Azərbaycan və Türkiyə Ermənistanı təzminat ödəməyə məcbur edəcək Azərbaycan və Türkiyə Ermənistanı təzminat ödəməyə məcbur edəcək
  • Tribuna
  • 22 Oktyabr 2022 16:42
  •  16 409

Şərqi Zəngəzurda hava limanı, Qərbi Zəngəzurda çovustan açılışı- Fəzail Ağamalının məqaləsi

Azərbaycan və Türkiyə Ermənistanı təzminat ödəməyə məcbur edəcək

İki gün öncə və Zəngilanın işğaldan azad olunmasının ikinci ildönümündə Azərbaycan Qarabağda daha bir hava limanı açdı. “Füzuli” aeroportunun istifadəyə verilməsindən təxminən bir il sonra “Zəngilan” da Azərbaycanın aviasiya infrostrukturuna daxil oldu. Hava limanını təntənəli mərasimlə açıldı və tədbirə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatıldı. Türkiyə prezidenti Azərbaycana tez-tez səfər edir və hər dəfə böyük minnətdarlıq hissi və ehtiramla qarşılanır.

Rəcəb Tayyib Ərdoğan təkcə qardaş ölkənin prezidenti kimi yox, eyni zamanda beynəlxalq siyasətin ən önəmli siması kimi Azərbaycan cəmiyyətində xüsusi nüfuza malikdir. Türkiyə onun rəhbərliyi dövründə sosial-iqtisadi sahədə çox ciddi nailiyyətlər əldə edib və bir dövlət kimi dünya çapında söz sahibi olmaq üçün xeyli məsafə qət edib. Ərdoğanın xarizması Türkiyəni regional güc mərkəzi kimi qorumaqla yanaşı Ankaranı beynəlxalq münasibətlərin yenidən aydınlaşdırıldığı və şərtlərin sürətlə dəyişdiyi dünyada liderlər sırasına can atan dövlətin paytaxtına çevirir. Nəticədə Türkiyə dünyadakı bütün irili-xırdalı dövlətlərin və beynəlxalq təşkilatların hesablaşdığı, hesablaşmalı olduğu iradə sahibi kimi çıxış edir. Türkiyənin öz iradəsini regionumuzda marağı olan bütün tərəflərə qəbul etdirmək qüdrəti və döyüşlərin başlamasından dərhal sonra rəsmi Bakıya birmənalı mənəvi-siyasi dəstək ifadə etməsi 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə əngəl olmaq istəyənlər üçün ciddi mesaj idi.

Sevindirici haldır ki, İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycanla Türkiyənin arasından su axıtmaq istəyənlərin arzuları puça çıxır və qardaş ölkələr əcdadların çağırışı, zamanın tələbi ilə çiyin-çiyinə hərəkət edir. İşğaldan azad olunan torpaqlarımızda infrostruktur bərpa olunur və Türkiyə şirkətləri bu prosesdə bilavasitə iştirakçıdır. Türkiyə, eyni zamanda, vaxtilə işğala məruz qalmış Azərbaycanın beynəlxalq hüquqlarının bərpasında da ölkəmizin ləyaqətli müttəfiqidir. Cənab Ərdoğanın Azərbaycan prezidenti ilə birgə Cəbrayılda bəyanatla çıxış edərkən Ermənistanın işğal faktına görə ölkəmizə təzminat ödəməsi barədə dedikləri məhz bu hüquqların bərpası prosesində Bakı və Ankaranın bundan sonra da ortaq hərəkət edəcəyini təsdiqləyir:

“İndi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar. Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər. Amma bunu görəndən sonra bu barədə danışdıq, bu işləri mütləq ədalət mühakiməsinə verərək, bunların təzminatını tələb etmək lazımdır. Bunların təzminatını istəyərək onları dalana dirəmək lazımdır”.

Bəli, Azərbaycanın kənd və şəhərləri ermənilər tərəfindən məhz işğal dövründə dağıdılıb və viran qoyulub. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və digər işğal altında olmuş rayonlarımızda daş üstündə daş qalmaması Birinci Qarabağ Müharibəsi zamanı hərbi əməliyyatlarla bağlı deyil, ağır artilleriya bölgənin infrostrukturuna indiki halla müqayisədə çox cüzi ziyan vurub. Dağıntılar məhz işğal dövründə törədilib və səhih məlumatlara görə bir çox kəndlər söküntü üçün İran şirkətlərinə topdan “satılıb”. İndi Azərbaycanın Qarabağda kənd və şəhərləri yenidən bərpa etməsi, məcburi köçkünlərin el-obalarına dönüşü istiqamətində “ağıllı layihələr” gerçəkləşdirməsi təkcə revanşist ermənilərin deyil, elə İranın da sinirlərinə toxunur. Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda inşa etdiyi tövlələrin belə yanında çovustan kimi görsənən Qafandakı suvağı qurumamış bir “bina”da İranın tələm-tələsik konsulluq açması da məhz bu isterikanın təzahürüdür.

Yəqin ki, diplomatiya tarixinə “şar şənliyi” kimi düşəcək açılışda konsul Murtuza Abidin VaraMANİ-YAn “Ermənistanın təhlükəsizliyi- İranın təhlükəsizliyidir” deməklə Arazın cənub sahillərində SEPAH-ın keçirdiyi hərbi təlimlərin İrəvanı sülh danışıqlarını pozmağa və yeni təxribatlar törətməyə cəsarətləndirmək məqsədi daşıdığını da etiraf etmiş olur. Fəqət bütün bunlar Ermənistana İkinci Qarabağ Savaşında tutulan toydan sonra çalınan nağaranın səsləridir. Azərbaycan və Türkiyə İranın işğalçı “Ermənistanın təhlükəsizliyinə qarantiya” siyasətini hələ 2021-ci ilin iyun ayının 15-də imzalanan “Şuşa bəyannaməsi” ilə bloklayıb. Prezident İlham Əliyev R.T. Ərdoğanla birgə Cəbrayılda mətbuata verdiyi bəyanatda Şuşa Bəyannaməsini elə bu səbəbdən məxsusi xatırlatdı:

“Keçən il biz Şuşa Bəyannaməsini imzaladıq, Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”.

Əgər Azərbaycan prezidenti İlham Əliyevin bu xəbərdarlığı nəzərə alınmasa, İrandakı teokratik rejimin də yeri daşnak Ermənistanı kimi tarixin arxivi olacaq.

Fəzail AĞAMALI,

“Ana Vətən” Partiyasının sədri, millət vəkili