"Şuşa Bəyannaməsi çox zamanında və rəmzi bir yerdə imzalanan sənəddir" "Şuşa Bəyannaməsi çox zamanında və rəmzi bir yerdə imzalanan sənəddir"
  • Tribuna
  • 1 Fevral 2022 17:27
  •  11 923

"Biz Şuşa Bəyannaməsinə əslində BƏYƏNnamə kimi yanaşırıq"

"Şuşa Bəyannaməsi çox zamanında və rəmzi bir yerdə imzalanan sənəddir"

"Milli Məclisin tarixində çox nadir hallarda hər hansı sənəd təqdimatdan dərhal sonra, özü də alqışlarla təsdiqlənir ki, elə bir olay da bu gün baş verdi. Söhbət Şuşa Bəyanaməsindən gedir. Biz Şuşa Bəyannaməsinə əslində BƏYƏNnamə kimi yanaşırıq və bunun da bir çox səbəbi var".

AzNews.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev feysbuk səhifəsində yazıb.

S.Alıyev sözlərinə belə davam edib:

"Birinci səbəb odur ki, Azərbaycan-Türkiyə müttəfiqliyi əsrlərin sınağından çıxan və təməlində bir millət, iki dövlət prinsipi duran, hər iki tərəfin təkcə marağını deyil, bir-birinə bağlılığını, doğmalığını özündə əks etdirən təbii müttəfiqlikdir. Əminəm ki, Türkiyənin Milli Qurtuluş Savaşında və Azərbaycanda daşnak-bolşevik cütlüyünə qarşı döyüşlərdə çiyin-çiyinə vuruşan babalarımızın da ruhunu şad etmiş olduq bu Bəyannaməylə.

Hər bir müttəfiqlik anlaşmasının əhəmiyyəti orada nələrin əksini tapmasıyla yanaşı, həm də haçan imzalanmasıyla ölçülür. Bu baxımdan götütdükdə də deməliyik ki, Şuşa Bəyannaməsi çox zamanında və rəmzi bir yerdə imzalanan sənəddir. Bu sənəd xalqlarımızın bir-birinə nə dərəcədə möhkəm bağlılığını təsbit etməklə yanaşı, həm də hər iki dövlətin rəhbərinin geosiyasi prosesləri necə dəqiqliklə görüb, ona adekvat reaksiya vermək, qabaqlayıcı addımlar atmaq bacarıqlarını göz önünə sərdi.

Aydındır ki, son 30 ildə beynəlxalq konyuktura norma və prinsiplər arxa plana atılaraq ancaq güc faktoru əsasında formalaşdırılır. Amma əvvəllər böyük güclər öz iradələrini ideoloji pərdə altında yeritməyə çalışırdılarsa, artıq o da yoxdur. Diplomatik etiket aradan götürülüb, az-çox gücü olan hər kəs hədəylə danışır. Ona görə də Şuşa Bəyannaməsi böyük güclərin yenidən orta əsrlərdəki sayaq davranışları fonunda bu regionda baş verə biləcək fors-majorların qarşısının alınmasında böyük rol oynayır və gələcəkdə daha çox oyanacaq. Bu sənəd bəlkə də qaytardıq düşüncəsiylə yaşayan bəzi dövlətlərin rəsmilərinin postsovet məkanı haqda sayğısızcasına işlətdikləri "yiyəsiz torpaqlar" ifadəsinin Azərbaycana dəxili olmadığını və olmayacağını bütün çılpaqlığıyla ortaya qoyur.

Yeri gəlmişkən, dövlətlərimizin əbədi müttəfiqliyini rəsmiləşdirən bu sənədin Şuşa adı daşıması göstərir ki, o, Azərbaycanın təkcə mədəniyyət paytaxtı deyil. Şuşa ikinci Qarabağ savaşında başda şəhidlərimiz olmaqla qeyrətli oğullarımızın göstərdikləri fövqalədə fədakarlıq, qəhrəmanlıq və peşəkarlıqdan sonra belə demək mümkünsə, mənəviyyat paytaxtımıza da çevrilib. Məhz Şuşanı qaytarmaqla, həm də əlbəyaxa döyüşlərdə düşməni məhv edərək qaytarmaqla göstərdik ki, milli qeyrəti, şərəfi, namusu, şəxsi qeyrət, şərəf və namusundan da üstün tutmağı bacaran bir xalqıq biz!

P.S. Bu son sətirləri ona görə yazdım ki, kimlərsə hansısa bir qrup formalaşdırıb ona "Şuşa" adı verəndə və yaxud da bu adda ödül təsis edəndə oturub bir yaxşı-yaxşı fikirləşsinlər: buna haqları çatırmı? Təbii ki, çatmır və çata da bilməz. Ümid edirəm ki, bu cür hallar bir daha təkrarlanmayacaq!"