"Bəli, Qarabağ şikəstəsinin sözlərinə əlavələr etmək lazımdır" - MƏNSUM İBRAHİMOV

AzNews.az analitik-informasiya portalının Baş redaktoru Taleh Şahsuvarlı öz feysbuk səhifəsində yeni təkliflə çıxış edib.

Baş redaktor bildirib ki, torpaqlarımız işğal altında olduğu müddətdə Qarabağ şikəstəsi bizim tarixi şüurumuzun bir növ himni idi:

"Elmi baxımdan ən yaxşı bildiyim sahələrdən biri tarixi şüur problematkasıdır. Məhz buna görə də əminliklə yazır və deyirdim ki, prezident İlham Əliyev Xankəndiyə mütləq bayraq asacaq və bu hadisənin əhəmiyyəti təkcə dövlət suverenliyimizin bütün ərazilərimizdə bərpası, "miatsum" ideologiyasının məhvi və Respublikamızın Qafqazın lider dövləti kimi yeni geopolitik status əldə etməsindən ibarət olmayacaq.

Bəli, İlham Əliyev Azərbaycan tarixinin səhvlərini aradan qaldırır və bununla yeni tarix şüuru yaradır. Tarix şüuru isə təkcə kitablarda, monoqrafiyalarda, elmi tədqiqat əsərlərində yaşamır. Bunun örnəklərindən biri Qarabağ şikəstəsidir.

Torpaqlarımız işğal altında olduğu müddətdə Qarabağ şikəstəsi bizim tarixi şüurumuzun bir növ himni idi.

Mən nə şairəm, nə də bəstəkar. Poeziya və musiqi sahəsində ölkəmizdə son dərəcə peşakar insanlar var. Onların timsalında hamımızın böyük rəğbət bəslədiyi, ustad sənətkar Mansum İbrahimov a müraciət edir, bir təklifimi çatdırmaq istəyirəm. Mənsum müəllimdən xahiş edirəm ki, bu ideyanı reallaşmasına nail olsun.
Təklifim budur ki, bizim muğam ustaları Xankəndi azad olunduğu üçün Qarabağ şikəstəsinə yeni bənd əlavə edərək oxusunlar.

Bu bənd tam şəkildə necə olacaq, bunu şairlərimiz, şikəstənin içində musiqi harmoniyasını isə bəstəkar və ifaçılarımız müəyyən etsə yaxşı olar. Ancaq bu bəndin son iki misrası, zənnimcə, belə olmalıdır:

Bayraq asdı Xankəndiyə,
Azərbaycan sərkərdəsi!

T. Şahsuvarlının təklifi ilə bağlı Xalq artisti Mənsum İbrahimovun mövqeyini öyrəndik. O bunun çox gözəl təşəbbüs olduğunu qeyd edib.

Ustad sənətçi bildirib ki, artıq Qarabağ şikəstəsini əvvəlki kimi nisgillə deyil, qalib kimi oxumağın zamanı yetişib:

"Mən artıq Qarabağ mahnısınn ikinci bəndini dəyişmişəm. Əvvəlki versiyada mahnı sözləri bu cür idi:

"Tarlalarında neçə qəhrəman övladı var,

Əməyi güllər açan Xanları, Bünyadı var".

Ancaq həmin mahnı Qarabağın simvoludur, o Qarabağ ki uğrunda nə qədər şəhidlər vermişik. Bu səbəblə həmin bəndə 4 şəhidimizin adını əlavə etdim.

"Vətənimizdə neçə qəhrəman övladı var,

Surxayı, İsrafili, Mübariz, Poladı var".

Artıq gənclərimiz də mahnını bu cür oxuyur. Düşünürəm ki, bu fikrə bizim yazarlarımız, şairlərimiz də kömək olmalıdır ki, biz də onu ərsəyə gətirə bilək”.

Rəfiqə NAMAZƏLİYEVA