"Qarabağın bərpasına tələbələr də cəlb oluna bilər" - Millət vəkili Arzu Nağıyev

“Belə bir təcrübə SSR dövründə mövcud idi, bunu tələbə inşaat dəstələri həyata keçirirdi"

Müdafiə Nazirliyi işğaldan azad olunan ərazilərdəki tibb məntəqələrində, hospitallarda çalışmaq istəyən hərbi və mülki şəxslərin işə qəbulunu elan edir. Həmçinin hərbi həkim və ya feldşer vəzifələrində xidmət keçən və ehtiyata buraxılan 40 yaşadək zabit və gizirlər də müraciət edə bilərlər. Proses mərhələlərlə davam edəcək. Ərazilər bərpa olunduqca digər sahələrin mütəxəssilərinə də zərurət yaranacaq.

Bütün bunlar təbii ki, 30 ilə yaxın bir müddətdə Ermənistan ordusunun işğalında olan Qarabağın yenidən dirçəlməsinə, böyük qayıdışın bərpa edilməsinə yönəlib.

AzNews.az xəbər verir ki, millət vəkili Arzu Nağıyev Real TV-yə açıqlamasından təklif edib ki, indiki məqamda Azərbaycan universitetlərində təhsil alan tələbələr də bu işlərə cəlb oluna bilər.

Bunun mexanizminə gəlincə, millət vəkili bildirib ki, bu, təşkilatı işlər olduğundan nəzarəti və təşkilatçılığı da hər bir universitet özü həyata keçirə bilər: “Belə bir təcrübə SSR dövründə mövcud idi, bunu tələbə inşaat dəstələri həyata keçirirdi".

Millət vəkili qeyd edib ki, şəhidlərimizin və qazilərimizin canı bahasına geri qaytarılan Qarabağda qurub yaratmaq uğrunda birləşməliyik. Bununla da Böyük qayıdış layihəsində tələbələrin də qatqısı ola bilər.

AzNews.az