Azərbaycan-Gürcüstan strateji münasibətləri təhlil edildi

2013-cü il oktyabr ayının 2-də Vaşinqtondakı Amerika Universitetinin professoru və həmin universitetin Qara və Xəzər dənizi Araşdırmaları Mərkəzinin direktoru Mamuka Seretelinin "Azərbaycan və Gürcüstan: Qeyri-sabit bölgədə sabitlik üçün əməkdaşlıq" ("Azerbaijan and Georgia: Strategic Partnership for Stability in Volatile Region") adlı hesabatı dərc edilib.

Apa-nın məlumatına görə, hesabat nüfuzlu Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Araşdırmaları Proqramının dəstəyi ilə yayımlanıb.

Hesabatda qeyd edilir ki, strateji müttəfiqlər olan Azərbaycan və Gürcüstan Cənubi Qafqazın üç ölkəsindən ikisi kimi təkcə ortaq sərhədləri deyil, həmçinin tarixi dinc birgəyaşayışı və bir çox ortaq ənənələri paylaşırlar. Regionun təhlükəsizliyi və gələcək inkişafı üçün ən ciddi təhdid Ermənistan və Azərbaycan arasında həll edilməmiş münaqişədir. Bölgədə hazırda üç separatçı bölgə (Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ) BMT və digər beynəlxalq qurumlar tərəfindən Gürcüstan və Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb.

Müəllif bildirir ki, region ölkələrindən Azərbaycan və Gürcüstan açıq şəkildə Qərbə inteqrasiya etmək siyasətlərini bəyan ediblər. Xəzər dənizində böyük enerji ehtiyatlarına malik Azərbaycan əsas neft-qaz kəmərləri və dəmir yolu vasitəsilə Qara və Aralıq dənizlərindəki bazarlara çıxış əldə edib. Həm Azərbaycan, həm də Gürcüstan Türkiyə ilə strateji münasibətlərə malikdirlər. Azərbaycan ərazisində rus qoşunları olmasa da, Gürcüstanın işğal edilmiş Abxaziya və Osetiya ərazilərində 2008-ci il müharibəsindən sonra rus qoşunları mövcuddur. Eyni zamanda, Ermənistan könüllü şəkildə öz ərazisində rus qoşunlarına yer verib və bu amili özünün təhlükəsizliyinin təminatı və qonşu dövlətlərə hədələyici vasitə kimi görür. Ermənistan qoşunları hazırda Dağlıq Qarabağı və onun ətrafında yeddi rayonu işğal altında saxlamaqdadır.

Müəllifə görə, Azərbaycan və Gürcüstan Qara dənizi Xəzər dənizi ilə, Transatlantik məkanı Böyük Mərkəzi Asiya və onun zəngin resursları ilə birləşdirən bəndin strateji həlqələridir. Bu strateji bənd aktiv şəkildə fəaliyyətdədir, ticarət və hərbi yüklərin bölgəyə və bölgədən quru, hava, dəniz limanları, dəmir və avtomobil yolları ilə daşınmasına imkan verir. İstər Azərbaycanın, istərsə də Gürcüstanın tranzit roluna Avropanın iqtisadi və təhlükəsizlik məkanına inteqrasiya vasitəsi kimi yanaşılır.

Hesabata görə, tarixlərində bir sıra oxşarlıqlara və son illərin dövlət quruculuğunda uğurlara baxmayaraq, Azərbaycan və Gürcüstan arasında bir sıra mühüm fərqlər ortaya çıxmaqdadır. Bu da ondan ibarətdir ki, məhz Azərbaycan özünün zəngin enerji ehtiyatlarından istifadə edərək böyük beynəlxalq layihələrə imza atıb. Bu layihələr nəticəsində Azərbaycan əsas neft ixrac edən ölkələrdən birinə çevrilib və yaxın gələcəkdə bu ölkənin hasil etdiyi qaz birbaşa Avropa bazarlarına çıxarılacaq. Bütün bunlar Azərbaycana Cənubi Qafqazın dominant iqtisadi gücünə çevrilməsinə imkan verib. Belə ki, Dünya Bankının hələ 2011-ci il göstəricilərinə əsasən Azərbaycan bütün Cənubi Qafqazın ÜDM-sinin 72%-ni istehsal etdiyi halda, Gürcüstan üçün bu rəqəm 16%-ə, Ermənistan üçün isə 11,6%-ə bərabər olub.

Hesabatın birinci hissəsi Azərbaycan və Gürcüstan münasibətlərinin orta əsrlər dövründən başlayaraq iki ölkənin 20-ci illərdə müstəqil dövlətlərin süqutuna qədər olan dövründən bəhs edir. Müəllif qeyd edir ki, tarixən iki xalq eyni işğalçıların dağıdıcı hücumlarına və təcavüzlərinə məruz qalıb və hər iki ölkəyə gələcək əməkdaşlığa zəmin üçün gözəl tarixi nümunə miras qalıb.

Hesabatın ikinci hissəsində qeyd edilir ki, yenidən müstəqillik əldə etdikdən sonra iki ölkə arasında aktiv ikitərəfli münasibətlər qurulub, müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən yüzdən artıq müqavilələr imzalanıb, strateji əməkdaşlıq kimi xarakterizə ediləcək münasibətlər yaradılıb. Azərbaycan və Gürcüstan müstəqilliklərinin ilk illərində dağıdıcı iqtisadi və sosial nəticələrə gətirən vətəndaş və etnik münaqişələrlə üzləşmişdilər. Çox ağır ilk müstəqillik illərindən sonra Azərbaycan və Gürcüstanda böyük dövlətçilik və idarəçilik təcrübələrinə malik liderlər – Azərbaycanda Heydər Əliyev, Gürcüstanda Eduard Şevardnadze hakimiyyətə gəldilər. Onlar keçmiş SSRİ-nin Siyasi Bürosunun üzvləri kimi, istər keçmiş sovet məkanında, istərsə də beynəlxalq aləmdə geniş əlaqələrə malik şəxslər idilər. Öz ölkələrinin müstəqilliklərini və suverenliyini gücləndirmək arzuları iki lideri qarşılıqlı münasibətlərin daha da dərinləşdirməsinə sövq edən ən mühüm amil idi.

İkitərəfli münasibətlərin inkişafının, daha geniş miqyasda isə regional əməkdaşlığın genişləndirilməsini sürətləndirən əsas amil Azərbaycanın enerji resursları olub. Məhz iki liderin uzaqgörən siyasətlərinin nəticəsində regionun inkişafı üçün mühüm rol oynayacaq "Əsrin müqaviləsi", TRASECA, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər mühüm layihələrin əsası qoyulub. Bu layihələr həmçinin regionun əhəmiyyətini Qərb üçün artırmaqla bölgədə gələcəkdə sabitliyin yaranması üçün zəmin yaradıb. Qeyd edilən layihələrin həyata keçməsi Azərbaycan üçün elə də asan olmayıb. Bu strateji layihələrin reallaşmamasında maraqlı olan qüvvələr Azərbaycan və Gürcüstanın müstəqil siyasətlərinin qarşısını almaq üçün bütün mümkün təzyiq vasitələrindən istifadə ediblər və məhz Azərbaycanın düzgün balanslaşdırılmış siyasəti nəticəsində bu maneələr neytrallaşdırılıb.

Müəllif Azərbaycan və Gürcüstanın xarici siyasətlərini də müqayisəli şəkildə təhlil edir, yazır ki, Gürcüstanla müqayisədə Azərbaycan regionda daha güclü strateji mövqeyə malikdir. Ekspertlər tərəfindən Şərq-Qərb dəhlizi nəzərdən keçirilərkən Gürcüstana bu bəndin daim ən zəif bəndi kimi baxılıb.

Hesabatda müəllif Azərbaycan diplomatiyasının son illərdə uğurlarından biri kimi məhz Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi zamanı Vaşinqton və Ankaranın təşəbbüslərinin və təzyiqlərinin qarşısını alaraq, özünün diplomatik kartlarından istifadə edərək prosesi dayandırmasını göstərir.

Maraq doğuran məqamlardan biri də odur ki, müəllif İranın Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində artan nüfuzunun gələcəkdə narahatlıq yarada biləcəyini vurğulayır.

Nəticə olaraq müəllif Azərbaycan-Gürcüstan münasibətlərin hər iki ölkənin strateji maraqlarına cavab verdiyini vurğulayır, bu münasibətləri ikitərəfli və çoxtərəfli, regional səviyyədə, xüsusilə Türkiyə ilə birlikdə daha da dərinləşdirməyi tövsiyə edir.

Hesabatın tam mətnini aşağıdakı keçiddən əldə edə bilərsiniz: http://www.isdp.eu/publications/silkroadpapers.html?task=showbib&id=6235&return