Bu sazişi “böyük” adlandıra bilərik Bu sazişi “böyük” adlandıra bilərik
  • Tribuna
  • 11 İyun 2021 16:58
  •  10 427

Ərdoğanla Əliyev Şuşada “böyük” saziş imzalayacaq: Sadə görüntüdəki böyük hədəflər - TƏHLİL

Bu sazişi “böyük” adlandıra bilərik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada səfərdə olarkən azərbaycanlı həmkarı İlham Əliyevlə yeni müqavilə imzalayacağını deyib.

Türkiyə liderinin dediyindən anlaşılır ki, müqavilədəki müddəalar iki dövlət arasındakı strateji münasibətlərin daha da dərinləşdirilməsinə hesablanıb. Yəni, bu sazişi “böyük” adlandıra bilərik.

“Bu, əhatəli bir müqavilə olacaq”-deyə Ərdoğan bildirib.

Diqqət çəkən məqamlardan biri odur ki, Ərdoğan NATO sammiti çərçivəsində keçirəcəyi görüşlərdən sonra müqaviləyə imza atacaq.

Bu, o deməkdir ki, sənəd Qərb üçün də maraqlıdır və indi Ərdoğan Qərblə bəzi detalları məsləhətləşir.
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının gözlənildiyi ərəfədə Qərbdən gələn isti mesajlar da Qərbin maraqlarından xəbər verir. Qərb əslində Türkiyənin Cənubi Qafqazda hərbi iştirakından məmnundur, çünki bu, dolayı da olsa NATO-nun regionda hərbi iştirakı deməkdir. Türkiyə ilə Qərbin maraqları ona görə üst-üstə düşür ki, ortada Rusiya amili var. Türkiyənin hərbi iştirakının güclənməsi Rusiya təsirini neytrallaşdırmaq baxımından Qərb üçün də vacibdir.
Ankara ilə Qərb arasında rəqabət də az deyil və həmin rəqabət həm də yeni coğrafiyaya daşınır.
Ona görə də, Ərdoğanın NATO sammitindən sonra belə müqavilənin imzalanacağını bəyan etməsi önəm kəsb edir.
Böyük ehtimalla sənəddə iqtisadi, siyasi, hərbi sferada əməkdaşlıqların prioritetləri yer alıb.
Qarabağ münaqişəsinin yekunlaşması Türkiyə üçün yeni coğrafiyada yeni geosiyasi maraqlar yaradıb və Ankara xarici siyasət doktrinasını yeni reallığa uyğunlaşdırır.

Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsindən keçir, lakin bu da bəllidir ki, Ankara maraqlarını Qərblə yanaşı Rusiya ilə də uzlaşdırmaq məcburiyyətindədir.
Lakin Ankara üçün strateji tərəfdaş Azərbaycan ən ön plandadır. Türkiyənin regionda möhkəmlənməsinin əsas şərti isə hərbi iştirakdan keçir, buna görə də Türkiyə Azərbaycanda hərbi bazanın yaradılması imkanlarını nəzərdən keçirir.
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığı ehtiva edən “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə mövcuddur, indi isə ya bu müqavilə yeni geosiyasi şərtlərə uyğun olaraq yenilənməli və ya ləğv edilərək yenisi ilə əvəz edilməlidir.

Çünki həmin müqavilədəki müddəaların tətbiq dairəsinin konkretləşdirilməsi vacibdir, postmüharibə dövründə isə bu, daha da aktuallaşıb.
Birincisi, nəzərə alaq ki, həmin Müqavilədə Türkiyənin Azərbaycana açıq hərbi dəstək verməsinə dair şərtlər çox məhduddur.
Müqavilənin 2-ci maddəsinə əsasən, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə edə bilər.

Düşünmək olar ki, yeni imzalanacaq müqavilədə kollektiv özünümüdafiə üçün konkret hallar göstəriləcək və bu, Azərbaycanla Türkiyənin hərbi-siyasi proseslərdə iştirakı üçün arqumentlərini və əlini gücləndirəcək.
Müqavilə imzalananda detallar açıqlanmır, təsdiq üçün parlamentin təqdimatına veriləndə müddəalar bəlli olur.
Bu baxımdan da müqavilə imzalansa belə, onun detallarının yaxın zamanlarda açıqlanması gözlənilmir, lakin gedişatlar sənəddə yer alacaq müddəaların xarakterini göz önünə gətirməyə imkan verir.
Nəticə: Bu, ilk baxışda iki dövlət arasında müqavilə kimi görünsə də, Ankara və Bakının maraqlarının yeni geosiyasi reallıqda həyata keçirilməsinə əlverişli zəmin yaradacaq.

İmzalanma mərasimi üçün Şuşa seçilməsi də təsadüfi deyil. Bu, postmüharibə dövrünün yaratdığı şərtlərin dövlətlər arasında münasibətləri yenidən nəzərdən keçirməsinin vacibliyinə dair simvolik mənaya malikdir.

Aqşin Kərimov