İlqar Cahangirin öldürdüyü qadın



Əziz Rzazadə

Mən İlqar Cahangiri elə də yaxşı tanımıram. Vur-tut üç-dörd üz-üzə gəlmişik. Və ilk gündən onu nədənsə Otelloya bənzətdim. Xalis məğribli ərəbi xatırladır mənə.

Həyatını İlqar Cahangir kimi yaşayan çox az aktyor xatırlayıram. Bəlkə də ikinci, daha doğrusu, özündən əvvəl özünə bənzər aktyor olmayıb.

Qısaca səciyyələndirim: İlqar üçün həyat təkcə teatr səhnəsi ilə məhdudlaşmır. O, teatr pərdəsi arxasında gerçək həyatdan gizlənmir. İlqar Cahangir – əsl vətəndaşdır. Fikrən görmək istədiyimiz və əyani gördüyümüz kimi.

Niyyətim İlqar Cahangiri tərifləmək deyil. Hərgah o hər cür tərifə layiqdir. Məni maraqlandıran onun həmkarlarıdır. Onlar niyə "lal-kar"dır? Niyə onlar üçün həyat teatrın asılqanından başlayır və səhnədə bitir? Niyə onlar üçün həyatda ən böyük xoşbəxtlik fəxri ad və tituldur?

Həyatı – teatra, insanları isə – aktyorlara bənzədən Şekspirə necə irad tutasan!? Bu gerçək aləmdə yalnız dekorasiyalar dəyişir, aktyorlarsa eyni məzmunlu rolları oynayırlar. Əsrlər, minilliklər insan xislətini dəyişmir, zaman yel kimi əsib gedir. Amma səhnədə – həyatda cildini dəyişmiş aktyorlardan ibarət truppa eyni tamaşanı oynayır.

Novruz bayramı da bir tamaşadır. Təməli qoyulandan eşidilib: "Arvadlar evə getsin, Kosanın payını gətirsin..." 21-ci yüzillikdə Kosanı canlandıran aktyor "arvadların payı"ndan məhrum olmasına etiraz edir. Və indi o payla bərabər, rəsmi mərasimlərdə iştirak hüququnu da geri qaytarmaqdan ötrü min oyundan çıxır.

Qafar Novruzlu (eks-Kosa) da İlqar Cahangir kimi aktyordur. Amma ona vətəndaş-aktyor deyənin dili-ağzı qurusun!

Yadımdan çıxmamış, əgər sabah Qar Qız da gender bərabərliyi çağırışları eləsə buna heç təəccüblənmərəm.

Gorun çatlasın Şaxta Baba!

Həyat və teatr...

Söz gəlişi deyim, beşiyi Yunanıstanda olan teatr o uzaq zamanlarda teatr dövlət müəssisəsi idi. Əsasən dramatik məzmunlu tamaşaların təşkilinə rəhbərlik edən xüsusi rəsmi şəxs vardı. Onlara arxont deyirdilər. Onlar dramaturqa lazım olanı təqdim edir və xoreqi təyin edirdilər. Xoreq zəngin vətəndaş idi və tamaşanın bütün xərcini öz boynuna götürürdü.

Aktyor peşəsi qədim Elladada böyük hörmət-izzətə malik idi. Tamaşalarda adətən üç nəfər iştirak edirdi. Və hətta qadın rollarını kişilər oynayırdı. XX əsrin əvvəlində Azərbaycanda da qadın rollarını kişilər oynayırdı. Amma indi kişi aktyorların qadın rolunu oynaması bir deputatın gözündə qəbahət sayılır. Etirazda məntiq yoxdur, yalnız gündəmdə qalmaq istəyi görünür. Şübhə yox, bu da bir roldur. Əsrin havasına, "zamanın tələbinə uyğun".

Əkrəm Əylislinin əsəri əsasında tamaşanı repertuardan çıxaran Milli Dram Teatrı da "əsrin havası"yla nəfəs alır.

Sözümün sonunda yenə İlqar Cahangirə qayıdıram. O doğrudan da Otelloya çox bənzəyir. Amma onun boğduğu Dezdemona nəfsin, ucuz şöhrətin, ətalətin, mütiliyin rəmzidir. Kaş bütün aktyorlar Otello olardı...