Məsələ ciddi müharibəyə qədər gedib çatmayacaq Məsələ ciddi müharibəyə qədər gedib çatmayacaq

İrana qarşı sanksiyalara ən yaxşı cavab...

Məsələ ciddi müharibəyə qədər gedib çatmayacaq

İlk baxışda belə təəssürat yaranır ki, ABŞ-la İran arasında yaşanan konflikt potensial olaraq çözülməyə yaxındır, ən azı ona görə ki, İran tərəfi də, ABŞ da dialoqa hazır olduqlarını bildiriblər.

Ötən həftənin sonlarında belə informasiya yayıldı ki, ABŞ İran hökumətinin dialoq təklifinə pozitiv yanaşıb. Hətta ABŞ prezidentinin bu bəyanata çox özünəməxsus reaksiyası da oldu: “Onlar hara və kimə zəng etmək lazım olduğunu bilirlər”.

Əlbəttə, hələ dəqiq və birqiymətli nəticələr çıxarmaq çox tezdir, bunu o vaxt etmək mümkün olacaq ki, hər iki tərəfin yüksək çinli rəsmiləri danışıqların başlanması istiqamətində real addımlar atmağa başlayacaqlar. Təsadüfi deyil ki, ABŞ prezidentinin bu sözlərindən sonra, hətta bir gün keçməmiş İran diplomatları əvvəlki barışmaz pozanı aldılar: biz heç kimə və heç hara zəng etməyi düşünmürük və s. və i...

Bizə gəldikdə isə, lap əvvəldən ABŞ-İran müstəvisində cərəyan edən prosesləri diqqətlə, bir azca da təşvişlə izləyirik. Düşünürük ki, səbəbi də aydındır.

Birincisi, neft hasilatçıları olan ölkələrə qarşı, o cümlədən də xüsusi halda İrana qarşı sanksiyalar əvvəlcə enerji daşıyıcılarının qiymətinin artmasına səbəb olur. Amma sonradan bir qayda olaraq, prosesə ABŞ müdaxilə edir və özünün müttəfiqlərinin enerji daşıyıcılarının qiymətinin artmasının neqativ təsirlərindən qorumaq üçün dünya bazarında öz neftinin çəkisini artırır. Bu da son nəticədə neftin qiymətinin kəskin düşməsinə səbəb olur və ən başlıcası da neft hasilatçısı olan ölkələr üçün arzuolunmaz bir nəticə verir: dəhşətli devalvasiya...

Cəmi bir neçə il bundan əvvəl qismən də olsa, oxşar problemi yaşadıq və bunun nə olduğunu bilirik.

İkincisi, Birləşmiş Ştatlarla İran arasındakı mümkün hərbi toqquşmanın humanitar nəticələrini hətta nəzəri olaraq təsəvvür etmək və qiymətləndirmək mümkün deyil və hesab edərik ki, belə humanitar fəlakətin toxuna biləcəyi ölkələrdən biri, bəlkə də ən birincisi Azərbaycan ola bilər –belə bir halda milyonlarla qaçqın buralara üz tutar və biz çox ciddi problemlə üz-üzə qalarıq.

Prinsipcə, Suriya konflikti əyani şəkildə oxşar müharibələrin humanitar nəticələrini nümayiş etdirdi və istəməzdik ki, bizim sərhədlərimizdə belə bir hadisə baş vermiş olsun.

Üçüncüsü, bizim qonşu İranla bir sıra çox perspektivli iqtisadi layihələrimiz var və bunların reallaşması üçün Azərbaycan yetərincə siyasi, hətta maliyyə-iqtisadi səyləri göstəribdir. Burada, gələcəkdə hətta Hindistanı şimal ölkələrilə birləşdirmək iqtidarında olan Cənub-Şimal dəhlizini yada salmaq prinsipcə, yetər.

Hazırda demək olar ki, bu istiqamətdəki səylər dondurulubdu, amma aydındır ki, konfliktin çözüləcəyi bir təqdirdə bu işlər yenidən impuls ala bilər.

Azərbaycanın İrana qarşı sanksiyalara münasibəti birmənalıdı: Bakı heç bir vaxt özünün cənub qonşusuna qarşı sanksiyalara dəstək verməyib və bundan sonra da verməyəcəkdir.

Qonşularla maksimum dərəcədə sıx və dinc münasibətlər – bu, Azərbaycanın xarici və regional siyasətinin əsas prioritetlərindən biridir.

Bu gün üçün Soçidə planlaşdırılan üçtərəfli görüş də elə buna canlı sübutdur –xatırladaq ki, məhz bu gün Soçidə Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü nəzərdə tutulurdu. Sonradan görüşün təxirə salındığı, daha doğrusu, onun vaxtının dəyişdirildiyi bildirildi.

Amma görüş bütün hallarda olacaq və bu bir daha sübut edir ki, Azərbaycan heç vaxt İrana qarşı sanksiyalara dəstək verməyibdi və bundan sonra da verməyəcək. Ona görə də ABŞ-la İran arasındakı konfliktin ən tez zamanda çözülməsi bilavasitə Azərbaycanın marağında olan məsələdir.

Biz hətta deyərdik ki, Bakı ilə Tehranın münasibətləri zamanın sınağından keçib və Bakı öz cənub qonşusuna münasibətdə daim daha səmimi olubdur, baxmayaraq ki, bir çox hallarda əks vektor – Tehranın Bakıya münasibəti buna adekvat olmayıbdır.

Buna biz bir daha elə bu günlərdə, Türkmənistanda keçirilən birinci Xəzər sammitində əmin olduq.

İran Xəzərdən qaz borularının çəkilməsinin əleyhinə çıxış edir. Səbəbi də budur ki, guya bizim cənub qanşumuzu Xəzərin eko-sisteminə dəyə biləcək ziyan narahat edir.

Gəl, əsl səbəb başqadır – Tehran Bakının regionun əsas tranzit mərkəzinə çevrilməsini istəmir. Elə Rusiya da tez-tez belə mövqe sərgiləyir, o, da Xəzərin dibinin guya seysmik aktivliyini bəhanə edərək trans - Xəzər kəmərlərinin çəkilməsinə razılıq vermir. Doğrudanmı bizim qonşuları, xüsusən də şimal dənizlərini radiokativ qəbirstanlığa çevriən Rusiyanı Xəzərin ekologiyası narahat edir? Əlbəttə ki, yox! Əsl səbəbi azca əvvəldə dedik.

Bundan başqa, sirr deyil ki, İran tərəfinin Ermənistanla da geniş ticari əlaqələri var və bu da əlbəttə, Azərbaycanın maraqlarına cavab vermir və biz dəfələrlə qeyd etmişik ki, İran da Ermənistanla özünün iqtisadi əlaqələrini məhdudlaşdırsa, o halda İrəvan rejiminin elə həqiqətən də tez bir zamanda sonu çatar.

Məlum məsələdir ki, hazırda bunu İrandan tələb edə bilmərik, çünki cənub qoşumuz onsuz da ağır sanksiyaların altındadır. Amma düşünürük ki, gələcəkdə rəsmi Tehran bu haqda ciddi düşünməlidir - əlbəttə ki, əgər İran da Qarabağ probleminin tezliklə həll olunmasında maraqlıdırsa.

Bir daha qeyd edək ki, hazırda ən vacib bir məsələ İrana qarşı sanksiyaların götürülməsi və Vaşinqtonla dialoqun başlanmasıdır. Zənn edirik ki, gec-tez bu baş tutacaqdır.

Təxminən bir ay bundan əvvəl ABŞ prezidenti D.Tramp bildirdi ki, o, İrana qarşı müharibə qərarını hərbi əməliyyatların başlanmasına on dəqiqə qalmış ləğv edibdi. Belə məlum olub ki, ABŞ prezidenti özünün əməkdaşlarından müharibənin başlayacağı bir təqdirdə neçə amerikalı əsgərin həlak ola biləcəyini soruşub. Ona təxmini ədəd deyiləndən sonra Tramp müharibə haqqındakı öz qərarını ləğv edib.

Düşünürük ki, məhz bu məqam geniş miqyaslı hərbi əməliyyatların qarşısındakı ən əsas maneədir. Güman, prezident seçkilərinin ərəfəsində Tramp istəməz ki, ölkəsi əsgər tabutlarını qəbul etmiş olsun.

Ona görə də böyük ehtimalla məsələ ciddi müharibəyə qədər gedib çatmayacaq. Amma əsl dialoq nə vaxt başlayacaq – çox təəssüf ki, bunu irəlicədən demək çox çətindir; ilkin şifahi bəyanatlar səslənibdir, amma danışıqlar prosesi bir anın işi deyildir və onun başlanması üçün yetərincə səy və xüsusən də əzm göstərmək lazımdır...

Hüseynbala Səlimov