Sözlərimizin ağıllanması


Bütün dillərdən narazılıq

Azərbaycan türkcəsindən narazı qalanların nəzərinə: bütün ağıllı, özgün (orijinal) yazmaq istəyən ingilislər də, türklər də, almanlar da dillərindən narazıdırlar ki, ürəklərində (əslində, bilinclərində) tutuduqları düşüncələri tam söyləyə bilmirlər. Rus şairi Tütçev deməmişdi? Ağızdan çıxan düşüncə yanlışdır (yəni sözə keçəndə dərinliyini, zənginliyini itirir).
İngilis, alman intellektuallarının dillərindən narazılıqlarını gürcü kökənli ünlü rus filosofu Mamardaşvili yaxşı açmışdı: sənin yazdığın, danışdığın dilin bir əzabı var, o səninki deyil, başqalarının yapdığı dildir. Yəni, tutalım, alman intellektualı üçün dili almanca fəlsəfə yazmış Kantın, Heqelin formalaşdırdığı dildir, ona görə də yazanda öz səsindən çox Kantın, Heqelin səsini eşidəcək.

Dil və ağıllı tekstlər

Ancaq bizim dilimizdən narazılığımızın ingilislərin, almanların narazılıqlarından bir neçə yönümdən fərqi var. Dildə ağıllı yazılar çox olanda ondan axmaq səslər az, ağıllı səslər çox gəlir. Deməli, özgün, orijinal yazmaq istəyən ingilisin, almanın səsinə daha çox ağıllı səslər əngəl olur və onlar bu səslərlə yarışa çıxmalı olurlar.

Azərbaycan türkcəsində yazılmış ağıllı yazılar, güman, ermənicə, gürcücə yazılmışlardan az deyil, ancaq, tutalım, rusca yazılmışlardan qat-qat azdır – problem budur! Bizdə daha çox axmaq səslər ağıllı yazmaq istəyən şairin, filosofun, publisistin səsinə qarışıb əngəl olur.
İndi isə bir problemi deyim. "O olmasın – bu olsun" filmindən sonra bütün Azərilərə Məşədi İbadın "heç hənanın yerdir?!" deyimi elə ləzzət vermişdi ki, mədəniyyətimizdə qanmayıb söhbətə arzuolunmaz yön verməyin diskursuna çevrilmişdi. Üzeyir bəyin yaratdığı səhnə, - Məşədinin Gülnazla, onun dayəsi ilə söhbət səhnəsi olmasaydı, "heç hənanın yerdir?!" cümləsi dadsız bir deyim olub canfəşanlığında yöndəmsizlik edən adamların gülünclüyünü açan diskursa çevrilməzdi.

Bundan çıxan sonuc: DİLİN İŞLƏNMƏ ÇEVRƏSİ NƏ QƏDƏR GENİŞ OLSA, O QƏDƏR ÇOX "HEÇ HƏNANIN YERİDİR" TİPİNDƏ DEYİMLƏR YARANAR. O ZAMAN YAZARLARIN YAZILARINDA OYNAMAĞA VƏ OYNATMAĞA DAHA ÇOX DİSKURSLAR OLAR.

Türkiyədə yolsuzluq qalmaqalında toplumun məkanına atılmış "siyasətdə kaset savaşı", "montaj savaşı" kimi deyimlər gur siyasi proseslərin dildə doğurduğu yeniliklərə yaxşı örnəklərdir.
Dilin işlənmə praktikasının genişliyi nədən önəmlidir?

Sosial şəbəkədə ilk Azərbaycan erotik filmi haqqında soraqlar yayılıb. Birinə baxdım, qısa yorğan-döşək epizodu idi. Eşq olsun ki, aktrisa razı olmuşdu. Hərçənd o epizodda dodaqlardan, saçlardan, saqqal tüklərindən və bir də isti pıçıltılardan başqa heç nə yox idi. Mənə ilginc gələn oğlanla qızın ehtiraslı pıçıltıları idi. Bu, Azərbaycan kültüründə yeni dil praktikası idi. Hələ deyim ixtiraları yoxdur, ancaq praktika genişlənsə o da olacaq.

Gənclərimizin rusca danışmasının ziyanı odur ki, dilin işlənmə çevrəsini daraldırlar. TV-lər də AĞILLI SÖHBƏT ÇEVRƏSINI DARALDIR, ŞAIRLƏR də (NƏ QƏDƏR SEVGIDƏN VƏ ÖLÜMDƏN YAZMAQ OLAR?!). HAMI DARALDA-DARALDA GEDIR, GENIŞLƏNDIRƏNLƏRSƏ AZDIR.

Biz çalışmalıyıq ki, dilimizin çox nəsnələri böyük müxtləfilikdə deməyə gücü çatsın. "Çox nəsnələr" nə deməkdir? Çoxlu konular, çoxlu olaylar, böyük coğrafiyalar. Bu yöndə Azərbaycan mətbuatının və İnternet saytlarının uğurları çoxdur. Qəzetlərdə, bloqlarda, Saytlarda demək olar ki, yasaq yoxdur. Ancaq bu uğurları iki nəsnə korlayır. Birincisi, yazanların dil tapıntılarının, diskurs ixtiralarının azlığı. Rəhmətlik Rafiq Tağı diskurs ixtiralarında ustad idi. Onun bu deyimləri nəyə desən dəyərdi: "bəşəriyyət bekarçılıqdan doğub-törənir", "boş söyləmələr yalnız millətin saqqız kimi çeynəməsi üçndür". Və ya Vaqif İbrhioğludan hamımıza keçmiş "amma və lakin" "ixtirası". Dilin işlənmə çevrəsini belə ixtiralar genişləndirir. Ancaq yazıqlar olsun ki, onlar çox deyillər.
İkinci tələb olunan odur ki, bu dil tapıntıları estafet prinsipində yazıdan-yazıya, danışıqdan-danışığa keçməlidir.

Ona förə də bütün yazanlara, danışanlara sözüm var: MƏTBUATDA DIL TAPINTILARINA HƏSSAS, DUYĞUN OLUN, ONLARI IŞLƏDIN, ONLARI FIRLADIN, DÖVRIYYƏDƏ SAXLAYIN! ÖZÜ DƏ YAXŞI OLAR KI, ORTAYA ÇIXARANLARI ANMAĞI UNUTMADAN.

Yanlış söz tərcümələri tarixindən

Dil səhvlərinin yaxşı və pis sonucları


Yabançı sözlərin yanlış tərcümələri mədəniyyətdə bəzən gülməli, bəzənsə faydalı hallar törədir. Yanlış tərcümə aranı qarışdırar da, aranı düzəldər də. Bütün dünyada "Ok" qədər yayılan söz yoxdur. Onun necə yaraması isə dumanlarda it-batdadır. Həta bəzən deyirlər ki, bu sözün soykökü haqqında versiyaların sayı işlənmə variantlarından çıxdır. Bu gün Azərilər ötən yüzillərdən fərqli olaraq yabançı sözləri yabançıların özü kimi söyləyə bilirlər. Ancaq işə bax ki, "o key"də "k"nı "kolxoz" sözündəki kimi yox, "kənd" sözündəki kimi deməklə milli aksenti sezdirirlər (rus aksenti ingiliscədəki "həv"in yerinə "xev"i söyləyən kimi). Ancaq demək istədiyim əsas nəsnə bu deyil. Odur ki, bir versiyaya görə "o key" hansısa yabançı mühacirin səhvindən yaranıb. Belədirsə, bu səhv geniş yayılmaqla Amerikanizmə "Ford" maşınlarından az qulluq etməyib.

Bertran Rasselin bir kitabında "aprikos" (ərik) sözünün yanlışlıqdan doğmuş etimolojisi ilə bağlı ilginc düşüncələr var. O yazmışdı ki, qabaqlar mən bu meyvəni elə-belə yeyirdim. Sonra isə oxudum ki, ərik Avropaya Çindən gəlib. Latınlar həmin meyvəni yaxşı bilmədikləri üçün onu tez yetişməyən anlamını verən "apirkos" ("prikos" tez yetişəndəir) sözü ilə adlandırıblar. Daha sonra Bertran Rassel davam edir: bu səhv etimolojini biləndən sonra həmin meyvəni indi mən alayı ləzzətlə yeyirəm. Rasselin demək istədiyi o idi ki, informasiya, bilgi bizim ləzzət duyğularımızı dəyişdirə bilər, hətta dadsızı dadlı edə bilər. Ancaq yanlış tərcümənin ən dəhşətli örnəyini Maks Veber verib. O yazıb ki, almanlar möminlik missiyası anlamında "çağırış" ("beruf") sözünü ilk dəfə Bibliyadan, - "Sirahın oğlu İsus" kitabından biliblər. Martin Lüter o kitabı almancaya çevirəndə orijinalda olmayan mənanı verən "beruf" ("çağırış", yəni Allah səni nəyə çağırıb) söz variantını seçib. Bundan sonra bütün Protestant dünyasında çağırış başlıca dini ideyalardan birinə çevrilib.

Faydası olmayan yanlış tərcümə

İstərdim bir sözün yanlış tərcüməsinə görə suçumu boynuma alım. 70-ci illərdə Struktur dilçiliklə Azərbaycanda tanışlıq təzə-təzə başlayanda mən diplom işimdə onun bir qolu olan "Aktual üzvlənmə"dən yazmışdım. Elmin adını ruscanın "aktualnoye çlenenie" sözündən götürmüşdüm. Yanlış çevirimə səbəb "çlen" sözünün gözümə üfürdüyü kül idi. Əslində, bu sözün adi anlamı bölüm, parça, hissədir. Ancaq Sovet dönəmində "partiya üzvü", "həmkarlar üzvü" kimi deyimlər "üzv" sözünün bu adi anlamlarını arxa plana çəkib siyasi çalarını qabartmışdı. Partiyanın üzvü, əslində, partiyanın bir parçası demək idi. Siyasi gerçəklik isə üzvlüyü nəsə adi parçadan yuxarı siyasi termin ranqına qaldırmışdı. Ona görə də, artıq, 60-cı illərdə "çlenenie" sözünü parçalanma, bölünmə kimi yox, üzvlənmə kimi çevirirdilər. Halbuki kökündən yanlış çevirim idi. Əgər tərcümədə "üzv" sözünü saxlamaq belə vacib idisə, o zaman gərək "üzvlərə bölünmək" deyiləydi. Bax, 70-ci illərin erkənində diplom işində "aktualnoye çlenenie" nəzəriyyəsini dilimizə çevirmək gərəkəndə mən yanlışa yol verib "aktual üzvlənmə" yazmışdım. Azərbaycanda həmin nəzəriyyə haqqında ilk dəfə bəndəniz yazmışdı. Sonralar gördüm ki, diplom səhvim Akademik elmdə dövriyyəyə düşüb və hətta indi də qalmaqdadır (belə düşünməyimə o əsas verir ki, Kamil Vəli Nərimanoğlu diplom rəhbərim idi və sonralar həmi nəzəriyyədən ilk istifadə edənlərdən idi).

Səhra komandirləri

Mən Çeçen savaşı başlayanda tez-tez "səhra komandirləri" deyiminə rast gəlirdim. Bu sözlə Basayevi, Salman Raduyevi, Arbi Barayevi bildirirdilər. Beləcə, Çeçen savaşı dilimizi yeni sözü mənimsəməyə zorunlamışdı. Ancaq, axı, səhra rusca "pustınya"dır. "Pole" isə çöl, düzən və s.,- dir. Ona görə də "polevoy komandir"i "səhra komandir"i kimi çevirmək yanlışdır. Hələ onu deməirəm ki, Çeçenistanda savaşanlar səhrada yox, çöldə, meşədə vuruşurdular. Rus dilində "polevoy komandir" deyimi etnoqrafik araşdırmalardakı "polevoye issledovanie" sözünün biçimində yaradılıb. "Polevoe issledovanie" səhrada aparılmır, elmin, araşdırmanın iç məkanı olan institutlardan, kabinetlərdən dişarıda aparılır. "Çol komandirləri" də elədir: onlar kazarmada, cəbhə xətiində yerləşən hərbi güclərdən çöldə, yəni düzənlərdə, meşələrdə, dağlarda döyüş aparırlar. Ona görə də bizim jurnalistlərə, araşdırıcılara bir məsləhət: "səhra komandiri" yox, "çöl komandiri", "səhra tədqiqatları" yox, "çöl araşdırmaları" yazmaq düz olar.

Başqa dillərdən mənimsəmələrdə bayağılaşdırma
qorxusu

"Bayağı" sözü ilə bağlı soru

Bu sözdən yaman xoşum gəlir. Birincisi, yetərincə əskilərin sözüdür, hətta "Kitab-i Dədə Qorqud"da da var. İkincisi, sirli sözdür, hansısa etimoloqun onun soykökünü açmasını eşitməmişəm. Onu anlamaq üçün başqa dillərin sözlüyünə baxdım. Rusca "poşlıy" əskiliklə bağlıdır, keçmişə baxış dəyişəndə sözün anlamı da dəyişib. Öncələr Keçmişin (uyğun olaraq, əcdadların) kultu vardı. Arxaik dünyada evlərdə kəllə sümüyünün saxladılması əcdada sayğının göstəricisi idi. Sonralar keçmişə köhnəlik, primitivlik kimi baxılanda "poşlıy" sözü keyfiyyətsizliyi (köhnəlikdən xarablaşmanı) bildirdi. İngilislərdə "bayağı" yığnaq, kütlə anlamını verən "vulqar" sözü ilə bağlıdır, ona görə də bayağılaşdırmağa vulqarlaşdırmaq deyirlər, "banallaşdırmaq", "triviallaşdırmaq" da deyirlər. Hər ikisi çeynənmiş düşüncələrə, yıpranmış mətnlərə aiddir.

"Bayağı"nın etimolojisini bilmirəm, ancaq bəzi sözlərimiz var ki, onun anlamını sezməyə kömək edir. Nəyisə bayağılaşdırmaq onu ət tökən, dingiş etməkdir. İndi yazımın adından görünən düşüncə aydın oldu: başqa dillərdən söz götürəndə çalışmaq gərəkdir ki, bayağılığa, yəni ət tökənliyə, dingişliyə yol verməyəsən.

Bayağılığa öyrəşilməsinin sonucları

Sovet dönəmində yazarlarımız ruscadan götürülmüş sözlərin bayağılığı ilə personajı bayağı edirdilər. Belə personaj "zameçat etmək", "udovletvarit etmək" deyirdi, hamı "hır-hır" gülürdü. Hətta bu "komik effekt" indi də qalıb. İlgincdir ki, Rusiya kanallarının bəzilərində, özəlliklə, TNT-dəki Komedi Klubda ruscaya ingiliscəni qatıb bayağılaşdırmaq effekti almaq indi də var.

Sovet dönəmində Moskvada rus gənclərinin "o key" deməsi mənim ətimi tökürdü. İndi dünya dəyişib və Qloballaşma bizi "o key"ə elə alışdırıb ki, artıq, SMS-də, Face-bookda onu yazanda düşüklük olmur. Güman ki haçansa ruslardan götrülmüş "oy da" əski kişilərdə "o key" kimi ət tökürdü, ancaq indi öyrəşmişik, day ətimiz tökülmür.

Beləliklə, məndə hazır yanaşma yoxdur ki, hansı sözün götürülməsi bayağıdır, hansı yox və hansı öyrəşiləndən sonra bayağılığını itirəcək. Ancaq yenə də söz alınma prosesinə "bayağılıq qorxusu" prizmasından yanaşmağı linqvistik və kulturoloji düşüncəni bollandıran terminlər sayıb ortaya atıram.

"Çin" sözünün dilimizə gətirilməsinə bir tənqid

İlk dəfə rusların mənsəb, rütbə anlamında işlətdikləri "çin" sözünü, öz dilimizdə, məncə, "Yeni Müsavat"ın yazılarında oxumuşam, məsələn, "yüksək çinli filankəs" şəklində. "Rütbə" ərəb sözüdür, "çin" isə… slavyan, daha doğrusu, Hind-Avropa sözüdür (Avestanın dilində də var). İkisi də yabançı kəlmədir, ancaq "çin" "rütbəyə" ona görə uduzur ki, dilimizdə ölkənin (Çin), ulusun (çinilər) adına omonimdir.

Həm də "yuxum çin çıxdı" kimi deyimlərimizdə işlənir. Ona görə də "çin" sözü ölkə adında, düz çıxmaq deyimində işləndiyi halda onun omoniminin "rütbə" anlamında işlədilməsinə, bilmirəm nə deyim, israfcılıqmı deyim, ya nə deyim?! Axı, rusların rütbə anlamında işlətdikləri "çin" sözünün heç "qlamur", "drayv" kimi estetikası da yoxdur ki, dilə gətirəsən. Ona görə də "yüksək çinli" sözünə oxuda rast gələndə bayağılıq duyğusundan qurtula bilmirəm. Ətim tökülür.

"Krutoy" sözü haqqında

Günümüzdə rus gəncliyinin dilində "super" sözü kimi "krutoy" sözü də hər nəsnəyə az qala hər cür reaksiya verən kəlməyə çevrilib. Məncə, elə bizim gənclik də bu sözü sevir və işlədir. İlginci odur ki, adətən, bu gənclik ruscanın araçılığı ilə "drayv", "qlamur" kimi Avropa sözlərini götürür. "Krutoy" isə zıbıdı rus sözüdür.

Gənclərə bir ara dil yardımçısı olmaq istəyib axtarış apardım ki, "krutoy"u nə ilə əvəz etmək olar? Heç nə tapa bilmədim. İngiliscəyə baxdım ki, bəlkə o kömək edə. Ancaq mat qalasıdır, ingiliscə "krutoy"un semantik effektini "cool" yəni "soyuqqanlı" verir. Nədən? Bilmirəm. Onu bilirəm ki, yaponlarda da, Avropalılarda da üzündən duyğu, həyəcan bilinməyən kişilər KİŞİ sayılırlar.

İndi isə yazarlara və gənclərə öz məsləhətimi verim. Rusun "krutoy" sözünü bizim dilə "əjdaha" sözü ilə çevirmək olar: "əjdaha oğlan", "əjdaha sürmək" və s. "Krutoy"un bayağılığından, bax, belənçi qaçmaq olar. Qaçmaq istəməyənlərinsə bu, öz işidir.

AzNews.az