Əlillər üçün sosial layihələr icra olunur

Suriyalılar təşəkkür edir

Suriyada 9 ildir davam edən vətəndaş müharibəsindən qaçaraq Türkiyədə həyat mübarizəsi aparan suriyalıların ən məhdud imkanlı qrupunu əlillər təşkil edir.

AzNews.az xəbər verir ki, Şanlıurfa Böyükşəhər Bələdiyyəsi Suriyadakı müharibədən zərər görən qadın, kişi, gənc, yaşlı olmaqla yüzlərlə insanın həyatına müxtəlif sosial layihələrlə toxunmağa çalışır. Bu çərçivədə fiziki və əqli qüsurlu insanlara pulsuz türk dili dərsləri, kompüter, idman və müstəqil həyat bacarıqları kursları və sosial aktivitələr təşkil edilir, psixoloji dəstək verilir.

Türk dilində danışan suriyalı Səkinə Hıdır bu mərkəzdə olmaqdan və kurslarda iştirak etməkdən məmnun olduğunu bildirib.

Kurslar sayəsində türk dilində oxumağı, yazmağı öyrəndiyini və müxtəlif kurslarda iştirak etmək imkanı əldə etdiyini söyləyən S.Hıdır “Bu kurs sayəsində indi türk dilində danışa bilirəm və bu məni çox sevindirir. Burada özümü çox xoşbəxt hiss edirəm, çünki yeni dostlarla tanış olmuşam və onlarla vaxt keçirib, müxtəlif oyunlar oynayıram. Bizə bu imkanı yaratdığına görə bütün səlahiyyətli şəxslərə təşəkkür edirəm”, - deyə bildirib.

Kursda çox xoşbəxt olduğunu söyləyən Münir Əsgər də boyama ilə məşğul olduğunu və burada tanış olduğu dostları ilə müxtəlif oyunlar oynadığını qeyd edib.

Ləman Hüseynzadə