Belə avantüristləri ciddi cəmiyyətlər qəbul etmir Belə avantüristləri ciddi cəmiyyətlər qəbul etmir

"Qaragüruhun daha bir öndə gedəni Əli Əliyev təhlükəli driblinqlər edir" - VİDEO

Belə avantüristləri ciddi cəmiyyətlər qəbul etmir

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

Müsəlman dövləti olan Əfqanıstanda və onun orbitində baş verən faciələr fonunda Azərbaycana baxaq.

Dünya güclərindən, beynəlxalq münsiflərdən ədalət gözləyənlərin nəzərinə. Birləşmiş Ştatlar və müttəfiqləri Əfqanıstandan deyil, məsuliyyətdən qaçdılar. Bu gün Baydenin bu şəkildə başı aşağı olması bir dövlətin, bir Prezidentin deyil, bütünlükdə bir yanaşma tərzinin, ikili standartlar dediyimiz platformanın şəklidir.

İndi ağlamaq ən asanıdır. İnsanları, bütöv bir xalqı xaosla, soyqırım təhdidi ilə baş-başa qoyandan sonra nə qədər istəyirsən ağla, göz yaşı tök! Kabil aeroportunda bir-birinin ardınca 6 partlayış baş verdi. Ölənlərin sayı 100-ü keçdi.

Mən burda həlak olmuş amerikalıların sayını bilərəkdən vurğulamayacam. Nə fərqi varmış? Ölən insandır. Bu gün BMT dünyanı Əfqanıstana imdad etməyə çağırır. Onun yardım çağırışına ilk səs verən ölkə nə qədər qəribə olsa da elə Amerika Birləşmiş Ştatlarıdır. Hardadı məntiq!? Axı dünənədək ordaydı amerikalılar. Köməksiz vəziyyətə düşüb öz mövqelərini tərk edən dövlət şəkililərin sözü olmasın, təzədən razqon götürməyə hazırlaşır? Əfqanıstanın siyasi atlasda yeri əslində yuxarı başdadır. Çünki bu ölkənin yerləşdiyi nöqtənin xüsusilə yeni dünya sahmanında fövqəladə əhəmiyyəti var. Və neçə illərdir ki, bu ah-fəqanıstan uğrunda dava aparanlar da məhz həmin əlverişli geosiyasi plasdarm naminə çarpışırlar. Əfqanıstanın dənizə çıxışı yoxdur. Onun dünyaya yeganə çıxışı Kabil hava limanıdır. Elə buna görə də əfqanlar üçün hava limanı hava limanından daha artıqdır. Bu nöqtəyə nəzarət edən elə bütün Əfqanıstana nəzarət etmiş olacaq. Bu səbəbdəndir ki, Kabil hava limanı mərkəzdir. Sadə əfqanlar da bu ünvana can atır, silahlı Taliban da.

Kabil hava limanının mülki idarə olunması ətrafında mübarizə gedir. Taliban Türkiyəyə, bu dövlətin xüsusilə Ərdoğan vaxtında artan nüfuzuna etibar edir. Türkiyə isə bu mövzuda humanist bir səmərəliliklə düşünür. Əfqanıstanda baş verənləri bu və ya başqa supergücün fiaskosu tək izah etməyə çalışırlar. Anlayışla yanaşıram. Amma yenidən vitrinə məzlum, savadsız, qəddar, tarmarçı, yağmaçı müsəlman dövləti obrazının çıxarılması da faktdır. Bəli: bir tərəfdən Amerika Birləşmiş Ştatlarının Prezidenti bəyan edir: “Əfqanıstanda baş verən son hadisələrə görə tam məsuliyyət daşıyıram!” Amma o biri tərəfdə də İŞİD bəyanat verir ki, “Kabil hava limanı yaxınlığında törədilən partlayışa görə məsuliyyəti öz üzərimə götürürəm!” Əcayib bir məsuliyyətdaşlıqdı, yox? Amma bu da tam aydındır ki, irəlidə əsas qarşıdurma Taliban və İŞİD arasında olacaq. İki müsəlman, islam təmayüllü qruplaşma arasında. Ya da belə təqdim ediləcək. Təbii: arxada mütləq hansısa şeytanın barmağı işləyəcək. Amma görünən təzə bir müsəlman, islam ocağı olacaq. Deməli qərbin meqa mediası yenidən özünün vəhşi müsəlman manşetini bərpa edəcək. İraq kampaniyası, Ərəb baharı, bu gün də bitməyən Suriya vətəndaşı müharibəsi silsiləsinə Əfqanıstan tonqalı yeni alov dilləri gətirməlidir. Böyük beynəlxalq klubun hesablamalarına görə. Adətən bitməyən, sona çatmayan müsəlman münaqişələri dünyaya uğursuz islam dini anlaşıyışını, bu dinə iman gətirənlərin siyasi-mənəvi fərsizliyini təlqin etmək üçündür. Elə buna görə də biz hər dəfə Azərbaycanın müsəlman dövlətləri üçün tərtib edilən beynəlxalq çertyojdan çıxdığını, nəzərdə tutulan kombinasiyalara girmədiyini deyirik. Baxın: bu beynəlxalq güclər klubunun təqdim etdiyi müsəlman ölkəsidir.

Hesabla Azərbaycan da beləcə dağılmalıydı. Onun da insanı Qərbin qapısında dilənməliydi. Əfqan qaçqınları kimi, Suriya qaçqınları kimi... Onun da körpə balaları hansısa bərədə, dərədə itib-batmalıydı. Amma bu baş vermədi. Bu ölkənin lideri öz uğur platformasını işləyib hazırladı. Xalqın qələbə instinktini özünə qaytardı. Bütün təkhüceyrəli-plebey güruhun, onların xaricdəki maliyyə qahmarlarının idmanda qələbələr qazanmaqla xalqın qalib ruhunu oyatdı, nüfuzlu beynəlxalq yarışları Bakıya gətirməklə Azərbaycanın Beynəlxalq tanınmasına nail oldu. 2 mart BMT tanışlığından daha effektiv bir şəkildə. Sivilizasiyalararası forumların təşkilatçısı olmaqla, BMT tribunasından planetar hədəflərə hesablanan çağırışlar səsləndirməklə, qoşulmama hərəkatını beynəlişlək təşkilata çevirməklə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının özünə belə nümunə göstərməklə. Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməyin və sonda qalib gəlməyin başqa adı yoxdur. Yeri gəlmişkən, Azərbaycan bir az əvvəl qeyd etdiyimiz çertyoja bu mühüm səbəbə görə də daxil olmur. Müsəlman dövləti olmaqla qalib gəlmək də və bunu ləyaqətlə etmək də olar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Eyni zamanda, Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklüyünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik, hər şeyi vaxtında. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi Zəfərə çatdıq".

Və ya bu günlərdə Kəlbəcər və Laçına səfər zamanı Azərbaycan yanaşmasını riyakar standartlar fonunda belə təqdim etdi. Xatırlatma verirəm: 10 noyabr bəyanatının tələblərindən biri də Ermənistanın kapitulyasiya zamanı razılaşdırılmış müəyyən tarixlərdə Ağdamın, Kəlbəcər və Laçının döyüşsüz təslim edilməsi idi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Onlar artıq buradan gedəsi olanda, kapitulyasiya aktını imzalayandan sonra da bizdən vaxt istədilər. Rusiya rəhbərliyi bizə müraciət etmişdir ki, onlara əlavə on gün vaxt verin, onlar buradan öz şələ-şülələrini yığışdıra bilmirlər. Onlara vaxt verin ki, çıxsınlar. Biz yenə də humanistlik göstərdik. Yenə də vaxt verdik noyabrın 25-nə qədər. Amma onlar bu müddət ərzində nə etdilər?! Onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırdılar, dağıtdılar. İndi yol boyunca o evlər görünür. Ağacları kəsdilər, ağacları yandırdılar. Bax, erməni vəhşiliyi budur".

Budu dediyim maket. Mənəviyyat və siyasi əxlaq qəlib. Humanizm və alicənablıq nümunəsi. Bir Azərbaycan nümunəsi olmaq. İcazənizlə, bu barədə daha detallı danışaq. Məsələn, Azərbaycana qədər də Avroviziya yarışmaları keçirilmişdi. Amma bu beynəlxalq yarışın təşkilatçıları qeyd-şərtsiz etiraf edir ki, yarışıların tarixində ən yaxşısı məhz Azərbaycanda keçiriləndir:

Tarixdə ilk dəfə Avropa oyunlarını Azərbaycan keçirdi. Qərəzli yanaşmalara, Avropaya bu yarışların tərzi, mahiyyəti ilə gerçək bir multikultural dərs keçən Azərbaycanı məhz elə bu açıq dərsə görə aşağılamağa, hər vəchlə onun imicini korlamağa çalışan xarici mütəşəkkil qurumların qarayaxmalarına baxmayaraq bu Oyunlar ən ali keyfiyyət göstəricisi ilə seçildi. Burda biz Azərbaycanın həta öz düşməninə də ləyaqətlə yanaşdığının şahidi olduq. Erməni idmançısının mükafatlandırılma mərasimindən bəhs edirik. Tarixi boyu minlərlə vəhşiliyin müəllifi kimi gördüyü erməniyə Azərbaycan meydanında qəzəblə kükrəyən auditoriya Prezident Əliyevin bir işarəsi ilə sakitləşir... Xatırlayaq.

Və indi gördüklərimizdən sonra yenidən Prezidentin bu fikirlərinə qayıdaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Eyni zamanda, Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq”

Və bu jest təsadüf deyil. Bu bir prinsipdir. Bu mütləq mahiyyətdir. İdarəetmə fəlsəfəsidir. Azərbaycanın niyə işğaldan azad etdiyi ərazinin Xankəndi hissəsinə girmədiyini diletantca, bəzən provakativcəsinə soruşanlara növbəti dəfə cavab vermək lazım gəlir. Bu ona görə edilmədi ki, Əliyev etnik təmizləməyə getmədi. Bu böyük bir tələ idi. Azərbaycan döyüşçüsünün Xankəndinə girişini gözləyən, xəstəxanalarda, məktəblərdə mülki geyimdə erməniləri girov saxlayan, əməliyyat nəticəsində onların, təxminən 500-ə dək insanın öldürülməsi müstəvisində dəhşətli təfərrüat hazırlayan qüvvələrin bəyanatlarını elə təkcə Fransanın beş-altı kanalı yaymağa amadə idi. Müdaxilə mülki geyimə köçürülmüş erməni silahlılarının təbii ki, kütləvi ölümü ilə nəticələnəcək, bu hərəkət 1915-ci il hadisələrinin davamı, qondarma soyqırım kimi təqdim ediləcəkdi... Yosun ağıllı, şibyə düşüncəli, mamır beyinli oyuncaq siyasətçilərin nəzərinə çatdırmaq istədiyimiz budur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“ Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklüyünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik, hər şeyi vaxtında. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq”

Azərbaycan nümunəsi bu idi. Azərbaycan qələbə uğrunda ən az itkilərlə mübarizə aparırdı. Əsas məqsəd insan öldürmək deyil, məqsədə çatmaq idi. Bizim döyüşçü həyat rəmzidir. Ölüm yox. Və o Əfqanıstanda da həmin əxlaqın tərkib hissəsi idi. Bizim sülhməramlımız gerçək sülhməramlı idi. O qorumalı olduğu sülhə qranatamyot arxası çevirərək, düşməni himayə etmirdi. O altdan-altdan düşmənə silah-sursat çatdırmır, yeri gələndə düşmənlə bir obyektivə gülümsəmirdi. Bizim sülhməramlı vətəndaş müharibəsi alovundan dodağı qarsıyan əfqan körpələrinə su içirirdi, onunla təbəssüm şəriki olurdu...

Azərbaycan sülhməramlısı dünyanın demokratiya və insan haqları deklamatorlarının ayaqlar altına atdığı bu əfqan balasını belə incə, xətər toxunmasın deyə az qala barmaqları ucunda xilas edirdi.

Azərbaycan sülhməramlısı 44 günlük vətən müharibəsi boyunca, elə bugünkü kimi aqressorun tərəfində olan, Ermənistanı himayə edən Fransızların Kabil hava limanını sağ-salamat tərk etməsini böyük bir alicənablıqla həyata keçirirdi. NATO-nun, o cümlədən deməli həm də elə Fransanın qoyub qaçdığı Kabildən. Azərbaycan sülhməramı master-klass keçdi. Bu xüsusi hazırlanmış bir ssenari deyildi. Bu Əliyevin müəllifi olduğu dövlət xarakteri idi. 2012-ci il, may ayının 1-də BMT Təhlükəsizlik şurasına sədrlik edərkən qaldırdığı antiterror məsələlərin məntiqi davamı kimi Azərbaycan Kabildə də terrora qarşı idi. Bu yerdə biz Prezident İlham Əliyevin BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edərkən söylədiyi fikirləri təqdim etmək istərdik. İradlar, qınaq və məzəmmmətlər ilk baxışda BMT-nin Azərbaycanla bağlı, onun işğal altında yerləşən əraziləri ilə bağlı dişsizlik göstərən BMT-yədir. Amma ya da həm də Sudandır, Əfqanıstan və başqa respublikalardır. Əminəm ki, bu çıxışa qulaq asan başqa respublikalar, ədalətsiz beynəlxalq yanaşmalara məruz qalan başqa respublikalar, toponimləri dəyişib öz dərdlərini xatırlaya bilərlər...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim. Bu, təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilinin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür".

İndi isə kiçik bir rezüme edək. Bütün dünyanın qarşısında öz iradəsini ortaya qoyaraq BMT Təhlükəsizlik Şurasının belə icra etməkdən çəkindiyi qərarı təkbaşına yerinə yetirən Azərbaycan tarixi zəfər adlı nəticəyə görə ilk növbədə bu boyda riskin altına girən, hər xırda detalı belə hesablayan, qələbəni düzgün proqnozlaşdıran Liderinə borcludur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik”.

Bütün bunlar onu göstərir ki, Azərbaycan kimlərinsə düşündüyü idbar müsəlman obrazına daxil deyil. Bu multikultural ölkədə bütün dinlərin daşıyıcıları bir süfrə arxasında eyni iftar məmnunluğu yaşaya bilirlər. Əfsanəvi fotoqrafımız Rza Diqatinin bu şəklində olduğu kimi.

Və bu gün əgər hansısa obıvatelin ağlına “Azərbaycan Krım platformasına niyə girmir?” kimi sual gəlirsə, dövlətin ümumiyyətlə tərəfdaş və müttəfiqlərlə siyasətinin özünəməxsus bir ancioqrafiyasını keçirsin. Yəni bir xəttin əvvəlindən mənsəbinədək gedib çıxsın. Ukraynanın ərazi bütövlüyünü tanımaq, rəsmi Kiyevi bütün beynəlxalq platformalarda tanımaq! Bütün mühüm meydançalarda Ukraynaya dəstək vermək. Əslində Azərbaycan Ukraynayla münasibətdə özünə rəva bildiyindən artığını və əskiyini etmir. Bu ölkəyə öz ərazi bütövlüyü və suverenliyini dəstəkləmək üçün Bakı reseptini təqdim edib və edir. Yeri gəlmişkən Ukrayna jurnalistləri bu ilin fevral ayında Bakıda keçirilən mətbuat konfransında sual verərkən bu faktı təqdir və etiraf da etmişdilər.

“Ukraina-24” telekanalı: Hər vaxtınız xeyir, cənab Prezident. Mən “Ukraina-24” telekanalının jurnalistiyəm. İcazənizlə, sual vermək istərdim. Ukrayna Azərbaycanda baş verən hadisələri həmişə izləyib və izləyir. Sizin təcrübəniz bizim üçün çox vacibdir. Ümidvaram ki, yaxın gələcəkdə biz də öz torpaqlarımızı qaytaracağıq. Sualım da, bir növ bu barədədir

Deməli Roma papasından artıq katolik olmaq istəyən rahib və rahibələr, yaddaş kitabçasına BMT və digər nüfuzlu qurumlarda Ukraynaya verilən dəstək faktlarını qeyd edərək gözləsinlər. Axı Azərbaycan Qarabağ uğrunda son və qəti davaya bir günün içində başlamadı... Bir də unutmayaq ki, Azərbaycanın xarici siyasətində Prinsiplərdir əsas, ayrı-ayrı epizodlar deyil. Azərbaycanın tərəfdaş, dost Ukraynaya göstərə bildiyi bu dəstək Ukrayna xalqının istək və iradəsinə tam cavab verir və Kiyevin 44 günlük vətən müharibəsi zamanı Azərbaycana verdiyi dəstək əslində o yanaşmanın cavabı idi. Dost Ukrayna dost Azərbaycanı borclu etmirdi, borcundan çıxırdı. Yeri gəlmişkən Mərkəzi Asiyadan olan qardaşlarımız hələ ki, layiq olduğumuz canıyananlığı nümayiş etdirmir. Yəqin ki, iki dövlət bir millət şüarının birinci hissəsi artıma döru dəyişəcəyi zamanı, günü, ayı gözləyir. Neçə dövlət bir millət? Doğrudanmı hələlik yalnız iki?! Sosial şəbəkələrdə siyasət qrossmeysterliyi iddiasına düşən boğaz arıtlayanlar başa düşməlidirlər ki, hansı hallarda sualı xəbərə, hansı hallarda isə mübtədaya vermək lazımdır?! Və Azərbaycan sosial şəbəkələrdə yox, real dünyada yaşayır. Real dünyada isə Rusiya və Azərbaycan münasibətlərini daha soyuqqanlı, daha ağılla təhlil etmək lazımdır. Rusiya Azərbaycanın düşməni deyil. Azərbaycan da Rusiyanın düşməni deyil. Biz Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti zamanı meydana çıxan problemlərdən narazılığımızı ən yüksək səviyyədə çatdırırıq, anladırıq ki, sülhməramlılıq missiyasını öz üzərinə götürən tərəfin öhdəlikdən çıxmağa nə ixtiyarı, nə də haqqı var. Narazılığımız nəzərə alınmalıdır. Amma eyni zamanda Rusiyada keçirilən Ordu Oyunlarında da iştirak edir, yüksək yerlər tuturuq. Ümumiyyətlə dərindən düşünməyi doktor zərərli hesab etməyib axı. Bu saat dünyanın bir sıra xalqları güclü lider böhranı yaşayır. Belə bir zamanda İlham Əliyevin liderliyi Azərbaycan xalqının və Azərbaycan dövlətinin ən böyük üstünlüyüdür. Son zamanlar Ermənistanda isterik vəziyyət yaradan hadisələrdən biri barədə danışaq. Söhbət Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində hərəkətin məhdudlaşdırılması, həmçinin sərhəd-nəzarətinin tənzimlənməsi prosesindən gedir. Əvvəlcə, hər dəfə təqdim etməkdən qürur duyduğum kadrları yenidən izləyək. Zəngəzur. Şurnuxu. Bu ərazidən etdiyim stendap jurnalistika taleyimdə xüsusi yer tutur. Söhbət bu yoldan gedir:

Beləliklə, Azərbaycan suveren hüququndan istifadə edib bu yolu bağlamışdı. Çünki Azərbaycan istənilən vaxt lazım bildiyi tədbiri həyata keçirməkdə sərbəstdir. Və əgər Ermənistan bu yoldan maneəsiz istifadə edə bilirdisə, bu, yalnız Azərbaycanın xoş niyyətindən irəli gəlirdi. Bu ilin aprel ayında ADA-da keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda Prezident Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsindən danışmışdı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

"Biz Zəngilan və Qubadlı rayonlarının ərazisində ermənilərə 21 kilometr uzunluğunda yolumuzdan istifadə etməyə icazə veririk. Həmin yol Azərbaycan ərazisindədir və əvvəllər ermənilər tərəfindən istifadə edilib. Biz buna mane olmadıq, ancaq müharibə dövründə işğal altında saxladıqları ərazilərdə bizə bir metr irəli hərəkət etməyə icazə verirdilərmi? Xeyr. Yəni, bütün bunlar birtərəfli qaydada atılmış addımlardır. Bu, təkcə jest deyil, bu, müharibə səhifəsini çevirməklə bağlı düşünülmüş siyasətdir. Giriş nitqimdə ermənilərin bizə qarşı törətdiklərini heç vaxt unutmayacağımızı qeyd etməklə yanaşı, bildirmək istəyirəm ki, biz gələcəyə baxmalıyıq".

Yolun bağlanmasınınsa səbəbi aydındır. Həmin ərazidə azərbaycanlı sərhədçiyə hücumdan sonra Azərbaycan burada təmizlənmə üçün lazımi əməliyyat tədbirləri həyata keçirib, lazım olan addımları atıb, vəssəlam. Bir daha xatırladırıq. Bura Azərbaycanın ərazisidir. Yeni reallıqlar yaranıb artıq. Ermənistan yeni reallıqla, daha doğrusu öz vəziyyətilə barışmalıdır. Ermənistan anlamalıdır ki, Azərbaycan istənilən vaxt öz ərazisində hərəkəti məhdudlaşdırmaq hüququna malikdir və nəzərə almalıdır ki, bu zaman Ermənistanın yol-hərəkət sistemi iflic vəziyyətə düşə bilər. Necə ki düşmüşdü. Prezident Əliyev Ermənistanın düşdüyü vəziyyəti ustalıqla şərh və idarə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bu gün Ermənistan nə gündədir, hər kəs bunu görür. Əlbəttə, acı məğlubiyyətin şokunu onlar hələ uzun illər yaşayacaqlar. Biz isə bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq, qürurla yaşayacağıq”

Bax tez-tez Xankəndi mövzusunu ortaya atan boş boğaz və çənə gimnastlarını bu mənzərəni təhlil etməyə çağırıram. Əlbəttə beyin imkanları yol verərsə. Prezidentin şəhid ailələri ilə görüşdə söylədiyi bu fikirləri yenidən dinləyək. Eyni zamanda Azərbaycan və Ermənistan hakimiyyətlərinin öz xalqları ilə söhbəti zamanı hansı məqamlarda dayandığını təsəvvür edək. Paşinyan öz xalqına böyük məğlubiyyəti, Əliyev isə qələbəni təlqin edir. Tarix kontekstində, mənəviyyat kontekstində, ədalət kontekstində.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bu gün biz bu əraziləri bərpa edərək tarixi ədaləti bərpa edirik. Əfsuslar olsun ki, xalqımız uzun illərdir ədalətsizliklərlə üzləşir. XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birincisi, 1920-ci ildə. O vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə də iqtisadi əsası var idi. Heç bir əsası yox idi. Sadəcə olaraq, bizim canımıza bu süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olmuşdu. Ona da cəllad Stepan Şaumyanın adını verdilər, Stepanakert adlandırdılar. Xalqımıza iki böyük zərbə dəymişdi. Ondan sonra da zərbələr oldu. 1940-1950-ci illərdə Ermənistan ərazisindən - qədim Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, 1980-ci illərin sonlarında erməni separatizminin baş qaldırması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın verilməməsi. Əksinə, separatçıları təhrik edirdilər, onların havadarları bizə meydan oxuyurdular. Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək sovet vaxtında ortaya atılmış tezis idi. Heydər Əliyev hakimiyyətdən gedəndən iki həftə sonra bu, ortalığa atıldı. Görünür ki, çoxdan belə planlar var idi. Amma Heydər Əliyev amili, onun qətiyyəti və gücü imkan vermirdi ki, baş qaldırsınlar. O canlı bomba, hansı ki, 1923-cü ildə qoyuldu Azərbaycanda və o partladı o vaxt. O vaxtkı Azərbaycan rəhbərliyi, sadəcə olaraq, buna ya hazır deyildi, ya da ki, öz vəzifə borcunu yerinə yetirə bilmədi. Bəzi hallarda xəyanət etdi, satqınlıq etdi. Nəticə etibarilə hələ sovet vaxtında Dağlıq Qarabağ Muxtar Vilayəti faktiki olaraq Azərbaycandan defakto ayrılmışdı. Orada bir xüsusi komitə yaradılmışdı. O komitəyə rəhbərlik üçün Moskvadan ermənipərəst bir adam gətirilmişdi. Hansı ki, faktiki olaraq orada ermənilərlə birləşib bizə qarşı iş aparılırdı. Azərbaycanlılar öz doğma torpağında artıq müdafiəsiz bir topluma çevrildilər. Ondan sonrakı tarix məlumdur. Biz isə tarixi, bu antiazərbaycan siyasətini geri çeviririk. Biz bəzilərinin heç yuxusuna gəlməyən işləri görürük. Bu gün bölgəyə tam sahibik, söz sahibiyik, işğal edilmiş torpaqları azad etmişik. Bu torpaqlarda indi möhkəmlənirik".

İndi sizinlə qürur dolu dəqiqələr izləyəcəyik. Ali baş komandan İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva qalib döyüşçülərlə, şəhid valideynləri ilə söhbət edir. Burda qürur var, burda ali kədər var. Amma eyni zamanda bu kədərə dəyə biləcək Möhtəşəm Qələbənin Mütləq Ruhu var. Hər detal maraqlıdır. Hər detal tarixidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

"Mən bir daha şəhidlərimizin əziz xatirəsini yad edərək deməliyəm ki, siz - onların yaxınları onlarla fəxr edirsiniz. Haqlı olaraq fəxr edirsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaqdır".

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Cəfərova, Vətən müharibəsi şəhidi Fərid Şamilovun atası Mirzə Şamilov və Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Ehtiram Məmmədov çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sitarə Cəfərova: Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım

"Mən Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun yoldaşıyam. Mənim yoldaşım otuz il bu Vətənə xidmət edib. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Sizin Sərəncamınızla ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi və digər medallarla təltif olundu. Sizə təşəkkür edirəm.

Cənab Prezident, hörmətli Mehriban xanım.

Siz şəhid ailələrinə daim dəstək olmusunuz və həmişə bizim yanımızda olmusunuz. Bu gün də bizə sevinc bəxş etmisiniz. Bizi mənzillərlə təmin edirsiniz. Allah Sizə cansağlığı versin. Allah Sizi Azərbaycan xalqının üstündə həmişə var eləsin.

Hörmətli Mehriban xanım, bu gün Sizin doğum gününüzdür. Fürsətdən istifadə edərək Sizi təbrik edirəm. Allah Sizə cansağlığı versin, uzun ömür və bol-bol nailiyyətlər arzulayıram. Çox sağ olun".

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Mirzə Şamilov: "Cənab Prezident, hörmətli Mehriban xanım.

Mən Vətən müharibəsi şəhidi Fərid Şamilovun atasıyam. Oğlum ilk günlərdən könüllü olaraq cəbhəyə yollanıb, Füzuli, Xocavənd, Zəngilan uğrunda döyüşüb, Şuşa və Xocavəndin azad olunmasında igidlik göstərib. Son döyüşü də elə Şuşanın yaxınlığında, Xocavənd rayonunda olub. Noyabrın 8-də qəhrəmancasına şəhid olub. Sizin Sərəncamınızla “Vətən uğrunda”, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad olunmasına görə medallarla təltif edilib. Buna görə minnətdarıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Cənab Prezident, bu gün oğlumun və bütün şəhidlərimizin ruhu şaddır. Çünki Sizin rəhbərliyinizlə tarixi Qələbəyə imza atdıq. Xalqımız öz arzusuna çatdı. Otuz il düşmən işğalında olan torpaqlarımız azad edildi. Gələcək nəsillərimiz də bu tarixi Zəfəri qürurla yad edəcəklər, xatırlayacaqlar.

Vətən müharibəsindən çox az, doqquz ay keçməsinə baxmayaraq, Sizin tapşırığınızla bizə, bütün şəhid ailələrinə yüksək diqqət və qayğı ilə yanaşırlar. Bütün sosial dəstəklə əhatə olunmuşuq. Gənc qazilərimizin evlə, mənzillə, maşınla təmin olunması şəhid atası kimi məni həqiqi mənada sevindirir və qürurlandırır. Buna görə Sizə minnətdaram. Tanrı Sizi, Mehriban xanımı qorusun.

Mehriban xanım, şəhid ailələrinə xüsusi, həssas, diqqətli yanaşmağınızın göstəricisidir ki, ad gününüzdə də bizimləsiniz. Sizi təbrik edirik. Sağ olun".

Prezident İlham Əliyev: Sağ olun.

Mehriban Əliyeva: Çox sağ olun.

X X X

Ehtiram Məmmədov: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Hörmətli Mehriban xanım.

Vətən müharibəsi əlili, ehtiyatda olan polkovnik-leytenant Ehtiram Məmmədov. Mən də Sizin rəhbərliyinizlə Vətən müharibəsində iştirak etmək şərəfinə nail oldum. Mənfur düşmənin otuz ildə hazırladığı mövqeləri qəhrəman Azərbaycan əsgərləri ilə 44 gün ərzində darmadağın edərək bütün torpaqlarımızı işğaldan azad etdik. Döyüşlərdə iki dəfə yaralandım. Mən Sizin tərəfinizdən “Qarabağ” ordeni, Füzuli, Xocavənd və Şuşanın işğaldan azad olunması medalları ilə təltif edilmişəm. O günləri yaxşı xatırlayıram. Ən çox da Sizin xalqımıza qələbə xəbərlərini çatdırdığınız günləri. O günlər xalqımızın tarixində daim yaşayacaq. Sizin də dəfələrlə qeyd etdiyiniz kimi, Azərbaycan tarixində belə Qələbə olmamışdır. Sizin rəhbərliyinizlə ordumuz bütün dünyaya öz gücünü göstərdi. Azərbaycan qalib gəldi, möhtəşəm Qələbə əldə etdi. Düşmənə vurduğumuz zərbə heç vaxt onun yadından çıxmayacaq. Çətin ki, onlar bir daha ayağa qalxsın. Biz təkcə qalib gəlmədik, eyni zamanda, müasir hərb tarixinə misilsiz döyüş peşəkarlığı həkk etdik.

Cənab Prezident, biz bu gün sevinirik, fərəhlənirik. Ona görə ki, Sizin bizə göstərdiyiniz böyük qayğının bir daha şahidi oluruq. Şəhid ailələri, qazilər mənzillə təmin olundular. Həmçinin qazilərimizə minik avtomobilləri hədiyyə etdiniz. Sizin Sərəncamınızla hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar bir daha yüksək qiymətləndirilərək Vətən Müharibəsi Qəhrəmanları və onların ailələri mənzillərlə təmin olunurlar. Mən ehtiyatda olmağıma baxmayaraq, daim Sizin tapşırığınızı yerinə yetirməyə hazıram. Azərbaycan xalqı Sizinlə daim yeni zəfərlərə imza atacaq. Çox sağ olun".

Dövlətimizin başçısı və Birinci xanım tədbir iştirakçıları ilə söhbət etdilər.

Prezident İlham Əliyev: Oğlunuzun neçə yaşı var idi?

Şəhid atası: 20 yaşı.

Prezident İlham Əliyev: Harada həlak olub?

Şəhid atası: Könüllü getmişdi, Xocavənddə.

Prezident İlham Əliyev: Müharibənin son günündə.

Şəhid atası: İki saat qalmış. Qismət belə imiş. Vətən sağ olsun.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Sən harada döyüşmüsən?

Vətən Müharibəsi Qəhrəmanı Nail Həsənov: Cənab Ali Baş Komandan, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Kəlbəcərdən başlamış Şuşanın alınmasına qədər.

Prezident İlham Əliyev: Şuşanın alınmasında iştirak etmisən?

Nail Həsənov: Şuşanın alınmasında üç tabordan birinin komandiri olmuşam.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Nail Həsənov: Sağ olun, minnətdarlığımı bildirirəm.

Vətən müharibəsi qazisi İsa Şabanov: Suqovuşan, Ağdam, Tərtər istiqamətlərində, Murovdağda bir çox yüksəkliklər uğrunda döyüşlərdə iştirak etmişəm.

Prezident İlham Əliyev: Harada yaralanmısan?

İsa Şabanov: Ağdərə istiqamətində minaya düşmüşəm. Protez qoyulub.

Prezident İlham Əliyev: Normaldır?

İsa Şabanov: Bəli.

Prezident İlham Əliyev: Problem yoxdur?

İsa Şabanov: Xeyr, hər şey qaydasındadır.

Prezident İlham Əliyev: Sən harada yaralanmısan?

Ehtiyatda olan polkovnik-leytenant Ehtiram Məmmədov: Cənab Ali Baş Komandan, iki dəfə yaralanmışam. Bir dəfə Füzulidə Alxanlıda, bir dəfə isə Daşaltıda.

Prezident İlham Əliyev: Daşaltı əməliyyatında da iştirak etmisən?

Ehtiram Məmmədov: Bəli.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Qələbə üçün canını, balasını fəda edənlərin yerləşdiyi Ruh Ucalığına baxın, papağınız başınızdan düşər, əlbəttə, varsa! Qarabağda Azərbaycan qanunlarının yerləşdirilməsi qısamüddətli işin hədəfi deyil. Bu vaxt aparacaq. 30 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən, dağıdıcılıqla, pozuculuqla, xəyanətlə, təslimçiliklə adı paralel keçən qaragüruh və onun kərimlisinin, qəmbərinin, hacısının, gültəkin bacısının beyinaltısına dövlət qanunlarını yeritmək bu qədər çətindirsə, ermənilərin Azərbaycan vətəndaşlığını rahathülqumluqla qəbul edəcəyinə inanmaq sadədillik olardı. Amma proses gedir. Əgər Ermənistan Azərbaycan dediyini deməyə başlayıbsa, ardı da olacaq:

Hətta Paşinyan belə tarixi Azərbaycan adlarını azərbaycanca deyirsə, bu artıq, kapitulyasiyanın təhtəlşüura, dilaltına, dilarxasına işləməsidir. Və bütün bunlardan sonra da ermənidən artıq erməni olmaq meylləri qaragüruhda qalırsa bu gen məsələsidir. Dost dosta tən gərəy-i bilirdik, düşmənə isə gen gərək. Genetik kodla bağlı olmaq gərək. Axı biz unutmamalıyıq ki, Şuşa, Laçın, Kəlbəcər məğlubiyyəti təkcə Müsavat-AXC cütlüyünün fəaliyyətinin nəticəsi deyil, həm də bu cütlüyün Koçaryanla, Sarqsyanla rəmzi şəriklik, müştərəkliyinin yekunudur. Ona görə də qələbəmiz həm Koçaryanda, həm Sarqsyanda, həm də 1992-ci ildə bir il hakimiyyətdə olmuş səriştəsiz, fərsiz, məsuliyyətsiz həvəskarlar korpusunda qıcıq yaradır. Və elə burdaca beşinci kalon məsələsi ortaya çıxır. Bu ifadənin tarixinə ekskurs etməyəcəm. Fərqli situasiyalarda paralellər bəzən heç yerinə düşmür. Amma bir yanlışa mütləq düzəliş verməliyik. Beşinci kalon qaragüruh başçıların iddia etdiyi və bizim bəzi qara media tribunlarının yönləndirdiyi yerdə deyil. Beşinci kalon məhz qaragüruhu idarə edən bir ovucun bağlı olduğu başlardır. Bu yaxınlarda tanınmış sosial şəbəkə istifadəçisi Ərəstun Oruclu adlının bir yazısını oxudum. Əvvəlcə onu deyim ki, Oruclunun çıxışlarını əksər hallarda bölüşmürəm, yanaşma tərzini, mövqeyini bəyənmirəm, mənə hakimiyyətə qarşı ifrat qəzəb və qərəz nöqtəsindən danışan birisi təsiri bağışlayır. Amma son yazısında 5-ci kalonla bağlı fikirləri arasından mənə yaxın olan bəzi hissələr diqqətimi çəkdi:

"5-ci kolonun" bugünkü əsas fəaliyyət istiqamətlərindən biri də təxribat xarakterli informasiyaların və dezinformasiyaların yayılmasıdır. Məsələn, 44-günlük müharibənin guya Rusiya ilə razılaşdırılması barədə şaiyələr və ya bu gün Azərbaycanla Rusiya arasında yaşanan gərginliyin "razılaşdırılmış oyun" olması iddiaları. Hər iki halda qarşıya bir neçə məqsəd qoyulur: orduya etimadsızlıq, cəmiyyətdə inamsızlığın artırılması, vətəndaşların aldadılması və son nəticədə insanlarda özgüvən hissinin dağıdılması, xalqa, yəni ölkədə yaşayan insanlara onların heç nəyə qadir olmamasının aşılanması. Son nəticədə isə cəmiyyətdə acizlik hissinin və təslimçilik əhvalının yaradılması. Halbuki, 44-günlük müharibədə Azərbaycan hərbi qələbəyə 3 mindən çox şəhid verməklə nail olub. Müqayisə üçün deyim ki, SSRİ Əfqanıstan müharibəsində təxminən 9 il 2 ay ərzində 15 min nəfərədək itki vermişdi. Bizim müharibə ilə paralel apardıqda bu itki azı 227 min nəfər olmalı idi. Deməli, həmin iddialar da yalandır.

Statusun məhz bu yeriylə razılaşmamaq olmur. Və eyni zamanda bu xətti sosial şəbəkələrdə, eləcə də metrikasız yayımlarda, onlara bəzən internet tv-lər də deyirlər, tirajlayanların da ipinin qaragüruhun şəhadət barmağına bağlandığı göz önündədir. Hər dəfə biz qaragüruhdan danışanda, yuxusundan muncuq tapdığına sevinən, “xan adımı çəkdi!” deyə fərəhlənən ünvan sahiblərinə növbəti dəfə deməliyik ki, onların adı iqtidara real alternativ olduqlarına görə çəkilmir. Məsələn biz Əli Kərimli, İsa Qəmbər, Arif Hacı, Əli Əliyev və onların taykeşlərindən danışanda ən yaxın tariximizdən məlumatlı olmayanlara informasiya veririk. Bu gün bu adamların boşboğazlığına inana biləcək az-çox yeniyetmə, gənc reallıqdan xəbərdar olsun. Öz gələcəklərini cəmiyyətə faydalı bir işin peşinə etibar etsin. Bu dəfə də beşinci kalon mövzusunu qaragüruhsuz, yəni ilk növbədə kərimlisiz işləyə bilməyəcəiyik. Çünki Ərəstun Məcidlinin haqlı olaraq qeyd etdiyi bu cizgilər Kərimli və onun güruhunun fotorobotunu mükəmməl təqdim edir. "5-ci kolon"a xas təxribat xarakterli informasiyalar və dezinformasiyalar, 44-günlük müharibənin guya Rusiya ilə razılaşdırılması barədə şaiyələr və ya bu gün Azərbaycanla Rusiya arasında yaşanan gərginliyin "razılaşdırılmış oyun" olması barədə iddialar məhz qaragüruhun, onu yönəldən Kərimlinin əl işidir. Orduya etimadsızlıq, cəmiyyətdə inamsızlığın artırılması, vətəndaşların aldadılması və son nəticədə insanlarda özgüvən hissinin dağıdılması, xalqa, yəni ölkədə yaşayan insanlara onların heç nəyə qadir olmamasının aşılanması, son nəticədə isə cəmiyyətdə acizlik hissinin və təslimçilik əhvalının yaradılması Kərimli və bir ovuc ətrafının yaydığı viruslardır. Əli Kərimlinin müavini Seymur Həziyə məxsus “Rusiya ilə gərginliyin bir danışıqlı döyüş olduğu”barədə sitat da yerinə düşür. Beşinci kalon yerinə yəni. Beləliklə məhz Əli Kərimli, Seymur Həzi, bir sözlə AXCP və Milli Şura adlandırdıqları qurum 44 günlük Vətən müharibəsinin Rusiya ilə razılaşdırılması barədə şayələr yazırlar, yayırlar. Məncə, Ərəstun Hacılı məhz bu fraqmentdə haqlıdır. Beşinci kalonun Əli Kərimli və güruhu olduğu qənaətini təsdiqlədiyi fikirlərdə. 44 günlük müharibədə xalqın, müzəffər Ali Baş Komandan İlham Əliyevin, onun yenilməz döyüşçüsünün qazandığı tarixi uğuru gözdən salmağa çalışan da, qələbəni danışılmış oyun məqamına qədər alçaltmağa çalışan da, öz siyasi hikkəsinə Türkiyənin, Pakistanın Azərbaycana verdiyi siyasi dəstəyi belə ləyaqətdən kənarcasına qurban verən və bununla da əsas müttəfiqlərimizin üzərinə gedən də Azərbaycan xalqının əlindən zəfəri qapmaq istəyən Əli Kərimli, İsa Qənbər, Əli Əliyev və onlar kimi oyuncaq müxalifət vahidləridir. Məsələn, ASAN və DOST xidmətində işləməyə intellekti çatmayanlar düşünməlidir ki, Taliban ölkədə rəhbərliyə gəlib bir Kabil hava limanını idarə etməyə siyasi dərrakəsi yol vermir. Türkiyədən, Qətərdən kömək istəyir. Biz bir təhlükəli məqama da diqqət yetirməliyik. Məsələn, son zamanlar qaragüruhun daha bir öndə gedəni Əli Əliyev təhlükəli driblinqlər edir. Adətən belə avantüristləri ciddi cəmiyyətlər qəbul etmir. Elə bu gün Azərbaycan cəmiyyətində də VİP adlı viaypi adamının əslində siyasətin podvalından uzağa getmədiyi çoxuna bəllidir. Sadəcə Əlini, Vəlini, Pirvəlini, ikisi ondan irəlini, pambıq atan qoz satan, rəhmətlik sənin atan qaravəllilərinin qara qəhrəmanlarını tanımayanların aldanmaq riski olduğundan bu adam üzərində dayanmaq istədim. Dünya COVİD-19-la ölüm-dirim mübarizəsinə qalxıb. Tibb Universitetinin hansısa nəyinin hansısa nəyində həkimvari kimi portfel gəzdirən bu dayaz nağılçı məsuliyyətsizcəsinə peyvəndə qarşı çıxır:

Xəstəliyin yüksək dinamikası, ölənlərin sayının rekord həddə çatması fonunda Azərbaycan dövlətinin peyvənd kursu Qarabağ müharibəsində nümayiş etdirilən dövlət iradəsinin bir başqa şəklidir. Səhiyyə nazirinin səlahiyyətlərini həyata keçirən Teymur Musayev REAL-a müsahibəsində belə demişdi:

Və Əli Əliyevin həkim formatı, nominal olsa da, formal olsa da, onu başqa anti vaksinlərdən daha təhlükəli edir. Bir var bunu zootexnik Əli Əliyev desin, bir də var Tibb Universitetinin hansısa nəyininsə nəyi:

Bütün siyasi mövcudluğu populizm üzərində qurulmuş Əli Əliyevin peyvənd əleyhinə, xüsusilə bu günlər koronavirusun Azərbaycanda rekordlar qırdığı bir vaxtda etdiyi çıxışlar müayinə olunmalıdır. Əli Əliyev özü müayinə olunmalıdır. Onun belə məsuliyyətsiz çıxışlarına qulaq asıb xəstələnən, bəlkə elə bu saat reanimasiyada süni nəfəs aparatına qoşulan pasientlər, bəlkə elə bu dəqiqə vəfat edən Əli qurbanları ola bilər. Sosial şəbəkələrin yaratdığı basməmmədi efir-üfür mühiti belə ağız qəhrəmanlarını əlçatan etməklə, onları daha təhlükəli personaja çevirir. Əli Əliyev bu halında COVİD-19 qədər təhlükə yayır. Xüsusilə Ümumdünya Səhiyyə təşkilatı pandemiyanın yeni mərhələsi ərəfəsində həyəcan təbili çaldığı dövrdə. Elə bu yerdə Media haqqında qanuna toxunaq. Media tariximizin ən mükəmməl qanununun qəbul olunması yeni planetar şəraitdə Azərbaycanın hələ də köhnə, qocafəndi düsturlarla işləməkdə olan damaq şaqqıldaqlarına öz yerini göstərməlidir. Mən şəxsən bir peşəkar kimi o qanunu səbrsizliklə gözləyirəm. Bu qanun Azərbaycana görə hər birimizin daşıyacağı fərdi məsuliyyəti, media cavabdehliyini yoluna qoymalıdır. Yeri gəlmişkən, hörmətli həmkarlarım, yadınızdan deyəsən çıxıb axı, Azərbaycanda bu il həm də Nizami ilidir. Nizami nə demişdi:

Sənətini bilənlər, ən uca dağdan uca, Bu işıqlı zirvəni kimlər alçaltdı bunca?!”:

Və ya Nə çarə bacarmırsan, oxumağı, yazmağı, Barı qələm ucu yon, barı bacar pozmağı! Bəlkə Nizamiyə qulaq asaq, qələm ucu yonaq, pozaq. Yazmayaq. Yalan yazmaqdansa.