İrəvan administrasiyası İlham Əliyevin xəbərdarlıqlarından dərs çıxarmadı İrəvan administrasiyası İlham Əliyevin xəbərdarlıqlarından dərs çıxarmadı
  • Yazarlar
  • 20 Sentyabr 2022 11:33
  •  6 499

Qisas əməliyyatının növbəti mərhələsi

İrəvan administrasiyası İlham Əliyevin xəbərdarlıqlarından dərs çıxarmadı

Ermənistan Vətən müharibəsindən öncə, 2020-ci il iyulun 12-də törətdiyi hərbi təxribatı bu dəfə daha geniş trayektora və masştabda təkrarlamaqla post-münaqişə reallıqlarını dəyişə biləcəyini düşündü. Biz bu təxribatı keçmiş “təmas” xəttindən kənarda, sərhəddə törədilməsi baxımından 12 iyul Tovuz döyüşləri ilə müqayisə edə bilərik. Paralellər apardıqda ermənilər üçün daha acınacaqlı mənzərə ortaya çıxır. Məsələn, Azərbaycan düşmənin bu dəfəki təxribatlarında Ermənistan ərazisindəki legitim hərbi bazalara zərbələr vurdu. Təxribatların mənbəyini aldığı əsas streateji yüksəkliklər də Azərbaycan ordusunun tam şəkildə nəzarətinə keçdi. Qətiyyətli cavab əməliyyatını “12 iyul”dan fərqləndirən digər cəhət də ondan ibarətdir ki, Tovuz döyüşləri zamanı torpaqlarımız işğal altında idi və düşmən 30 il ərzində bu ərazilərdə qurduğu keçilməz sədlər sayəsində mövqelərini qorumağa çalışırdı. Hazırda isə ordumuz onun nəzarəti altında olan Kəlbəcər, Laçın, Zəngilan rayonu istiqamətində erməni təxribatlarına layiqli cavablar verir və bu durum Ermənistandakı revanşist qüvvələrin yenidən Azərbaycan torpaqlarına yiyələnəcəyi ilə bağlı illuziyalarının üstündən xətt çəkir.
İrəvan administrasiyası İlham Əliyevin xəbərdarlıqlarından dərs çıxarmadı və layiqli olduğu dərsi aldı. Regional konfiqurasiyada Bakı və Ankaranın çizdiyi yol xəritəsi ilə barışmaq istəməyən düşmənin Qərbin bəzi dairələrinin dəstəyi sayəsində Brüssel sülh gündəliyinə status anlayışını daxil etməsi əks effekt verdi. Ona görə də, İrəvan Azərbaycan-Türkiyə müttəfiqliyi arasında təklənmiş vəziyyətə düşərək məsələni başqa müstəvilərə daşımağa çalışdı. Lakin sentyabrın 12-14-də Azərbaycan ordusundan aldığı dəmir yumruq hayların anti-Azərbaycan və anti-türk dairələrinə revanş müraciətlərinin mahiyyətini heçə endirdi. Məğlub tərəfin de-eskalasiya istiqamətində praktik addımlar atmaqdan boyun qaçırmasında anlaşılan bu oldu ki, ermənilər 3 avqustda üzləşdikləri qisas əməliyyatını növbəti dəfə dadmağı istəyir. Halbuki 5 erməni hərbçisinin təhvil verilməsindən sonra belə bir miqyasda təxribatlara əl atılması normal insan düşüncəsi ilə izah oluna bilməz. Danışıqların imitasiyası adı altında hər an öhdəliklərə xəyanət edən dövlət üçün bunlar adi haldı və onlar üzülmədən ən çirkin addımları ata bilər. Ermənilər həmin addımı atdılar və 44 günlük müharibədən sonra daha ağır məğlublubiyyətlə üz-üzə qaldılar. Əks-həmlə hücumu zamanı Qafanda, Zodda, Germuxda hərbi hissələr məhv edildi. Sərhədboyu hərbi infrastruktur zərərsizləşdirildi. Düşmənin çox sayda S300 qurğusu məhv edildi. Azərbaycan tərəfi artıq bu ərazilərdə ermənilərin demilitarizasiya prosesinə başlayıb. 100 kv. km-dən artıq ərazi tutulub. Bu proses bir daha göstərdi ki, prezident İlham Əliyev çıxışları zamanı “Sülh Ermənistanın xeyrinədir” bəyanatını heç də boşuna ifadə etmirdi. Bugün haylar yayınmağa çalışdıqları sərhədin delimitasiya olunmamasının qurbanına çevrildilər. Bu təxribatlar həm də onu göstərdi ki, riyakar düşmən bəyanatın hər cümləsini başına yumruq dəyə-dəyə icra edəcək.
Bizim qarşımızda həllini gözləyən 4 istiqamət var: sülh, delimitasiya, nəqliyyat və humanitar məsələ. Hər bir xətt üzrə biz üzərimizə götürdüyümüz öhdəliyi yerinə yetiririk. Sülhdən yayınmırıq. Sərhədlərin delimitasiyası üçün xəritə məsələsində güzəştə getdik. Nəqliyyat xəttləri ilə bağlı infrastruktur layihələri qısa zamanda icra etdik. Humanitar baxımdan müharibənin qarşı tərəfin ağ bayrağı ilə dayandırılmasından tutmuş, hərbi əsirlərin təhvil verilməsinə qədər heç bir kontekstdə beynəlxalq hüququ nəinki pozmadıq, hətta daha artığını etdik. Sülh təkliflərini davamlı iqnor edən Ermənistan hakimiyyəti isə davamlı olaraq ərazi bütövlüyü məsələsinin özünəməxsus interpretasiyasını verərək sülh sazişinə ciddi zərbə vurdu. Hərbi və diplomatik vasitələrlə danışıqları sabotaj etdi, təxribatları artırdı.
Ermənistanın danışıqlar üçün zərərli tendensiyaları ehtiyatda saxlayaraq bugün onu hərbi təxribatlar formasında həyata keçirməsi isə tək Azərbaycana deyil, Aİ və Rusiyanın zəmanət missiyasına da açıq xəyanətdir.
Əgər düşmən 7 saat davam edən əməliyyatdan aldığı zərbədən sonra özünə gələ bilsə, o zaman gələcək addımlarını daha ölçülüb biçilmiş şəkildə atmalıdır. Başa düşməlidirki, 10 noyabr bəyanatında nəzərdə tutulanların ziddinə olaraq qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən tam çıxarılmamısı; ərazilərin minalanması işinin davam etdirilməsi və şərti sərhədboyu bölgədə hərbiləşmənin artması; nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətməsi və sülh prosesinə qarşı destruktiv addımlar atması; sülh müqaviləsi üzrə konkret danışıqların başlanmasına dair Azərbaycan tərəfinin təkliflərinə qarşılıq verməməsi beynəlxalq hüququn və götürdüyü öhdəliklərin sabotaj olunması kimi qəbul ediləcək. Bu isə Paşinyanın ilin sonuna qədər sülh müqaviləsinin imzalana biləcəyi vədinin hərbi təxribatla müşayət olunması fonunda Ermənistanın ikinci dəfə kapitulyasiya olunması ilə nəticələnəcək.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi