“Səkkiz min pul alıblar, oynamaqlarına bax!...” “Səkkiz min pul alıblar, oynamaqlarına bax!...”

Pulumuzu və mənəviyyatımızı talayan seriallar

“Səkkiz min pul alıblar, oynamaqlarına bax!...”



Son bir-iki ildə dövlətin ayırdığı vəsaitlər hesabına Azərbaycan telekanallarının çəkdiyi filmlərə bundan yaxşı söz tapmaq çətindir. Dahi sənətkarımız Səyavuş Aslanın "Bəyin oğurlanması" filmində söylədiyi bu replika telekanallarda yayımlanan milli serialların bütün mənalarda mahiyyətinə tam uyğundur. Dövlətin büdcəsindən maliyyələşən, hər birimizin dövlətə ödədiyimiz vergilərdən toplanan vəsaitlər hesabına bizlərə nə qədər lazımsız, bəsit və düşük filmlər sırındığının fərqində olmamaq zatən, mümkün deyil.

Hamımız telekanalların istehsal etdiyi milli serialların məna və mahiyyətini, nəyi və niyə təbliğ etdiklərini anlamağa çalışırıq. Bircə dənə yaxşı nümunə, ortabab bir parça tapmaq mümkün deyil. Bəsit və düşük rolları ilə hər bir tamaşaçıda özlərinə qarşı nifrət və qıcıq yaradan bu personajların dialoquna, "aktyorluq məharəti"nə baxanda adam dəhşətə gəlir. Azərbaycan insanı bu filmlərə baxanda özünə, cəmiyyətə keçmişə inanmaq istəmir: İlahi, bu millətin mədəni səviyyəsi, kino və teatr sənəti doğrudan da budur? Doğrudanmı, bu cəmiyyət "Qaynana", "Aramızda qalsın", "Bacanaqlar", "Bir kəndin sevinci" kimi filmlərin lağ-lağı, duzsuz və mənasız, qeyri-peşəkar, hətta ikrah yaradan aktyor-aktrisa heyətinin şıltaq və süni hərəkət və danışıqlarına, "canlandırdığı" rollara möhtacdır? Nə verir bu filmlər Azərbaycan tamaşaçısına? Kim bu filmlərə baxıb rahatlanır? Kimsə nəsə görüb-götürürmü bu filmlərdən?

Qətiyyən! Bunların hamısı efiri doldurmaqdan başqa bir şey deyil. Əksinə, bu mənasız seriallarla Azərbaycan insanının zövqünü, zehniyyətini korlayırlar. Həmin filmlərin "qəhrəmanları"nı canlandıranlar da həmçinin. Həsən Turabov, Səməndər Rzayev, Adil İskəndərov, Mövsüm Sənani, Həsən Məmmədov, Şahmar Ələkbərov, Hamlet Qurbanov, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Leyla Bədirbəyli, Nəsibə Zeynalova, Yaşar Nuri, Səyavuş Aslan və saymaqla bitib-tükənməyən, hər biri epoxaya çevrilən sənətkarların yerini "tutanları" görəndə "Sehirli Xalat" filmindəki epizodu xatırlamamaq olmur: "Bu uşağın böyüyüb nə olacağını düşünəndə adamın tükləri biz-biz durur". Bu yerdə həmin filmdəki "xan"ın cavabı da lap yerinə düşür: "Yox-yox, o böyüməyəcək".

Bir qədər də gənc nəsli BÖYÜMƏYƏ İMKAN VERMƏYƏN "Qaynana", "Aramızda qalsın", "Bacanaqlar", "Bir kəndin sevinci" kimi mənasız seriallara çəkilən xərclər barədə. 2011-ci ildən bu yana film çəkilişləri məqsədilə Azərbaycan telekanallarına üst-üstə 5 milyon 205 min manat vəsait ayrılıb. Bunun 5 milyon manatı təkcə 2011-ci ilin, yerdə qalanı isə ötən ilin payına düşür. Teleserialların çəkilməsinə dəstək məqsədilə ilk vəsait 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan ayrılıb. Milli Televiziya və Radio Şurasına ayrılan həmin vəsaitdən telekanalların hər birinin hesabına 300 min manat köçürülüb. Bu mərhələdə ayrılmış 5 milyon manat tam xərcləndikdən sonra ikinci mərhələdə daha 500 min manat ayrılıb.
Həmin 500 min manat da "İdman-Azərbaycn" və "Mədəniyyət" kanalları istisna olmaqla, digər televiziyalar arasında paylanıb. Üstəlik 2011-ci ildə serial çəkilişi üçün ATV telekanalına əlavə olaraq 200 min manat ayrılıb. Gözlənilir ki, bu il də teleserialların çəkilişi üçün əlavə vəsaitlər ayrılsın.

Son bir ildə Azərbaycanın sosial-mədəni həyatında baş verənlər bu mənasız və zövqsüz teleseriallarda göstərilənlərdən heç də az maraqlı deyil. Təkcə bir misal: 5,2 milyon manatla bilirsiniz, nə qədər yeni iş yerləri açmaq olardı? Yaxud serial çəkilişlərinə sərf oluan həmin 5,2 milyon manatla müalicə üçün qapı-qapı düşüb dilənmək məcburiyyətində qalan onlarla əlilin dərdinə əlac tapmaq, onları xaricə müalicəyə göndərmək belə yararsız və acı gülüş doğuran filmlərdən daha xeyirli və dəyərli olardı.

Hələ ayıblarına kor olmayıb filmin sonunda belə bir titr də yazırlar: "Bu film Azərbaycan Respublikasının maliyyə dəstəyi əsasında çəkilmişdir!"...

Bu kino çəkənlərin nazıyla çox oynayırıq, deyəsən....