“Sirus Təbrizlinin ölümü diqqətlə araşdırılmalıdır“

Prezidentliyə namizəd, hüquqşünas- kriminalist İlqar Altay tanınmış siyasi xadim Sirus Təbrizlinin ölümü barədə bəzi müəmmalara aydınlıq gətirib:


"Sirus Təbrizlinin ölümü faktı müxtəlif şübhələr yaratmaqla böyük ictimai və dövləti maraq kəsb edir. Əvvəla ona görə ki, S. Təbrizli aktiv və tanınmış siyasi xadim olmaqla fəaliyyəti boyu müxtəlif cür siyasi qüvvə, dairə və qruplaşmalarla kəskin ziddiyyətli mövqedə olub. Yəni, istəməyənləri az olmayıb. İkincisi, mərhum onun ölüm və xəstəliyinə əsas verməyən sağlam və dinamik orqanizmə malik olub və ölümünün baş verdiyi an heç kəs tərəfindən müşahidə olunmayıb. Bütün bunlar təbii ki, şübhələrə, bəzi qaranlıq versiyalara əsas verir və buna görə bu ölüm faktı tam diqqət və dolğunluqla araşdırılmalıdır. Məsələ ilə bağlı kompleks komission ekspertiza təşkil edilməli, dövlət rəhbərliyi nəzarətində olana xüsusi istintaq qrupu yaradılmalıdır. Bu proseslər mümkün qədər aşkarlıq şəraitində, mətbuat və ictimaiyyətin nəzarətində getməlidir.

İndiki halda meyitin yarılıb status və ixtisaslı ekspert tərəfindən müayinə edilməsi qanunvericiliyin tələbi idi. Qohumlarının razılığından ya narazılığından asılı olmayaraq bu, bütün ölkələrdə labüdlükdür. Bütün xarici zorakılıq əlamətləri olan, hətta bu əlamətlərsiz belə, gözlənilməz xəstəlikdən və sair səbəbi digər bilinməyən hallardan vəfat etmiş şəxslər belə bir müayinəyə məhkumdur. Yalnız, mərhum uzun müddət onu ölümə gətirən xəstəlikdən əziyyət çəkirsə və onu müalicə edib daim nəzarət altında saxlayan, ölümə həmin xəstəliyin səbəb olduğuna tam əmin olan müalicə həkimi bu barədə arayış verərsə, eyni zamanda, hüquq-mühafizə orqanlarında da əlavə şübhələr olmazsa, meyit yarılmadan saxlanıla bilər.

S. Təbrizlinin meyitini müayinə edən məhkəmə-tibb eksperti ölümə ilkin səbəb kimi kəskin qan damar çatışmazlığını göstərib. Lakin bu yalnız ilkin rəydir. Görünür ki, müayinə zamanı aşkar olunan ürək-qan damar catışmazlığının səviyyəsi ölümün səbəbi barədə tam qənaətə gəlmək üçün ekspertə əsas verə bilməyib. Əsl dolğun rəy qan və s. hissələrdən götürülmüş nümunələrin kompleks laborator analizindən sonra verilə bilər. Yalnız əlavə müasir texnoloji müayinələrdən sonra mərhumun zəhərlənmə, boğulma və sair kimi şübhəli kənar zorakı təsirlərə məruz qalmasını istisna etmək olar."(qafqazinfo)