• Tribuna
  • 24 İyul 2023 17:16
  •  15 902

Dezinformasiyalara ən yaxşı cavab prezidentin dedikləridir - Deputat

"Hazırda 200 gündən artıqdır özünü "mühasirədə" təqdim edən qüvvələrin bəlli bir kampaniyası var. Hamı Xankəndidən çox rahatlıqla Laçın yolundan yaxud da Ağdamdan keçib məkana girməyin mümkünlüyünü görür. Bu beynəlxalq tədbirin bir mənası da odur".

Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. O bildirib ki, 4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu həm də Şuşa bəyannaməsinin tərkib hissəsidir.

"Ona görə də mən hesab edirəm ki, sözün həqiqi mənasında Azərbaycanda Mətbuat günü ilə bağlı bundan böyük tədbir ola bilməz. Xatırlatmaq istəyirəm ki, 2021-ci ilin əvvəllərində, fevralın 26-da məhz Xocalı soyqırımı gününün tarixi mənasını yeni quruculuq və qələbəmizin davamına çevirmək mənasında ölkə rəhbəri belə görüş etmişdi və 50-dən çox ölkənin media təmsilçiləri burda idilər. İndi bu qlobal informasiya məkanında Azərbaycan əleyhinə yönələn müxtəlif informasiyalar var. Elə bəyannamənin bir məqsədi də bu idi. Həmin təxribatlara, dezinformasiyalara, ölkəmizə qarşı müxtəlif korporasiyaların hücumlarına ən yaxşı cavab elə ölkənin bir nömrəli xüsusi təyinatlısı olan prezidentin dedikləridir", - deyə Z. Oruc əlavə edib.

O qeyd edib ki, bunlar müxtəlif xarici ölkə medialarında geniş şəkildə tirajlanacaq:

"Bizim diplomatik korpus və səfirliklərimiz bu prosesdə fəal iştirak edəcəklər. Cənab prezidentin hər cavabı professionaldır. Düşünürəm ki, bu, dünya üçün master-klassdır. Görün nə qədər suallara cavablar verilir. Özü də hərəsi ayrı bir sahənin məxsusi biliklərini tələb edir. Hesab edirəm ki, prezident İlham Əliyevin Şuşada olması həm də Azərbaycan mətbuatına verilən ən yüksək dəyərdir. Çünki Azərbaycan mediası 30 il ərzində torpaqlarımızın azadlığı uğrunda səngərdə olub. Xalqımızın ora qayıdışında da böyük rol oynayırlar. Çox az ölkə rəhbərləri bu qədər media təmsilçilərinin qarşısına risk etmədən çıxırlar. Bəzən 2-3 suala cavab verməklə kifayətlənirlər".

Z. Oruc sonda bildirib ki, ölkə rəhbəri bütün hədəflərimizə nail olduqdan sonra belə beynəlxalq tədbirlər, görüşlər, turlar Xankəndidə keçiriləcək:

"Ölkə rəhbərinin Xankəndi, Xocavənd, Xocalıda dünyanın aparıcı media təmsilçiləri, institutları, parlamentariləri, hökumət nümayəndələri ilə görüşlərini ən yaxın gələcəyin işi kimi görürük. Bu cür tədbirlər davamlı olacaq. Bütün bunlar siyasi maraqlarımızın həyata keçirilməsində önəmlidir. Ölkə rəhbərinə alqış düşür”.

Rəşid Qarayev