BİTMİŞ ROMANIN SON SÖZÜ: "BƏDBƏXTLƏR!”

Formalaşan təzə konfiqurasiyada “qaragüruh”-a yer yoxdur

...Bir az əvvəl, qaragüruhun-Prezidentin YAP-ın qurultayında etdiyi çıxışa reaksiyası ilə (öz aralarında adını “Milli Şuranın bəyanatı” qoyublar) tanış oldum və həm də çox məyus oldum. Ona görə ki, cəmiyyətdə müharibə sonrası baş verən son dərəcə ciddi prosesləri təhlil etmək, qələbənin özü ilə gətirdiyi əsaslı reallıqları dürüst qavramaq, qalib ölkənin vətəndaşına xas qürur və qurucu potensial nümayiş etdirməklə imkanı çatan səviyyələrdə vətən quruculuğuna qatılmaq, 30 ilə yaxındır ki, sürən ağır psixoloji apatiyalarının artıq klinik fəsadlar verdiyini anlamaq əvəzinə, yenə də köhnə, nimdaş sosial-kommunal beyinlərinin, bir az da kriminal tarixçələrinin əhatə dairəsində çənə döyüşdürüblər. Baxmayaraq ki, “30 ilin günahlarını bağışlasın!” deyə- Azərbaycan xalqından üzr istəmək, özünü sıravi bir işin qulpundan yapışmaq kimi şansda sınamaqla hər şeyi sıfırdan başlamaq da olardı.

Məsələn, Ə. Kərimli elə Yasamalda Hüquq Məsləhətxanası açmaqdan başlaya bilərdi. Məsələn, Cəmil Həsənli Heydər Əliyevin Azərbaycan tarixində oynadığı misilsiz rolu araşdırmağa, elə qaldığı yerdən davam edə bilərdi. Osmanqızının moderatorluğu, Ulu Öndərin Kremldəki şəxsi həkiminin (deyəsən Uxov) qiymətli məlumatlarının köməyi ilə. Gültəkin Hacıbəyli orta məktəblərdən birində məsələn ərəb dilində dərs deməyə başlardı. Məsələn, Tofiq Yaqublu ixtisasına (kooperasiya) uyğun bir işlə faydalı olmağa təşəbbüs göstərərdi... Başqa marginallaşmış keçmişlər” də öz imkanları müqabilində babat bir işin qulpundan yapışmağı test edə bilərdilər. Onlar artıq barışmalıdırlar ki, ölkənin, cəmiyyətin yenilənmiş tərtibatında, formalaşan təzə konfiqurasiyada “qaragüruh”-a yer yoxdur. İndiki formatda yer yoxdur!!! Onların möhləti bu kontekstdə bitib. Küçə adamının ali idarəçiliyə iddiası azı gülünc görünür. Dünyanın yenilənməsi, Bəşəri İnkişafın rəqəmsal fəzada öz sürətini artırması və özü də bunu həndəsi silsilədə etməsi keçmiş stadion “məhsulçuları”nı, zamanın yeni intellektual şərtlərinin dərk edilmədiyi, uyğunluq sertifikatına malik olmayan “lisensiyasız” iddiaları, korazehin qafaları tarixin çardağına, zirzəmisinə atmaqdadır. Dördüncü sənaye inqilabına keçid balının heç minimumunu da toplaya bilməyən pozucu baza-öz ibtidai təfəkkürünün “bağırsaq keçilməzliyini” yaşayır. Qaragüruhun sağlam tənqidə, üzlərinə çırpılan sərt reallığa hər belə inadlı reaksiyası bilirsiniz nəyə bənzəyir? Təsəvvür edin: ağır onkoloji xəstəyə onun xəstəliyinin adını, vəd etdiyi dəhşətli aqibəti deyirsən, müalicə üçün yol göstərirsən, o isə səni rədd edir, “heç vaxt dediklərinlə barışmayacam! Sonadək gedəcəm!” deyə bağırır. Sonadək gedir və ... ölür!

Zavallı marginallar, aldadılmışlar!

M. Qorkinin “Ana” romanını oxuyan var aranızda? Roman necə bitir, xatırlayırsınız?

“Bədbəxtlər!” Sizə demirəm: Roman bu sözlə bitir:”Bədbəxtlər!” sözü ilə. Yeri gəlmişkən, ağır olsa da razılaşın: Elə sizin də romanınız bitir!! Bitib.

Mirşahin AĞAYEV