Ortaq köklərimiz, dilimiz, dinimiz, mədəniyyətimiz və ortaq maraqlarımız birliyimizi daha da möhkəmləndirərək əməkdaşlığın yeni prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır Ortaq köklərimiz, dilimiz, dinimiz, mədəniyyətimiz və ortaq maraqlarımız birliyimizi daha da möhkəmləndirərək əməkdaşlığın yeni prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır
  • Tribuna
  • 17 Sentyabr 2022 15:45
  •  5 779

"İlham Əliyevin ŞƏT-də ilk dəfə qonaq qismində iştirakı beynəlxalq nüfuzunun təsdiqidir"

Ortaq köklərimiz, dilimiz, dinimiz, mədəniyyətimiz və ortaq maraqlarımız birliyimizi daha da möhkəmləndirərək əməkdaşlığın yeni prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır

“Tarixi Zəfərimizin istər türk dünyasının birliyi, həmrəyliyi istiqamətində, istərsə də ümumilikdə dünyanın siyasətində yeniliklərə yol açdığı inkaredilməzdir. Azərbaycan hər zaman xarici siyasət kursunu bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında həyata keçirir. Atılan addımların mahiyyətində bu çağırışlar dayanır ki, əgər dünyada qarşılıqlı etimad, səmimi münasibətlər olsa birlik, həmrəylik, hər bir məsələnin ədalətli həlli mümkündür. Qlobal problemlərin həlli qlobal yanaşma tələb etdiyi bir zamanda səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması mütləqdir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin ən yüksək tribunalardan türk dünyasına ünvanladığı “Gücümüz birliyimizdədir!” çağırışı reallıqda öz təsdiqini tapmaqla yanaşı, perspektivlərin müəyyənləşdirilməsində, birgə qərarların qəbulunda, real təşəbbüslərin irəli sürülməsində əhəmiyyətli rol oynayır. Buna əmin olmaq üçün təkcə cari ildə dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə səfərlərinə, eyni zamanda, həmin ölkələrin başçılarının Azərbaycana səfərlərinə, bununla bərabər, Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev bu ilin iyun ayında Özbəkistana dövlət səfəri etmişdi. Sentyabrın 15-də isə dövlət başçısı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitində iştirak etmək üçün Səmərqəndə səfər edib. Bildiyimiz kimi, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil, bu beynəlxalq qurumla dialoq tərəfdaşı statusuna sahibdir. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsindən, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, həmçinin təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsindən, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin göstərilməsindən, yeni beynəlxalq siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Azərbaycanın ilk dəfə olaraq məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammitinə dəvət olunması ölkəmizin, dövlət başçısı İlham Əliyevin beynəlxalq-siyasi nüfuzunun göstəricisidir. Təşkilatın məqsəd və məramı fonunda bu gün Azərbaycanın hər bir sahədə təcrübəsinin, inkişaf modelinin təqdir edilməsi ölkəmizin hədəflərə öz töhfələrini vermək imkanlarına aydınlıq gətirir.”

Bu fikirləri “İki sahil” qəzetinin Baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, türk dünyasının birliyinin dövlətimizin siyasətində prioritet olması atılan addımlarla yanaşı, dövlət başçısı İlham Əliyevin ötən il Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsində də öz təsdiqini tapdı: “Tarixi Zəfərimizin reallıqları fonunda türk dövlətləri arasındakı birlikdən danışarkən, təbii ki, əsas çağırış gələcəyə baxmaqdır. Çünki bu gələcək üçün möhkəm təməl vardır. Ortaq köklərimiz, dilimiz, dinimiz, mədəniyyətimiz və ortaq maraqlarımız birliyimizi daha da möhkəmləndirərək əməkdaşlığın yeni prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır.”

“İki sahil” qəzetinin Baş redaktoru diqqəti dövlət başçısı İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində keçirdiyi görüşlərə, həmin görüşlərdə müzakirə olunan məsələlərə yönəldib: “Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif və Rusiya Prezidenti Vladimir Putin ilə görüşdü. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətləri ilə iqtisadi, siyasi və humanitar sahədə əlaqələrin hazırkı səviyyəsi və perspektivləri geniş müzakirə edildi. Bir daha qeyd olundu ki, münasibətlərin yeni istiqamətlər üzrə inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü zamanı diqqət göstərilən məsələlər iki dost ölkə arasında əlaqələrin dünəninə baxış fonunda gələcək barədə aydın təsəvvür yaratdı. Tərəflər Özbəkistan Prezidentinin cari ildə ölkəmizə səfəri zamanı imzalanan sənədlərə söykənərək bu hədəfi xüsusi olaraq diqqətə çatdırmışlar ki, gələcəyin əsas hədəfi güclü Azərbaycan və güclü Özbəkistandır. İki ölkənin dostluq, qardaşlıq əlaqələrinin inkişafı üçün möhkəm təməl mövcuddur. Ölkələrimiz arasında 1995-ci ildə qurulan diplomatik əlaqələr bu gün ən yüksək səviyyədədir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.”

Vüqar Rəhimzadə onu da əlavə edib ki, müstəqillik yollarında ilk addımlarını atan dövlətlərin özünü dünyaya tanıtmasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasını vacib amil kimi önə çəkən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bu fikri xüsusi qeyd etmişdir ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir: “Bu baxımdan iki dost ölkənin əlaqələrinin inkişaf tarixini vərəqlədikdə görürük ki, Ümummilli Liderin dost Özbəkistana ilk rəsmi səfəri 1997-ci ilin iyununda reallaşıb və bu səfər münasibətlərin inkişafında yeni mərhələnin əsası kimi tarixdə yer alır. Həmin səfər zamanı 19 sənədin imzalanması əməkdaşlığın gələcək inkişafında möhkəm hüquqi baza rolunu oynamışdı. Dövlət başçısı İlham Əliyevin bu ilin iyununda Özbəkistana dövlət səfəri zamanı bu məqam xüsusi qeyd edilmişdir ki, bu səfər ümummilli lider Heydər Əliyevin ölkəyə birinci rəsmi səfərinin 25 illiyinə təsadüf edir. Bu münasibətlə hər iki Prezident Heydər Əliyevin adını daşıyan yenilənmiş küçənin və orada qoyulmuş abidənin açılışında iştirak etmişdilər. Bu, Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə ehtiram kimi dəyərləndirildi. Prezident İlham Əliyevin budəfəki səfəri zamanı Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammitində ilk dəfə olaraq qonaq statusunda qatılması bir daha iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafına aydınlıq gətirməklə yanaşı, dövlət başçılarının şəxsi münasibətlərinə, qarşılıqlı etimadlarına işıq saldı. Etimad mühitinin mövcudluğu gələcəyə doğru daha böyük hədəflərlə addımlamağa əsas verir. Özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşündə də ayrı-ayrı sahələrdə əlaqələrin hazırkı inkişaf səviyyəsinə xüsusi diqqət yönəldən dövlət başçısı İlham Əliyev bildirdi ki, Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə yaxşı nəticələr əldə olunub. Səmərqənddə aparılan yenidənqurma işləri, şəhərin abadlaşdırılması, gözəlləşdirilməsi xoş təəssüratla qarşılanır. Qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə əldə olunan inkişaf Azərbaycan xalqında böyük sevinc hissi doğurur. Prezident İlham Əliyev bildirdi ki, qardaş, dost ölkə olaraq yenidən birləşdik və əlaqələrimizdə yeni məzmun yaradırıq.”

Baş redaktor bir daha diqqəti dövlət başçısı İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammitinə qonaq kimi dəvət olunmasına və çıxışına yönəldərək bu məqamları açıqlayıb ki, 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb: “ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Hazırda tarixi Zəfərimizin reallıqları fonunda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar, göstərdiyi səylər göz önündədir. Dayanıqlı sülhün təmin olunması yeni əməkdaşlıq formatlarının yaradılması üçün əsas şərtlərdən biridir. Ümumilikdə Azərbaycan hər zaman bütün məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinə səy göstərir. Ədalətin və beynəlxalq hüququn qorunduğu mühitdə hər bir münaqişəli məsələnin ədalətli həlli mümkündür. Azərbaycan daim beynəlxalq tribunalardan bu çağırışı edir. Düşünürük ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammiti bir daha yeni dövrün yeni reallıqlarının təbliğində və qəbulunda öz sözünü deyəcək. Azərbaycanın ilk dəfə olaraq qurumun Sammitinə qonaq qismində qatılması, dövlət başçısı İlham Əliyevin buradakı çıxışı bu baxımdan da diqqətçəkəndir. Prezident İlham Əliyev Sammitdəki çıxışında bir daha bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Bu mühüm məqam da Sammit iştirakçılarının diqqətinə çatdırıldı ki, 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Hərəkata sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.”