Magistr olmaq istəyənlərin nəzərinə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Magistr” xüsusi buraxılışının cari ildə üçüncü nömrəsi nəşr edilib.




TQDK-dan AzNews.az-a verilən məlumata görə, jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub. Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra, ilk növbədə, "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalıdır.

Bakalavrlar bu cədvəl əsasında bitirdikləri bakalavr ixtisasına uyğun magistratura ixtisaslaşmaları ilə tanış ola bilər, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb edilən minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının birinci mərhələsindəki nəticəsindən asılı olaraq onun seçmək hüququ olan ixtisaslaşmaların arasından öz istəyinə uyğun gələnləri seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.