Vitali Kliçko hakimiyyəti sərt tənqid etdi

Ukrayna müxalifətinin liderlərindən olan "UDAR" (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı) Partiyasının rəhbəri Vitali Kliçko Vilnüsdə mətbuat konfransı keçirib.

APA-nın "Ukrainskaya pravda"ya istinadən verdiyi məlumata görə, V. Kliçko prezident Viktor Yanukoviçin assosiasiya sazişi imzalamağın əvəzində Avropa Birliyindən külli miqdarda pul istəməsini sərt tənqid edib və bunu şantaj adlandırıb.

Məşhur peşəkar boksçu bildirib ki, prezidentin və hökumətin avrointeqrasiya prosesini və müvafiq islahatları dayandırması Ukrayna xalqında çaşqınlıq yaradıb: "Birdən-birə hakimiyyət rəqəmləri, məbləğləri yüksəltməyə başladı. Bu, Ukraynanı alçaldır".

V. Kliçko deyib ki, hakimiyyətin Yuliya Timoşenkonun xaricdə müalicəsinə icazə verməyin əvəzində pul tələb etməsi ona Somali quldurlarını xatırladır: "Biz islahatlardan, iqtisadiyyatda bərabər imkanlardan, inhisarın olmamasından, korrupsiyanın aradan qaldırılmasından, hər vətəndaşın insan hüquq və azadlıqlarının müdafiəsini təmin edəcək qanunun aliliyindən danışırıq".

Qeyd edək ki, Ukraynada 2015-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı aparılmış son sosioloji sorğuda V. Kliçkonun reytinq göstəricisi V. Yanukoviçin reytinqinə çox yaxınlaşıb. Belə ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun apardığı sorğuya əsasən prezident seçkiləri bu ilin noyabrında keçirilsə və bülletenə Yuliya Timoşenkonun adı daxil edilməsə, 1-ci turda V. Yanukoviç 17%, V. Kliçko isə 16% səs alardı. Yanukoviçlə Kliçko 2-cu tura çıxarsa, bu halda V. Kliçkonun 35% səs toplayaraq prezident seçiləcəyi proqnozlaşdırılır. V. Yanukoviçin 2-ci turdakı səs faizi isə 22%-dir.

AzNews.az