyir ki, fevralın birində də oxşar çağırış oldu: “Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa işləri ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa bax bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək”.
Amma bunu edənlər də cəzasız qalmayacaq. Prezidentimizin intervyusundan çıxardığım sonuncu nəticə də budur. Və odur ki, köhnə, yaxud yeni kadr fərqi yoxdur, hər kəs yeni reallıqlara uyğun işləməlidir. Bu unudulanda nə baş verdiyini görürük və görəcəyik", - millət vəkili vurğulayıb.