Deputatdan Arif Hacılıya yaylım atəşi - VİDEO

"Arif Hacılı göstərir ki, siyasətdə sən demə dib heç də birqatlı deyilmiş, çoxqatlıymış, dibin dibləri varmış"

"Hörmətli xanım sədr, dəyərli həmkarlar! Xatırlayırsınızsa, 3 il bundan öncə Prezident İlham Əliev “əgər Cümhuriyyət qurucuları bugünkü Azərbaycanı görsəydilər, fəxr edərdilər” demişdi. Doğrudan da elədir? Fəxr edərdilər, Vətən savaşındakı qələbəmizdən sonra isə daha çox fəxr edərdilər.

Amma, o quruculardan biri- Məmmədəmin Rəsulzadə yaratdığı Müsavat Partiyasının adını mənimsəyib özlərinə dərnək quranların hələ səviyyələrini demirəm, indi o ad altında hansı oyunlardan çıxdıqlarını bilsəydi,əminəm ki, dəhşətə gələrdi.
Doğrudan da dəhşətdir, amalı yolunda ömrünü mühacirətdə başa vuran Rəsulzadə hara , onun yaratdığı partiyanın möhrüylə bəlli bir məbləğ qarşılığında saxta müxalifətçi arayışları verərək qərbə “mühacir ixracı”nda adı hallandırılan Arif Hacılı hara".

AzNews.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev Milli Məclisdəki çıxışı zamanı deyib.

"İndi də bu Arif Hacılı düşmənlə sinxron çalışır, iyunun dördündə 2 jurnalist və daha bir mülki şəxsin həlak olmasıyla nəticələnən terror aktına görə Ermənistan rəhbərliyini deyil, onun törədildiyi həmən Kəlbəcər rayonu qarışıq Azərbaycanın minlərlə kilometr ərazisini işğaldan azad etməyi bacarmış müzəffər Ali Baş Komandanımızı suçlayır. Səbəbini izah edim. Demək,artıq rəsmi şəkildə açıqlanıb ki, 3 soydaşımızın ölümüylə nəticələn mina ora savaş sonrası basdırılıb. Xatırladaq ki, düşmənin iki diversiya qrupu mayın 27-də Kəlbəcərin başqa bir kəndinə- Yuxarı Ayrıma da eyni məqsdlə soxulmuş, onlardan 6 nəfəri yaxalanmış, digərləri isə qaçıb getmişdi", - deyə deputat əlavə edib.

S. Alıyev bildirib ki, Minsk qrupuna həmsədrlik edənlər, ilk növbədə də Fransa heç olmasa bu olaydan sonra Ermənistanı belə hərəkətlərə son qoymağa, sərhəddə gərginlik yaratmamağa çağırmalı, eyni zamanda minalanmış ərazilərin xəritəsini vermək üçün ona təzyiq göstərməliydilər. Onlar isə Yuxarı Ayrımda ələ keçirilənlər də daxil olmaqla bütün diversantları hərbi əsir adlandıraraq buraxılmaları məsələsini qaldırırlar.

"Bununla da Ermənistandakı revanşizm tərəfdarlarını növbəti terrorçuluq əməllərinə həvəsləndirərək regionda yeni toqquşmalara yol açmaqla məkrli geosiyasi niyyətlərini reallaşdırmağa çalışırlar.

Kəlbəcərdəki terror aktında Azərbaycan dövlətini günahlandıran Arif Hacılı bax həmin çevrələrə yarınır, niyə yarınır, yəqin hər kəsə aydındır", - deputat vurğulayıb.

Millət vəkili çıxışını belə sonlandırarkən qeyd edib ki, görünür, Xalq Cəbhəsi və Müsavat Partiyasının siyasi olimpin onlarlıq olmadığını dərk edən başbilənləri arasında indi dibə enmək uğrunda yarış gedir:

"Son vaxtadək heç kəs Əli Kərimliylə Cəmil Həsənli qədər aşağı düşməmişdi. Amma onların ayaqlarının altından artıq taqqıltı gəlir. Taqqıldadan Arif Hacılıdır.

Arif Hacılı göstərir ki, siyasətdə sən demə dib heç də birqatlı deyilmiş, çoxqatlıymış, dibin dibləri varmış.
Bir sözlə, dibdəkilər enməkdə, sözün hər anlamında alçalmaqda davam edirlər. Nə deyə bilərik, yazıqlar olsun!".